Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

31 May 2010, 12:37

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Olaylar” qəzetinin əməkdaşı  Alim Hüseynli, “Zerkalo” qəzetinin redaktoru Rauf Mirqədirov, Azərbaycan Media Mərkəzinin əməkdaşı Seymur Kazımov, “Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı danışır.

Alim Hüseynli, “Olaylar” qəzetinin əməkdaşı

Oxşarlar - II Çağırış Milli Məclis yeni işə başlamışdı. Mən deputat Yevda Abramovu foyedə görərkən onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov  (onlar əkiz qardaşlar kimi oxşardılar) zənn edib yanına getdim: - Bağışlayın Qərib müəllim sizə bir sualım var. Sərhədlərin delimitasiyası ilə bağlı yeni  məlumat verə bilərsiz?. - Mən sərhədlərin delimitasiyası məsələsi ilə məşğul olmuram. - Siz komitənin sədrisiz axı. Siz məşğul deyilsiz ki, bu işlə? - Xeyr. Komitənin sədri Rəbiyyət Aslanovadır - Rəbiyyət xanımı o komitəyə yeni təyin etdilər? Axı mən bilən o, insan hüquqları komitəsinin sədridir. - Həəə… Sən yəqin məni Qərib Məmmədova oxşatmısan. Həqiqətən də mən onları dəyişik salmışdım. “Bağışlayın” deyib uzaqlaşdım. Manşet xəbəri

- “Olaylar” qəzetinə təzə işə düzəlmişdim. O vaxt Xalq Cəbhəsi Partiyası da klassiklər  və islahatlarçılar qanadına parçalanmışdı. Redaktorumuz Ədalət Əliyev mənə dedi ki, partiyaya zəng edib, son proseslər barədə məlumat hazırlayım. Sən demə, redaktorlar otağındakı telefonla müxbirlərin otağındakı telefon paralel imiş. Mən nömrəni yığan kimi dəstəyi qaldırdılar, cavab verən şəxsin AXCP mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu olduğunu zənn edib, partiyadakı son proseslərlə maraqlandım. O, isə mənə cavabında “əşşi..., sən nə haydasan, burada millət bir-birini qırır. Əli Kərimli ilə Mirmahmud Mirəlioğlu bir-birilə qırğına çıxdılar. Polis gəlib, hər ikisini apardı. İndi onların dindirilməsi prosesi gedir” dedi. Mən də sevincək onun dediklərini diktofona yazdırdım. Dərhal redaktorun üstünə qaçdım ki, manşet xəbərim var. Redaktor Ədalət müəllim guya məlumatın düzgünlüyünə əmin olmaq üçün diktafonu bir neçə dəfə dinlətdirdi. Mən isə heç nə başa düşmürdüm. Birdən redaktor danışanın İsaq Əvəzoğluna oxşamadığını bildirərək güldü. Yalnız bundan sonra başa düşdüm ki, diktofona danışan Ədalət müəllimin özü imiş.

Rauf Mirqədirov, “Zerkalo” qəzetinin redaktoru

“Çornıy piket dva”

- Vaxtilə bizimlə birlikdə işləyən həmkarım Lalə Nuri bir gün mənə material göndərmişdi. Bu materialın başlığı belə idi: “Çornıy piket dva”. Yazının başlığından bir şey anlamadım, həm də xoşuma gəlmədiyi üçün düşündüm ki, içərisini oxuyub, sonra dəyişim. Materialı oxudum. Ancaq yazını nə qədər oxudumsa başlıqla yazının içinin nə əlaqəsi olduğunu anlamadım. Nə qədər fikirləşdim aydınlaşdıra bilmədim ki, yazının başlığı ilə mətn arasında nə uyğunluq var. Axırda Lalə Nurini çağırıb soruşdum: “Lalə “Çornıy piket dva” nə deməkdir? O dedi: “Mən həmin materialın birinci hissəsini dünən yazmışdım. Qəzetdə də getmişdi. Ona görə də bu dəfə başlığı belə yazmışam. Daha açıq şəkildə yazmağa ehtiyac görmədim”. Sən demə, etiraz aksiyası olub, tədbirdə qadınlar göyə qara şarlar buraxıblar. Həmin  aksiya da ardıcıl olaraq iki gün keçirilib. Onda mən Laləyə dedim: “Ay Lalə, demək mən bu yazının aşağısında yazmalıyam ki, “yazının əvvəlini oxumaq üçün ötən sayımıza baxın”,  yaxud da  sənin səsini diskə yazıb bura əlavə edək?”. O gülüb, dedi: “Siz bilən məsləhətdir”.

“Təəssüf ki, sensasiya alınmadı”

- 1995-96-cı illər idi. “Zerkalo” qəzetinin cümə nömrəsinin çıxdığı günün sonu idi. Birdən redaksiyaya məlumat daxil oldu ki, Əlikram Hümbətov həbsxanada vəfat edib. Biz çox fikirləşdik ki, bu material verək, ya verməyək. İş vaxtı bitdiyi üçün rəsmi idarələrdən xəbərin nə təsdiqini, nə də təkzibini ala bildik. Nəhayət qərara gəldik ki, xəbəri verək. Yazını hüquq-mühafizə orqanlarına istinadən verdik. Sonra məlum oldu ki, Əlikram Hümbətov sağ-salamatdır. Biz toplaşıb bu məsələni müzakirə etdik. Birdən o vaxt “Zerkalo” qəzetinin redaktoru Rauf Talışınski dedi: “Allah onun canın sağ eləsin. Ancaq təəssüf ki, sensasiya alınmadı”. Biz hamımız güldük.

Kefli jurnalist

- Danışacağım hadisə bu yaxınlarda olub. Bir gün əməkdaşımız Fərid Teymurxanlı işə həddən artıq kefli gəlib. Başlayıb material yazmağa. Yazdığı material  bir qadının təmas xəttini keçərkən öldürülməsi haqqında idi. Əvvəlcə xəbər yayılmışdı ki, həmin qadın azərbaycanlıdır. Sonra deyildi ki, ermənidir. Günün sonunda məlum oldu ki, bu qadın azərbaycanlıdır. Fərid də bütün bu informasiyaları toplayıb. Ancaq material daxilində də həmin qadın 3 dəfə gah erməni, gah da azərbaycanlı olub. Ancaq Fəridin yazdığı yazının sonunda məlum olmurdu ki, öldürülən qadın nəhayət azərbaycanlıdır, yoxsa erməni? Fərid Teymurxanlı kefli olduğundan bunu özü üçün aydınlaşdıra bilməyib.

“Niyə qar yağıb?”

- “Bu ilin qış ayında (qar yağan zaman) müxbirimiz Fərid Teymurxanlıya tapşırıq verilib ki, “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə zəng edib, enerji təchizatı ilə bağlı vəziyyəti öyrənsin. Fərid ona zəng edərək soruşub: - Tanrıverdi müəllim, Bakı şəhərinin çox yerində işıqlar sönüb. Buna səbəb nədir? - Çünki qar yağıb. - Bəs niyə qar yağıb? - Ona görə ki, qışdır. Dialoqun belə alınmasına səbəb Fəridin rus dilli olmasıdır. O, çox zaman öz fikirlərini Azərbaycan dilində ifadə etməkdə çətinlik çəkir. 

Seymur Kazımov, Azərbaycan Media Mərkəzinin layihələr üzrə əlaqələndiricisi

“Hə, hə, elə sən deyəndir, davam elə”

- 2008-ci ilin may ayının ortaları idi. Tiflisdəki Jurnalistika Məktəbinin (GİPA) kollektivi ilə vaxtilə konflikt zonası sayılan Pankisi dərəsinə getmişdik. Qeyd edim ki, bu məktəbdə gürcü, azərbaycanlı, erməni və Qazaxıstandan olan jurnalistlər təhsil alırdılar. Bizim tapşırığımız müharibədən sonra Pankisi dərəsindəki vəziyyətlə tanış olmaq və məqalə yazmaqdan ibarət idi. Təbii ki, ətraflı məlumatlar almaq üçün müharibənin canlı şahidləri olmuş çeçenlərdən müsahibələr alırdıq. Bəzən elə olurdu ki, həm erməni, həm gürcü, həm azərbaycanlı yığışırdıq bir çeçenin başına, onun təəssüratlarını dinləyirdik. Bu zaman çeçenlərdən biri dünyada müsəlmanlara qarşı olan neqativ münasibətdən şikayətlənməyə başladı. Rusları söyüb qurtardıqdan sonra, keçdi Dağlıq Qarabağ münaqişəsi haqqında danışmağa. Bu zaman başladı erməni hökumətini, nümayəndələrini küçə söyüşləri ilə söyməyə. Təbii ki, onun bütün söyüşləri bizim diktofonlarımıza yazılırdı. Azərbaycanlı jurnalistlərdən biri danışan çeçenə dəstək verərək deyirdi: “Hə,hə, elə sən deyəndir, davam elə”.  Lakin həmin çeçen bilmirdi ki, bizim aramızda ermənilər də var. Bunu görən erməni tələbələr yavaş-yavaş diktofonlarını söndürməyə və ərazidən uzaqlaşmağa başladılar. Ermənilər kənarda durub az qala əsəbdən partlayacaqdılar, lakin həmin çeçenə bir söz deməyə cəsarətləri çatmadı. Bu əhvalatı indi də yada salıb xeyli gülürük.

“Elə zənn etmə ki, səndən xoşum gəlir...”

- 2008-ci ilin noyabrında Abxaziyaya getmişdim. Orada Kodor dərəsi adlanan bir yer var ki, məlum Gürcüstan-Rusiya müharibəsinə qədər bu əraizyə gürcülər nəzarət edirdilər. Hazırda bu yerə abxaz və rus qoşunları nəzarət edirlər. Muharibə ərəfəsində bura çoxlu mina basdırılmışdı. Səfər proqramımızda nəzərdə tutulmasa da, təkidimlə nümayəndə heyətindən təkcə məni həmin əraziyə apardılar. Bir qədər irəlilədikdən sonra arxadan kimsə qolumdan tutub var gücü ilə kənara atdı. Bu, yerli jurnalistlərdən biri idi, özü də xanım. Təəssüf ki, adını unutmuşam. O mənə izah etdi ki, hərəkət elədiyim ərazi minalanıb. Sonra dedi: “Elə fikirləşmə ki, səni ona görə xilas etdim ki, səndən xoşum gəlir, səni xilas etməsəydim partlayış nəticəsində mən də ölə bilərdim”. Xanım jurnalistin bu sözləri gülüşə səbəb oldu. Qeyd edim ki, bu əhvalatı bugünə kimi təşkilatıçılar bilmir, ilk dəfə olaraq mediaya danışıram.

“Fotoaparatı ermənilər ixtira ediblər”

- 2009-cu ilin yanvar ayında Kiyev şəhərində seminarda iştirak edirdim. Mənimlə bir yerdə həmkarım və eyni zamanda dostum, “Ayna” qəzetinin əməkdaşı İdrak Abbasov getmişdi. Qeyd edim ki, seminar iştirakçıları iri dairəvi stol arxasında əyləşmişdilər. Mənimlə üzbəüz erməni jurnalisti oturmuşdu, yanımda isə başqa bir erməni jurnalisti əyləşmişdi. Birdən mənimlə üzbəüz oturan erməni jurnalist İdrakın fotoaparatını işarə edərək dedi ki, aparatı ona ötürüm. Mən sakitcə bunun səbəbini soruşdum, o isə pıçıltı ilə şəklimi çəkmək istədiyini dedi. İdrak etiraz etmədi və fotoaparatı əlinə götürərək uzaqdan-uzağa onun funksiyalarını başa salmağa çalışdı. Bu zaman mən rus dilində uca səslə, “sən niyə özünə bu qədər əziyyət verirsən, onsuz da dünyada fotoaparatı ilk dəfə ermənilər ixtira ediblər” dedim. Mənim bu sözərim zalda hamının gülüşünə səbəb oldu, hətta ermənilərin də.

Nahid Canbaxışlı, “Həftə içi” qəzetinin əməkdaşı

“Bəyəm Rəsul Quliyev müxalifətin “xişniki” zadıdır?”

- 2003-cü ildə prezident seçkiləri öncəsi ADP sədri Sərdar Cəlaloğlu müxalifət qüvvələrini başına toplayaraq mətbuat konfransı keçirirdi. O, çıxışında bildirdi ki, vəkil İlqar Altay Amerikanın Klivlend şəhərindəki klinikada müalicə alan mərhum dövlət başçısı Heydər Əliyevin səhhəti barədə məlumat toplamaq üçün ora yollansın. Mən ayağa qalxaraq Sərdar bəyə dedim: “Bu qədər əziyyət çəkirsiz, yəni viza-filan çox xərc aparacaq. Ondansa elə Rəsul Quliyev hazırda Amerikadadır. Ona desəniz sizə məlumat toplayıb, verə bilər”. Sərdar Cəlaloğlu dedi: “Ayə sakit otur yerində. Bəyəm Rəsul Quliyev müxalifətin “xişniki” zadıdır?”.

“Əəə, siz buna inanırsız..?”

- Bir dəfə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sədri ilə birgə mətbuat konfransı keçirirdi. Mən ATƏT sədrindən Xocalı faciəsi haqqında məlumata malik olub-olmadığı barədə soruşdum. O da cavabında dedi ki, ümumiyyətlə bu haqda heç bir məlumatı yoxdur. ATƏT sədrindən aldığım cavab məni qane etmədiyindən Elmar Məmmədyarova üz tutaraq dedim “Cənab nazir bu nə danışır? Bəs deyirsiniz beynəlxalq aləmə faciələrimiz haqqında məlumat veribsiz? Ancaq ATƏT sədri Xocalı faciəsi haqqında məlumatsızdır”. Elmar müəllim sualımı xoşlamasa da, əsəbi halda belə cavab verdi: “Əəə, siz buna inanırsız..? Bu ... (Elmar müəllim kobud bir ifadə işlətdi) dedi, siz də inandınız... Bilirlər amma özlərini bilməməzliyə vururlar”. Sonra da tərcüməçiyə tapşırdı ki, dediklərini ATƏT sədrinə tərcümə etməsin.

Hazırladı Günay MUSAYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir