Modern.az

Sözün saldığı “İpək yolu”ndan REPORTAJ

Sözün saldığı “İpək yolu”ndan REPORTAJ

14 Mart 2014, 15:21

Bu gün “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” keçirilib. Modern.az xəbər verir ki, Forumda  24 ölkədən gəlmiş gənc şairələr iştirak edib. əslində Muğam Mərkəzi 24 ölkədə yaranan Sözlə İpək Yolunun səyahətinə çıxır və o yolun keçdiyi ölkələrə bir –bir baş vurur.

Qonaqların çıxışından sonra söz elə Sözün özünə verilir. Ayrı –ayrı dövlətlərdən olan gənc  şairələr bir-bir öz şeirləri ilə çıxış edir. Şairələrin dilində səsləndirilib ekranda isə iki dildə (Azərbaycan, ingilis) tərcümələri təsvir olunan şeirlər sanki həmin şairənin  təmsil etdiyi ölkənin Muğam Mərkəzindəki vizit kartına çevrilir. Asiya, Avropa, ərəb qızları bir-bir səhnəyə çıxdıqca söylədiyi şeirlərlə öz cəmiyyətlərinin düşüncə tərzi və mənəvi etik kodekslərini zaldakılara çatdırmış olur. Bir daha şahidi oluruq ki, həqiqətən də hər bir şeiri cəmiyyət yazır, şair yaxud şairə isə onu öz daxili süzgəcindən keçirirərək yaşam statusu verir. Burada da nə az nə çox düz 30-a yaxın cəmiyyəti dinlədik. Maraqlı məqamlar çox oldu. Yəqin hamımıza maraqlıdır, deyilən şeirlərdə (yaxud danışan cəmiyyətlərdə) ərəb xanımlarının səsləndirdiyi şeirlər Avropa qızlarının dedikləri şeirlərdən daha modern, daha novator idi. Təsəvvür edin ki, bu gün Asiya və  Afrikanın ərəb və qeyri-ərəb ölkələrində yaranan şeir Almaniya, Yunanıstan, Rusiya, Ukrayna, Belçika və başqa Avropa ölkələrinin şeirindən daha orijinal,  daha effektli və daha aktual səslənirdi. Məsələn, Avropa qızının dediyi şeirdə fərdi yaşantılar, depresiyanın bəsit səbəbi və ondan qurtulmağın bəsit “tövsiyyələri”  əks olunursa,  İraq, Tunis, Misir qızının dediyi şeirdə isə bütöv Misir (Tunis, İraq ) cəmiyyəti qarşımıza çıxaraq zaldakılara “göz vurur.” İraqlı qızın şeirində müharibənin əzdiyi gənc qız, kiçik uşaqlar, yaşlı dayılar, xalalar  bir-bir (özü də böyük-kiçik gözləyə-gözləyə) qarşımızdan gəlib keçirdi. Pakistan və İordaniya  təmsilçisinin dediyi şeir “əzilmiş insanlar güzgü”sü təsiri  bağışlaya bilirdi. Güzgüyə  baxıb ağrıyan bir cəmiyyəti  o saat hiss etmək və görmək mümkün idi. Təbii yaşantıların yaratdığı şeirlər  süni cəmiyyətlərin ərsəyə gətirdiyi şeirlər arasında həmən  seçilirdi.

Biz isə dinləyirik. Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının mətbuat katibi Xaqani Səfəroğlu ilə səslənən şeirləri bir-bir müzakirə edirik:

Alman qızı oxuyur- “Səninlə sevişmək ilə səni sevməyin arasında qalmışam, səni yaşamaqla yaşamamağın arasındayam”. İlahi, bir şeir nümunəsi bir xalqın xarakterini necə də dəqiq əks etdirərmiş?! O, alman qızıdır. Emosiyanın nə olduğunu bilməz, o konkret lakonik və ayaqqabısını da məntiqi əsas nəticəsində geyinən bir qızdır. O, belə bir cəmiyyətin övladıdır. O cəmiyyət alman qızına məhz,  bu cür şeiri diqtə etdirə bilər. İndi müqayisə üçün Tunis qızının dediyi  şeirə  nəzər salaq. Ərəb xanımı oxuyur:- Biz azadlıqlara yaxın olduğumuz qədər insan olmağa davam edəcəyik”. Bəli, ərəb cəmiyyəti artıq təfəkkür qatına qədəm qoyub. Tunis hadisələri, devrilən  Ben Ali rejimi onu üsyankar edib. Və o, azadlığa addım ata-ata nə dərəcədə insan olmasının fərqindədir. Forumun bu yerində türk sazı ilə aktrisa Mehriban Zəki ustad şair Vaqif Səmədoğlunun şeirinə bəstələdiyi musiqini oxuyur. Məzmun təxminən belədir: Sol əlim qürbətdədir, sağ əlim isə isti bir yerdə.. iki əlimin arasından bir çay axır, iki əlimin arasında bir qapı var. Heç bilmirəm hansını döyüm”. Necə də  qəribədir və necə də təsirlidir.?!  İki yol ayrıcında qalan insanın yaşantıları və üzləşdiyi fikir xaosu necə də dəqiqliklə əks olunub?! Və Mehriban xanımın mərasimin bu yerində o musiqini ifa etməsi çox yerinə düşdü. Uzun müddət İpək yolunun qovşağında olan Azərbaycan  da  bu cür iki yol ayrıcında çox olub. Bir yandan Avropa süniliyi,  digər yandan  Şərqin faciə dolu təbiiliyi arasındakı qapıdan baxıb hər yerə. Yenidən xanım şairələr şeir söyləyir. Və düşünürsən ki,  faciəvi də olsa, özün olmaq, özün kimi yaşamaq, özünə qayıtmaq elə əsl poeziyadır. Bu qayıdışın yaratdığı poeziya təbii ki, hamısından fərqlənəcək. Onda Vaqif Səmədoğlunun təklif etdiyi iki əl arasındakı qapını döymək olar. Qazaxıstan və Qırğızıstan şairələrinin hər ikisi şeirlərini rusca səsləndirir. Bu məqamda Xəqani müəllim qulağıma pıçıldayır ki, mən Qazaxıstanda olanda orada qazax dilində danışan adamlara pis baxırdılar. Hətta bir qazax məndən soruşub ki,  məgər siz Azərbaycanda Azərbaycan dilində danışırsız?! Bu da bu. Deməli, türk etnosundan da hələ ki, özü olmaqdan qaçanlar var. Bu qaçaqaç, qovaqov davam etdikcə insan insan olmağından da o dərəcədə ayrılacaq. (Tunisli qızın dediyinin tam əksinə olaraq)

Nəhayət,  gənc şairələrin ikinci beynəlxalq şeir forumu başa çatır. İştrakçıların hamısı şeirlərini səsləndirib. Mən isə düşünürəm, tarixi İpək yolunun adını daşıyan İttifaqın  ərsəyə gətirdiyi forumda o yolu gedə bildikmi?! Hər halda Muğam Mərkəzində səhnədə Söz-söz, Şeir-şeir uzanan İpək yolunu görmək olurdu... Və o yolda qəşəng qızlar bizlərə o yoldan ötən xalqların şeirlərini çatdırırdılar....

 

 

Elmin Nuri

Rafiq Qənbərov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?