(Professor Aida xanım İmanquliyevanın anım gününə)
Tale mənə görkəmli alim, məşhur ərəbşünas, beynəlxalq aləmdə yaxşı tanınan nüfuzlu təqqiqatçı, son dərəcə qayğıkeş, nəcib insan professor Aida xanım İmanquliyeva kimi ülvi bir şəxsiyyətin aspirantı olmaq şərəfi bəxş edib. Onun elmi rəhbərliyi ilə təqiqat işi aparmaq mənim üçün bir ayrıcalıq idi. Elmi məsələlərdə çox tələbkar və prinsipial müəllim olan Aida xanım, ictimai həyatda olduqca qayğıkeş, nəvazişkar və xeyirxah bir insanşünas kimi həkk olunub yaddaşıma. Mənim aspiranturaya qəbul olunmağımda, dissertasiya yazmağımda onun çox böyük, əvəzsiz rolu olmuşdur. Aida xanımın anım gönündə onu qədirbilən oxuculara bir daha xatırlatmağı, bəzi məqamları təfərrüatlı şəkildə işıqlandırmağı, o mələk simalı parlaq şəxsiyyəti bir daha yad etməyi özümə mənəni borc bilirəm. Elə düşünürəm ki, hörmətli oxucular bu yazını anlayışla qarşılayarlar. Səmavi kitablardan qaynaqlanan inanca görə, əbədiyyət dünyasında insanların axirəti əməllərinə görə dəyərləndiriləcəkdir. Oxuduğum bir-iki kitaba istinadən zənn edirəm ki, xeyirxah əməl sahiblərinin hamısı Cənnət nemətləri ilə müjdələnmiş şəxsiyyətlərdir. İntəhasız qüdrət sahibi uca ALLAH bəşəriyyətin bu qəbildən olanlarına Behişt nəsib eləyib, onları peyğəmbərlərə, övliyalara qonşu yazıb, əbədi səadət məkanın məskunları olmağa layiq görüb. İnanıram ki, həmin cənnətməkanların ön sırasında unudulmaz Aida xanım İmanquliyeva da vardır.
Xeyirxah şəxsiyyət olan Aida xanım İmanquliyevadan söz düşəndə istər-istəməz keçən əsrin 80-ci illərinin oktyabr ayının əvvəlləri gəlir ağlıma: Şərqşünaslıq İnstitutunun “Asiya və Afrika xarici ölkə xalqları ədəbiyyatı” ixtisası üzrə aspiranturaya qəbul olunmaq üçün imtahandaydım. Cəmi bir yer uğrunda 3 iddiaçı yarışırdı. İddiaçıların kim olduğunu öyrənəndə məni ümidsizlik hissi bürümüşdü. Məndən yaşça iki-üç yaş böyük olan konkurentlərimlə eyni fakültədə oxuduğumdan onların gücünə yaxşı bələd idim. Onlar məndən öncə məzun olmuş və şəhərdə işə düzəlmişdilər. Mənsə kənddə işləyirdim və “ya tutarsa?” ümidi ilə imtahana gəlmişdim. Müəyyən olunan saatda bizim üçümüzü də imtahan salonuna dəvət etmişdilər. Akademik H. Araslının sədrlik etdiyi 6 nəfərlik imtahan komissiyası arasında bir xanım müəllim də vardı. Həmin xanım müəllim məşhur ərəbşünas alim Aida xanım İmanquliyeva idi. Komissiyanın sədri Həmid Araslı özünü və komissiya üzvlərini bizə təqdim etdikdən sonra “artıq söz-söhbətlərin olmaması və obyektivlik naminə sizi bir yerdə imtahan edəcəyik, necə cavab verdiyinizi hər biriniz bilsin” dedi. İddiaçıları əlifba sırası ilə sorğu-sual etdikləri üçün mən sonuncu olmuşdum. Yadımdadır ki, akad. H. Araslı məndən hansı mövzuda referat yazdığımı soruşmuşdu. Mən “Təsəvvüf şeirinin xüsusiyyətləri” cavabını verəndə Aida xanım “Bir təsəvvüf məzmunlu şeir nümunəsi söylə” buyurmuşdu. Mən də
Mən bilməz idim gizli, əyan həp sən imişsən
Tənlərdə və canlarda nihan həp sən imişsən.
Səndən bu cahan içrə nişan istər idim mən,
Ən son bunu bildim ki, cahan həp sən imişsən-
seirini söyləmişdim.
Aida xanıma söylədiyim şeir nümunəsi mənim üçün düşərli olmuşdu. Həmid müəllim, Böyükağa müəllim, Əkrəm müəllim, Aida xanım və təəssüf ki, indi adlarını unutduğum digər iki müəllim başlamışdılar maraqlı söhbət eləməyə, sufilikdən danışmağa. Mən və konkurentlərim böyük maraqla ustadları dinləmişdik. Xeyli söhbətdən sonra H. Araslı imtahan verənlərin koridora çıxıb gözləmələrini xahiş etmişdi. Hamımız koridora çıxmışdıq, az sonra bizi təkrar içəriyə dəvət etmişdilər. Həmid müəllim təntənəli şəkildə bildirmişdi ki, Aida xanım İmanquliyevanın təklifi ilə komissiya heyəti yekdilliklə bütün iddiaçılara “əla qiymət” yazmışdır. Bütün iddiaçılar kimi bu qərardan mən də çox sevinmişdim. Üç həftə sonra sevincimi məyusluq hissi bürümüşdü. Mən sonuncu olan xarici dil imtahanından digər konkurentdən bir bal aşağı qiymət almışdım. Pilləkəndə oturub qara-qara düşünürdüm: “Daha aspiranturaya girə bilməyəcəyəm, ALLAH bilir gələn il necə olacaq, bəxtimə çətin ki, bir də belə imkan düşər. Xarici dildən də 5 ala bilsəydim aspirant idim. Birdən bir nəvazişkar səs eşitmişdim:
- Pilləkəndə niyə oturmusan? Üstün- başın toz olacaq.
Aida xanım idi. Onun qayğıkeş rəftarı məni qəhərləndirdi:
- Aida xanım, sonuncu imtahandan 4 aldım, aspirantura xəyalım məhv oldu.
Aida xanım mənə ürək-dirək verdi:
- Ümidsiz olma. Hələ məlum deyil ki, sənin aspirantura ümidin doğrulmayıb. 2 həftə sonra bütün iddiaçılar Akademiyanın prezidənti akad. Həsən Abdullayevin qəbulunda olacaqlar. Əsas məsələ iddiaçının Həsən müəllimin qəbulunda özünü necə aparmasından asılıdır. Həsən müəllim iddiaçılara istənilən mövzuda sual verir. Onun sualına cavab verə bilməyənlər aspirant ola bilmirlər. Əgər o qəbulda sən yaxşı cavab verə bilsən, əminəm ki, konkurentindən 1 bal az toplasan da sən də aspiranturaya qəbul olarsan. Çalış o məqamda özünü itirmə, cəsarətli ol, orada təvazökarlıq işə keçmir.
Aida xanımın təsəlliverici sözləri, ürəyimə, əsl mənada, təpər oldu, öləziyən ümidimi alovlandırdı. Hadisələr nəcib insan Aida xanım İmanquliyevanın söylədiyi məcrada davam etdi. Akademiyanın 2-ci mərtəbəsindəki toplantı salonunda iddiaçıları qəbul edən akad. Həsən Abdullayev, gerçəkdən də, onlara seçdikləri ixtisasa uyğun gəlməyən qəribə suallar verirdi:
Gön ilə dərinin fərqi nədir? Çinar yarpağı şəklində olan ərazinin sahəsi necə hesablanır? Aşbaz ilə aşpaz sözü eynidirmi? Kant kimdir Kont kim? Azıxantrop hansı dildə danışıb? İtburnu sözünün əvəzinə hansı söz işlənsə yaxşıdır? Aslan şahın ariyasının ən yaxşı ifaçısı kimdir? vs.
Referent məndən bir bal çox toplamış konkurentimi mərhum akad. Həsən Abdullayevə təqdim edərkən “bütün imtahanlardan 5 alıb, 2 il xaricdə mütərcim kimi çalışıb” söyləyəndə Həsən müəllim gözlənilmədən o iddiaçıdan soruşdu ki “sən ərəb əlifbasını bilirsən?” Konkurentim təəccübünü gizlədə bilmədi: “Mən mütərcim işləmişəm.” Həsən müəllim də ona “təbaşiri götür, öz ad və familyanı lövhədə yaz” dedi. İddiaçı da çaşqınlıq içində öz ad və familyasını lövhədə yazdı. Həsən müəllim “indi də onları kiril əlifbası ilə yaz” dedi. İddiaçı öz ad- familyasını kiril əlifbası ilə də yazdı. Həsən müəllim yazıya baxıb üz- gözünü turşutdu: - Bu nə cür xətdir? Nə qədər gec deyil, get gecə kursuna yazıl, doğru-dürüst yazmağı öyrən.
Həsən müəllim birdən akad. Həmid Araslıya müraciət elədi:
- Həmid müəllim, Darabadi bunlara xəttat dərsi keçməyib?
Həmid müəllim də “yəqin o dərs keçiləndə bu cavan dərsdə olmayıb” cavabını verdi.
Həsən müəllimin referenti sonra məni təqdim elədi. Həyəcandan boğazım qurumuşdu. Həsən müəllim əvvəlcə məndən nə üçün xarici dildən 5 ala bilmədiyimi soruşdu. Dedim ki, qaydaya görə 5 almaq üçün xaricdə çap olunmuş 250 səhifəlik bir kitabdan 3 min işarəli bir mətni oxuyub tərcümə etmək lazımmış. Məndə elə kitab olmadığından dərslik materialları əsasında imtahan verdim. Həsən müəllim “Hənifə xanım, (xarici dil kafedrasının müdiri idi ) bu oğlana babat bir sual ver” söylədi. Hənifə xanım da “gerund və infinitivə aid nümunə söylə” dedi. Mən də bacardığım şəkildə cavab verəndə Həsən müəllim soruşdu ki, necə cavab verdi? Hənifə xanım da “babat” dedi. Həsən müəllim də “yəni, pis deyil”deyə yekunlaşdırdı. Həsən müəllim sonra qayıtdı ki, “sən yaz öz ad-familyanı lövhədə; görüm sən necə yazırsan?” Mən onun tələbini yerinə yetirdim. Həsən müəllim deyindi ki, “dəqiq elmlərdə yerlər dolmur, humanitarlarda iddiaçı bolluğu yaşanır. Sən niyə dəqiq elmlərdə oxumamısan? Yəqin riyaziyyatdan anlayışın yoxdur. Riyazi təfəkkürü olmayan tədqiqatçını apar tulla.” Həsən müəllim bu sözləri söyləyəndə, aspirant olmaq arzusu məndə bütün əndazəni aşdı və bu aşırı istək mənə Akademiyanın prezidentinə “mən orta məktəbdə oxuyanda ən çox sevdiyim fənn riyaziyyat idi” söyləmək cəsarəti verdi. Onda akad. H. Abdullayev təəccübünü gizlədə bilmədi:
- İndi sənə çox bəsit bir məsələ verəcəyəm. Həll eləsən aspirantsan: Bir su borusu hovuzu 3 saata, digəri isə 5 saata doldurur. İki boru birlikdə həmin hovuzu neçə saata doldurar?
Mən təbaşiri götürüb başladım danışmağa:
Əgər birinci su borusu hovuzu 3 saata doldurursa, onda 1 saata həmin hovuzun üçdə birini, digəri isə beşdə birini doldurmuş olur. İkisi bir yerdə isə hovuzu üçdə bir üstəgəl beşdə birin cəmi qədər doldurar. Müxtəlif məxrəcli adi kəsrlərdir, toplasaq hovuzun on beşdə səkkizi qədər su doldurduğunu taparıq. Nəzərə alsaq ki, hovuzun tamı on beşdə onbeşdir və 60 dəqiqəyə on beşdə səkkiz hissəsi dolub o zaman qalan on beşdə yeddi hissəsinin də neçə dəqiqəyə dolduğunu asanlıqla müəyyənləşdirə bilərik.
Həsən müəllim mənə məsələni axıradək həll eləməyə imkan vermədi:
- Bəsdir, riyaziyyatdan anlayışın varmış. Boş qalan yerlərdən birini Şərqşünaslıq İnstitutuna verərik, sən də aspirant olarsan. Əlbəttə, Şərqşünaslıq İnstitutunun direktoru Həmid Araslı etiraz etməzsə.
Həmid müəllim ayağa qalxaraq təqdiredici şəkildə öz fikrini bildirdi:
- Biz bu məsələ ilə bağlı yazacaqdıq, Siz bizi qabaqladınız.
ertəsi gün mən böyük sevinc hissi ilə bir gün öncəki hadisəni Aida xanıma danışdım, mənə göstərdiyi mənəvi dəstək üçün ona təşəkkür etdim. O da gülümsədi, “inşallah qəbul olunarsan” dedi.
Aida xanım elmi məsələlərdə çox prinsipial idi. Vaxtı məhdud olsa da rəhbərlik etdiyi tədqiqatçıları diqqətən qaçırmırdı. Mənə tapşırmışdı ki, hər 2 həftədən bir maksimum 10 dəqiqə iki həftə ərzində nə oxuduğum, nə yazıb- pozduğum haqqında ona məlumat verim. Onun Misir Ərəb Rəspublikasından, yanılmıramsa, adı Həmdan olan bir dissertantı vardı, bəzən o da mənimlə eyni saatda Aida xanımın yanına konsultasiyaya gələrdi. Hər dəfəsində də nə üçün hazırlıqsız gəldiyinə haqq qazandırmaq üçün bəhanələr uydururdu. Bir dəfə də Aida xanım “Həmdan, keçən dəfə niyə gəlməmişdin?” soruşanda misirli dissertant cavab verdi ki, saatı düz işləmədiyindən vaxtı səhv salıb, ona görə də gəlməyib. Aida xanım ciddi şəkildə ona “Həmdan, ya sən saatı dəyişirsən, ya da mən sənin adını dəyişirəm, olursan qovulmuş Həmdan - يا حمدان، إمّا أن تغيّر الساعة، وإمّا أن أغيّر اسمك، فتصبح حمدان المطرود - Ya Ḥəmdan, imma ən tuğəyyirə s-saətə və-imma ən uğəyyirə isməkə, fə-tuṣbiḥə Ḥəmdan əl-məṭrud.” dedi. O hadisədən sonra həmin dissertant özünü yığışdırdı. Bir dəfə də mən Aida xanıma aspirantların ümumrəspublika simpoziumunda edəcəyim çıxışın tezisləri barədə məlumat verəndə katibənin etirazlarına baxmayaraq İnstitutda yaxşı tanınan yaşlı bir alim içəriyə daxil oldu. Xüsusi bir qaydada salam verib başladı ki, Aida xanım, televiziya ilə ( o alim, “tilvizirlə” deyirdi) dünənki çıxışıma baxdınızmı? Gördünüz də necə danışdım?! “Failatun, failatun failun” təfilələrini “qələm pərdə, qələm pərdə, qələm dil”lə dəyişdirməyi təklif elədim. Tamaşaçılara da izah elədim ki, “mütrüf” sözü ərəb dilində musiqiçi mənasında işlənən “mutrəb” sözündəndir, Quranda da “mutrəb” sözü vadır. Sizcə, necə demişəm?
Aida xanım soyuqqanlı şəkildə həmin yaşlı müəllimə cavab verdi ki, “televiziya ilə çıxışınıza baxdım. Məncə, “qələm pərdə, qələm dil” təklifiniz qətiyyən “failatun, failatun failun” ölçüsünü əvəzləyə bilmir. “Mütrüf” sözü barədəki fikriniz də yanlışdır.
Yaşlı müəllim heyrətləndi:
- Niyə?
Aida xanım öz fikrini belə açıqladı:
- Ona görə ki, şeirdə uzun tələffüz edilən “a, u və i” səsləri sizin təklif etdiyiniz qəlibdə yoxdur. “Mütrüf” sözü isə “mutrəf” sözündəndir, “mutrəf— مترف “ sözü “sahib olduğu sərvətdən, nemətdən, zənginlikdən yolunu azmış, ALLAHı unutmuş; nankor, harınlamış, əyyaş, naşükür” mənalarında işlənmişdir. Məsələn, Səba surəsinin 34-cü ayəsi buna nümunədir. Ərəb mənşəli “mütrəf” sözü dilimizdə “mütrüf, mütrif” şəklini almışdır. Dilimizdə işlənən “mütrüf / mütrif” sözü ərəb dilində “musiqiçi, xanəndə; rəqqasə” anlamları bildirən “mutrəb— مطتب“ sözünün təhrif olunmuş variantının ehtimalı məntiqli görünsə də, “mütrəf” sözündən fərqli olaraq “mutrəb— مطرب “ sözü Qurani- kərimin heç bir ayəsində işlənməmişdir.
Hay-küylə içəriyə dəvətsiz girən yaşlı müəllim pərt halda kabinətdən çıxdı.
Aida xanım öz əməkdaşlarının və dissertantlarının sosial haqlarını imkanı daxilində qorumağı bacarırdı. Heç unutmuram, mən kirayədə yaşamaqdan bezərək illeqal şəkildə Akademiyanın Şərifzadə 12 ünvanında yerləşən, indi mövcud olmayan, ailəli aspirantlar yataqxanasına köçmüşdüm. Bir gün sonra bundan xəbər tutan o zamankı komendantlıq, ümumi işlər müdirliyi haray-həşir qaldırıb məni məhkəməyə vermək istəyəndə əlacsız qalıb vəziyyəti Aida xanıma bildirdim. Onun məsələyə müdaxiləsi məni məhkəmə çəkişməsindən xilas etdi. Bir qədər sonra Aida xanımın köməyi ilə mən Fizika İnstitunun kooperativ mənzil tikintisində növbəyə də yazılmışdım.
Professor Aida xanım İmanquliyeva Şərq ədəbiyyatının mahir bilicisi idi. Dissertantlarına müdriklərin söz incilərindən nümunələr gətirməyi, gənclərə gələcəyə inamla baxmağı, çətinliklərdən qorxmamağı təlqin etməyi xoşlayardı. Bu sətirləri yazarkən onun xüsusi intonasiya ilə söylədiyi məşhur bir rübaini xatırladım:
انت الذي ولدتكَ أُمُكَ باكِيا
والناسُ حَوْلكَ يضحكونَ سُرورا
فأعْمَل لنفسكَ أنْ تكونَ إذا بكوا
في يومِ مَوْتِكَ ضاحِكاً مسرورا
Anadan olanda, əgər bir bilsən,
Çevrəni güldürüb ağlayırdın sən.
Çalış elə yaşa bir gün gedəndə
Hər kəsi ağladıb özün güləsən…
Dünya şöhrətli alimimiz qısa, lakin çox mənalı və şərəfli bir ömür yaşadı. Qeyd olunan şeirdəki kimi, öz nəcibliyi, xeyirxahlığı, biliyi və qabiliyyəti ilə könülləri fəth elədi, adı dillər əzbəri oldu, həyata erkən vidası ilə minlərlə sevənlərini və sevdiklərini ağlatdı. Astronomlar göydəki ulduzların hər birinin nəhəng planet olduğunu söyləsələr də hərdən mənə elə gəlir ki, o ulduzlar dünyasını dəyişmiş insanların ruhlarının qərar tutduğu ülvi məkanlardır. Aida xanım ulduzlar kahkəşanında parlaqlığı çox fərqlənən bir nadidə ulduza bənzəyir. Həmin fərqli ulduz Qurani- kərimin Nəcm surəsinin 49-cu ayəsində adı çəkilən Şi’ra ( شِّعْرٰی ) adlı ulduzdur. O, sabit ulduzlar arasında ən parlaq olanıdır. Yay aylarında cənub səmasında görünür. Astronomlar deyirlər ki, onun Yerə olan məsafəsi Günəşlə Yer arasındakı məsafənin 500 min qatıdır. Şi'ranın şüalanması Günəşin şüalanmasından 40 dəfə güclüdür. Yerdən təxminən 8,6 işıq ili uzaqlıqdadır, bu astronomik məsafə, kosmik miqyasla bizə çox yaxın sayılır. Avropalilar ona “Sirius” deyirlər, adı yunanca “parlayan” və ya “şölələnən” mənasını verir. Əminəm ki, nəciblik mücəssəməsi olan professor Aida xanım İmanquliyevanın bizə əmanət etdiyi qiymətli zəngin elmi irs çox monumental tədqiqatlara nəzəri mənbə olacaq, Şərq ədəbiyyatının mənimsənilməsində, şərqşünaslığın inkişafında xüsusi önəm daşıyacaqdır.
Prof. Ramazan SİRACOĞLU