Modern.az

Krım həm də Qırım deməkdir

Krım həm də Qırım deməkdir

10 Mart 2014, 12:42

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


Putin Rusiyanın imperiya dövləti olduğunu artıq gizlədə bilmir

Tarixi mənbələrə nəzər salanda görürük ki, Krım sözü türkcədən - Qırım, yəni qırmaq, öldürmək, məhv etmək deməkdir. Qırım sözünü həm də əhval, görkəm, duruş kimi də başa düşmək olar. Məsələn, filankəsin “qırımından” görünür ki vəziyyəti yaxşıdır.

Tarixən Krım uğrunda çoxlu sayda müharibələr olub. Əgər bu müharibələrin sayını nəzərə alsaq, Qara və Azov dənizlərinin suyunun tərkibində nə qədər insan qanının olduğunu təsəvvür etmək heç də çətin olmaz. 1853-1856-cı illərdə Rusiya və Osmanlı Türkiyəsi arasında baş vermiş Krım müharibəsini nəzərdən keçirəndə isə görürük ki, Böyük Britaniya, Fransa və Sardiniya krallığı Türkiyəyə dəstək olaraq Rusiyanı məğlub etmişlər.   

Rusiyanın hazırkı durumu o müharibəyə qismən oxşar olsa da, zənnimcə müharibə başlasa bu dəfə onun üçün daha çətin olacaq. Çünki indi öz ambisiyası üzündən Rusiya, Krım tatarlarının tərəfini saxlayan təkcə Türkiyə və ya öz ərazi bütövlüyünün pozulmasını istəməyən Ukrayna ilə deyil, həm bütün Avropa, həm də Qərb ilə üz-üzə gəlməkdədir.

Bütün bu baş verənlər heç də Rusiyanın qeyd etdiyi kimi Ukraynada yaşayan soydaşlarının maraqlarını müdafiə etmək üçün atılan addımlar deyil,  sadəcə olaraq Putin Rusiyanın imperiya dövləti olduğunu artıq gizlədə bilmir, əksinə o bunu açıq-aşkar nümayiş etdirir.

SSRİ-nin sələfi sayılan Rusiya ondan “ayrılmaq” istəyən respublikaların heç birini xeyir-dua ilə yola salmayıb, əksinə onları ciddi problemlərlə üz-üzə və seçim qarşısında qoyub. Azərbaycanı Dağlıq Qarabağla, Gürcüstanı Abxaziya və Osetiya ilə, Moldovanı Dnestryanı problemlə, Orta Asiya Respublikalarını bir-birinə qarşı kiçik ərazi iddiaları və ölkədaxili siyasi çəkişmələri ilə, Belarusiyanı iqtisadi təpki ilə sanki məngənəyə salıb sıxışdırır. Ona qarşı kim özünü yaxşı aparırsa məngənəni bir az boşaldır, kim “sözdən” çıxırsa onda daha da sıxışdırılır. Bu mənada Ermənistan haqda ümumiyyətlə heç danışmağa dəyməz. Çünki Rusiya başını qaşımaq üçün əlini onun əlindən buraxmış olsa, Ermənistan 1988-ci ildə Spitak və Leninakan batan kimi həmin dəqiqə batacaq.


Ukraynanı isə daim mavi qazla boğan Rusiyanın təbii qazının bol olmasına baxmayaraq, deyəsən artıq bu dəfə o işə yaramır. Görünür müasir dünyada təbii qazla başqalarının üstünə “qazlanmaqla” onları daha “qazlamaq” olmur. Odur ki Ukraynaya qarşı da Rusiya, öz siyasətinə xas olan “məngənə” prinsipini işə salır. Yəni Krım Muxtar Respublikasını Ukraynanın ərazisindən qoparıb öz ərazisinə qatmaqla onu sıxışdırıb cəzalandırmaq istəyir.    

İndi Rusiyanın Ukraynaya, daha dəqiq desək Krıma qoşun yeritməsinin səbəbinə gəldikdə isə, bunun nə qədər ucuz bir bəhanə olduğunu açıq-aydın görürük.

Baxın, güya Rusiya Ukraynada yaşayan rusları müdafiə etməkdən ötrü bu addımı atır. Maraqlıdır Rusiya Ukraynada yaşayan rusları kimdən qorumaq və ya müdafiə etmək istəyir ki, məgər onların yaşadığı müstəqil Ukraynanın Avropa yönümlü siyasət aparması və ya onun vətəndaşlarının Avropa dəyərləri ilə yaşamaq istəyi bu qədərmi təhlükəlidir? Bir zamanlar Ukrayna Rusiyadan aldığı təbii qazın pulunu gecikdirən kimi Rusiya hay-həşir salıb heç bir güzəştə getmədən ona verulən qazı kəsmirdimi? Məgər o zaman soyuqdan donan həmin Şərqi Ukraynada və ya elə bu Krımda yaşayan ruslar deyildimi? Yoxsa Rusiya anlamında Avropalılar kimi azad və demokratik yaşamaq istəyi soyuqdan donmaqdan daha təhlükəli hesab olunur? Maraqlıdır, bəs indi Rusiya o donmuşların müdafiəsinə hansı üzlə və ya hansı mənəvi haqla çıxır? Yoxsa güman edir ki artıq yaz gəldiyindən qar-buz əriyir, soyuqlar bitir?

Hər şey gün kimi aydındır, görünür Rusiya üçün istər Şərqi Ukraynada, istərsə də Krımda yaşayan və “özününkü” hesab etdiyi rusların soyuqdan donması olarmış, amma onların avropalılar kimi nəinki yaşaması heç düşünməsi belə yox. Bütün bunlar onu göstərir ki, Rusiya heç vaxt demokratik ölkə olmayıb, o sadəcə bir imperiyadır. Amma yaxşı olardı ki, Ukraynaya gələn bu “azadlıq baharının” gəlişindən Rusiyanın imperiya siyasəti tam olmasa da, heç olmasa bir az ərisin.

Çünki, rusların gözünün odunu almış Çingiz xan artıq yoxdur, ondan qorxmağa da dəyməz. Onun məzarından və ya cəsədindən xəbər olmasa da, “ruhu” bu günkü Rusiyada çoxdan əriyib.

Hazırda İranın uranı zənginləşdirmək iddiasının qarşısını almağa nail olan Qərb özünün tətbiq etdiyi kəsgin sanqsiyalarından məharətlə istifadə edərək istəyinə nail ola bilib. Bu kimi sanqsiyaların inadından dönmək istəməyən Rusiyaya qarşı da tətbiq ediləcəyini nəzərə alsaq, Ukraynanı “kraynı” vəziyyətə gətirən Rusiya güman edirəm ki, sonda məğlub duruma düşəcək.

Bu arada Krım tatarlarının qırımından görünür ki, onlar Kazanlı soydaşlarından fərqli olaraq Rusiyanın təbəsində yaşamaq istəmirlər. Bəs elə isə onlar Krım uğrunda bu dəfəki “Qırıma” mənən hazırdırlarmı? Rəsmi Kazan və ya Tatarstan Muxtar respublikası buna necə reaksiya verəcək? Yoxsa onlar çoxdan assimilyasiya olunaraq “ruhlarını” ruslara təslim ediblər? Bu və ya digər sualların cavabını Rusiyanın Tatar “sevgisi” fonunda yəqin ki ən yaxın zamanlarda biləcəyik.

P.S. Məlumunuz olsun ki Krım parlamenti Rusiyanın tərkibinə birləşmək üçün qərar qəbul edib və martın 16-da referendum keçiriləcək. Heç şübhəsiz ki qanun pozuntusu ilə baş tutacaq referendumun nəticəsi Rusiyanın xeyrinə olacaq. Biz isə Rusiya tərəfindən yaradılmış növbəti bir siyasi qarışıqlığın müşahidəçiləri olacağıq... 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir