Ötən gün Qətərdə İsrailin hücumuna məruz qalan HƏMAS liderlərini Türkiyə kəşfiyyatı xilas edib.
Modern.az-ın məlumatına görə, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdə HƏMAS nümayəndə heyətinə İsrailin mümkün hücumu barədə öncədən xəbərdarlıq edib.
Məlumata görə, MİT-in xəbərdarlığından sonra təhlükəsizlik tədbirləri gücləndirilib və nəticədə HƏMAS-ın yüksək səviyyəli üzvlərinin çoxu xilas ola bilib.
Xatırladaq ki, ötən gün İsrail təyyarələri Qətərə zərbələr endirib. Əsas hədəf Dohada yerləşən HƏMAS nümayəndələri olub. Hücum nəticəsində bir neçə nəfər, o cümlədən HƏMAS-ın Qəzzadakı liderlərdən birinin rəsmi nümaəndəsi Cihad Labed və HƏMAS lideri Xalil əl-Hayyanın oğlu Həmmam həlak olub.
Qətər Xarici İşlər Nazirliyi bildirib ki, zərbələr bir neçə HƏMAS rəsmisinin yaşadığı evlərə dəyib. Əvvəlcə bəzi mənbələr Xalil əl-Hayya və HƏMAS-ın siyasi büro rəhbəri Xalid Məşəlin öldüyünü iddia etsə də, sonradan bu məlumat təkzib edilib.
Hücuma görə İsrail tənqid olunub. Avropa İttifaqı, Böyük Britaniya və Kanada əməliyyatı pisləyiblər. Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani isə Benyamin Netanyahunu beynəlxalq hüququ pozmaqda ittiham edib.
ABŞ prezidenti Donald Tramp hücumu “üzücü hadisə” kimi dəyərləndirsə də, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bunu “sülh üçün fürsətə çevrilə biləcək hadisə” adlandırıb.
İsrail hökuməti isə əməliyyata “Od Sammiti” adını verib və qərarın Yerusalimdə baş vermiş, altı nəfərin ölümü ilə nəticələnən terror aktından sonra qəbul edildiyini açıqlayıb.
Elnur Əmirov