Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarır. Qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.
Modern.az-ın məlumatına görə, Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının katibi Artur Hovanisyan parlament brifinqində məlumat verib.
Onun sözlərinə görə, bu qərar qonşu ölkələrə "təhlükəli mesajlar" göndərməmək məqsədi daşıyır. Hovanisyan bildirib ki, qərarın arxasında heç bir "qəribə niyyət" yoxdur və ona emosional yanaşmaq lazım deyil.
"Biz Ermənistan Respublikasına qarşı yanlış şərhlərin qarşısını almaq üçün bütün addımları atırıq. Simvollar, möhürlər və digər rəsmi elementlər yalnız dövlətçilik prinsipinə əsaslanmalıdır. Qonşu ölkələrlə münasibətlərimizdə Almatı Bəyannaməsinə əsaslanırıq və bu səbəbdən, istənilən rəsmi addım (möhür forması, bəyanat və s.) yanlış və təhlükəli mesajlar verməməlidir", - deyə Hovanisyan bildirib.
Qeyd edək ki, xəbərin yayılmasından sonra Ermənistan gerbindəki Ağrı dağı simvolunun da çıxarılacağı barədə iddialar səsləndirilib.
Hovanisyan isə Ağrı dağının Ermənistanın dövlət gerbindən çıxarılması ilə bağlı müzakirələrin olmadığını qeyd edib.