Modern.az

“Bir Elin Manifesti” - Köç...

“Bir Elin Manifesti” - Köç...

Qərbi Azərbaycan

10 Sentyabr 2025, 09:10

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

 

1975-ci il.

İcevan rayonu Hərbi Komissarlığı.

O vaxtlar “zbor” deyilən bir hərbi təlim forması var idi.45 günlük,bəzən də 2 aylıq çağırış edirdilər. Bu çağırışlara rayonun meşə təsərrufatı idarəsinin rəis müavini Bayramov daha çox cəlb olunurdu.

 Kapitan Bayramov ZİL-130 yük maşınına yaxınlaşdı və onun sərəncamına verilmiş iki nəfər zabitə kuzovda oturmalarını əmr etdi. Subordinasiyaya görə Bayramov onlardan rütbəcə yüksək olduğundan kabinədə oturmalı idi. Yük maşını nərildəyib yerindən dartındı və ağır-ağır Hərbi Komissarlığın həyətindən çıxdı. Maşını idarə edən erməni proporşikin narazılığı açıq aydın  onun sifətindən oxunurdu. Hərbidə rusca danışırdılar. Buna baxmayaraq, Bayramov ondan ermənicə soruşdu:

-Maşında bir nasazlıq yoxdur ki?. Biz saat 6-ya Dilicandakı hərbi hissəyə çatmalıyıq.

-Yox- dedi proporşik.                                                 

Bayramov komandir olduğunu,bütün məsuliyyətin onun üstündə olduğunu proporşikə xatırlatmaq üçün dedi:

-Yoldaş proporşik,biz hal hazırda hərbçiyik və hərbi qaydada cavab verin.

-Tamamilə doğrudur,yoldaş kapitan. Avtomobilimizdə bir nasazlıq yoxdur. Benzin doldurulmuşdur. Yağ və su ehtiyatı götürülmüşdür.

 İcevan və Dilican şəhərləri arasında məsafə 45-50km olardı. Bu yol Bayramovun doğma kəndi Haqqıxlının yaxınlığından keçirdi. Akstafa çayı boyunca uzanan yol Haqqıxlının Qarıncalı ərazisində iki yerı ayrılırdı. Hərbi Gürcüstan yolu kimi tanınan bu yola indi Bakı İrəvan,Tiflis İrəvan yolu deyilirdi. May ayı idi. Ağaclar artıq yarpaqlamışdı. Hər tərəf yamyaşıl idi. Bu ərazilər kolxozun qoruq yerləri olduğundan aşağılara ,yəni yolun kənarına mal heyvan buraxılmazdı. Həm də axşama yaxın olduğundan hamı ev eşiyinə yığılırdı . Şose yolunun yaxınlığında kimsə yox idi. Yalnız yoldan keçən maşınlar hər iki istiqamətə hərəkət edirdilər. Hərbi avtomobil Haqqıxlının köhnə qəbirstanlığı ərazisinə çatanda maşının kuzovunun siqnal işığı yandı və səs siqnalı qoşuldu. Proporşik Bayramovun üzünə baxdı.O:

-Saxla-dedi. Özü də cəld qapını açıb yerə düşdü.Maşının arxasına gəldikdə həkimin və digər zabitin-taxta zavodunun işçisini artıq yerdə gördü. Hər ikisi baş leytenant idi. Həkim bir qədər cüssəli və güclü görünürdü. Elə o biri də atletik bədənli cavan oğlan idi. Hər ikisi 28-30 yaşlarında ancaq olardı. Bayramovun isə 38 yaşı var idi. Həkim:

-Mne po nujde nado (Yana getmək istəyirəm) deyə donquldandı və yolu keçib çaya tərəf getdi. İkinci zabit isə gülümsünıərək:

-Yoldaş kapitan neçə ildi bu idarədə işləyirsiniz?

-10 ildi,nədiki?

-Heç deyirəm cavanlar gəlir işsiz qalır,və ya başqa rayonlara göndərirlər. Evləri İcevanda özləri Berddə işləyirlər.

-Nə demək istəyirsən,işdən şıxıb gedək?

-Yox,onu demək istəmədim,yoldaş kapitan! Çıxın gedin deyə bilmərəm. Amma sizin yerinizə olsam çıxıb gedərəm Azərbaycana. Ermənistandan Azərbaycana inqilabdan sonra da köçlər olub. Partiyamız düzgün qərar çıxarıblar. Hərə öz respublikasında yaşasa yaxşıdı. 1948-53-cü illərdə köçüb getdilər,pismi yaşayırlar?!

 Bayramov ona:

-Yoldaş leytenant, sən bilirsənmi ,mən buradan yuxarıdakı Haqqıxlı kəndindənəm. Hansı ki,1828-ci ildə sizləri Qarabağa və indiki Ermənistana köçürəndə mənim ulu babam ,indi onun adını mənim atam daşıyır, Sayufsul oğlu Məmməd qışı burada keçirib və burada daimi məskunlaşıb ki,sizin İrandan köçürülənləriniz bizimkilərin evini damını söküb dağıtmasın.

-Bilirik,yoldaş kapitan,sənin ulu babanı yaxşı tanıyırıq.

 Bayramov başından küt bir zərbə dəydiyi hiss etdi. İri bir payanın yarısı onun başında sınıb önünə düşdü. Alnından isti bir şeyin axdığını hiss edəndə artıq yerdə idi və hər üç erməni onu iri əsgər çəkmələri ilə təpikləyirdilər. O bir təhər ayağa qalxmaq istədi. Amma mümkün olmadı. Proporşik onun ayağında çəkib yenidən yerə yıxdı. Həkim isə:

-Şanvorti (köpəkoğlu) türk kabinkada gedəcək,erməni də kuzovda?! Al payını – deyərək başına ağır əsgər çəkmələriylə ağır zərbələr endirməyə davam edti. Artıq Bayramovun sirsifəti qan içində idi,bir neçə yerdən parçalanmışdı. Ermənilər bir anlığa dayandılar. Bəlkə ölüb? Həkim yaxınlaşıb ona tərəf əyildi və bu an Bayramov onun yaxasından tutub yolun kənarından aşağı yuvarladı. Özü isə onun dalınca otura dura qaçmağa başladı. Həkimin üstünə deyil yanından keçib kəndə tərəf ,yuxarı meşəliyə doğru qaçmağa davam elədi. O biri iki erməni yerdən daş götürüb Bayramovun arxasınca atdılar. Amma Bayramov çoxdan dəmirqara ağaclarının arasında yox olmuşdu. Erməni zabitləri və proporşik bir birinə baxa baxa qaldılar. Dərədən çıxan baş leytenant, həkim şok olmuşdu ki,kapitan onun əlindən necə çıxıb qaça bildi. Həkim özündən çox razı ,idmançı olmağıyla həmişə lovğalanan bir adam idi.

 Bayramov bir xeyli aralanandan sonra yarpaqların arasından onları müşahidə etməyə başladə. Onlar bir qədər dayandılar və kapitana zərbə endirdikləri yeri diqqətlə araşdırdılar. Bir iki yerdə yerə qan damşıları düşüb to-torpaqla qarışmışdı. Hər ehtimala qarşı onlar həmin yeri ayaqları ilə ətrafa ,yana dağıtdılar. Bir dəqiqədən sonra ağır yük maşını yerindən tərpəndi.

 Günün qulağı əyilib getmişdi. Yarpaqlar arasından günün şüaları artıq qırmızımtıl şəklə düşmüşdü. Günəşin özü isə böyük görünürdü. Bu axşamın düşdüyünü göstərirdi. Bayramov meşənin içi ilə bir qədər də yuxarı qalxdı və iri bir dəmirqaranın altında oturub,kürəyini ağaca söykədi.Dəmirqara meşədəki böyük ağaclarla müqayisədə çox kiçik görünürdü. Amma dəmirqara möhkəm ağacdı.

 Bu ətraflarda bulaq, axar su yox idi. Kapitan Bayramovüz gözünü yuyub təmizləmək üşün kəndə evə qayıtmalı idi. Hekayəmizin əvvəlində qeyd etdiyimiz kimi İcevandan Dilicana gedən yol Haqqıxlı kəndinin 4-5 kilometrliyindən keçirdi. Erməni zabitləri də bu pis niyyətləri həyata keçirmək üçün yolun həmin kəndin ərazisindən keçən hissəsini planlaşdırmışdılar. Onlar törətdikləri bu hadisə tribunala verilməli idi. Rütbəcə özündən böyük zabitə əl qaldırmaq azından 12-15 il azadlıqdan məhrumetmə cəzası verilə bilərdi.Böyük Vətən maharibəsində isə bu cinayətin cəzası birmənalı şəkildə güllələnmə idi. Bayramov çox düşündü,daşındı və nəıticəni tamamilə kənddən köçüb Azərbaycana getməyi qərara aldı. Çünki bu ona qarşı törədilən birinci hadisə deyildi. O bilirdi ki,bir gün onu meşədə,yolda ,nəqliyyatda ,haradasa aradan götürəcəklər.

 Səhərisi o başdan saat 5-dən Bayramov hərbi paltarı da götürüb rayon hərbi komissarlığına gəldi və hərbi komissarın qəbuluna girmək istədiyini bildirdi. Növbətçi kapitanın parçalanmış,göyərmiş sifətini görəndə çox narahat olmağa başladı. Ona hər cür kömək olacağını ,yardı ediləcəyini dönə dönə söz verərək hərbi komissarın qəbuluna girməməsini,şikayət etməməsini xahiış edirdi. Kapitan Bayramov isə qəbula getməkdə israrlı idi. Hərbi komissarlıq bir birinə dəymişdi. Elə bil Bayramova qayrşı yol verilən bu cinayəti komissarlıqda hamı bilirdi.

 O hərbi komissarın qəbuluna girdi və rus dilində məruzə şəklində deyil ,sadəıcə mürüciət şəklində söylədi ki,buyurun bu sizin mənə verdiyiniz paltar. Mən hərbi təlimdən imtina edirəm.

-Yoldaş kapitan,hərbi çağırışdan imtinanın nə olduğunu yəqinki bilirsiniz.

-Bəli bilirəm,yoldaş mayor, rütbəcə özündən yüksək olan zabitə əl qaldırmağın da hərbi tribunalda araşdırıldığını bilirəm. Gəlin,bir birimizi incitməyək. Mənim sənədlərimi verin, gedim.

-Mən sizə kömək edəcəyəm. Bir aydan sonra gəlin. Sizin sənədlər Dilicanda n saylı hərbi hissədədi. Bir aya gələcək. Amma bir şey mənə maraqlıdı siz mənə hadisəni danışmaq istəmirsiniz. Danışın görüm necə olub.

 Bayramov hadisəni olduğu kimi danışdı. Komissar bir iki sual verdi. Suallardan görünürdü ki, Bayramovda nəsə bir günah,bir təqsir tapmağa çalışır. Sonda dedi:

-Bir raport yazın, mən onları elə bu dəqiqə hərbi tribunala verim.

-Yoldaş mayor,mənasız söhbətlər edirik. İş tribunala da getsə , nəticəsi məlumdu. Heç onları dindirən də olmayacaq.

   Bir ay sonra kəndə xəbər yayıldı ki,Bayramoğlu Məhəmməd mal-qarasını ,davarlarını , hamısını ət hazırlığı idarəsinə satır və işdən də çıxıb. Azərbaycana getmək istəyir. Hamı məətəl qalmışdı,rayonda o cür vəzifəsi olan,evi,eşiyi,malı dövləti başından aşan bu adama birdən nooldu ki,çıxıb gedir.?

 Zakir müəllim Haqqıxlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirdi. Bir gün məktəbdən gedən Zakir müəllim eşitdi ki, rayondan Bayramovun malqarasını ət hazırlığına almağa bir neçə maşın gəlib. Birinci dərsini bitirib evə getmək istəyirdi. Bir də dərsi ikinci növbə olacaqdı. O bir anlığa dayandı və uzun-uzadı fikirə daldı. Əlindəki dəftəri -dərs proqramını ikiyə qatlayıb pencəyinin iş cibinə qoydu və geri Haravaaşana- maşınların heyvanları yüklədiyi yerə tələsdi. Zakir müəllim hündür iri cüssəli ağır çəkili bir adam aidi. O Haravaaşana çatanda  artıq heyvanları maşına yükləyirdilər. Zakir müəllim heyvanları maşına yükləməklə məşğul olan Bayramova baxdı və gözləri doldu. Bir kəlmə ilə onu kənara çağrdı:

-A Məhəmməd,bir bəri dursana... Sənə sözüm var.

Bayramov ona yaxınlaşdı. Onlar bir birinin əlini sıxdılar. Zakir müəllim:

-A Məhəmməd ,niyə gedirsən?

-A Zakir müəllim, idarədə təkəm,bacarmıram.

-Bayramov,bu eli obanı sənin baban salıb,yayalaqlarımızı gəlmələrdən qorumaq üçün malından ,varından,canından keçib. Onun varisi ,sən gedirsənsə, onda bu çox çəkməz.

Onların arasında olan bu qısa danışıqda çox böyük mənalar dururdu.

Beləcə bir vətən evladının da yurduna yuvasına su salıb ,ata babasının odundan ocağından ayırıb vətənindən didərgin saldılar. Bu siyasət erməni xislətinin illər uzunu Azərbaycan türklərinə qarşı apardığı mənfur deportasiya siyasətinin davamı idi.

Hekayələrin süjeti kəndimizdə yaşamış şahidlərin və hadisələri özündən əvvəlkilərdən eşitmiş həmkəndlilərimin söylədiklərindən götürülmüş real hadisələrə əsaslanmışdır.

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?