Modern.az

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

31 May 2010, 20:55

Modern.az xəbər verir ki, mayın 31-də Daxili İşlər Nazirliyində "Şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması sahəsində görülən işlərin vəziyyəti"nə və "İcraatı dayandırılmış cinayət işlərinin inventarlaşdırılmasının nəticələri"nə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
DİN mətbuat xidmətinin məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. 
Cinayətkarlığın dinamikasının və kriminogen durumun təhlilində, onun düzgün qiymətləndirilməsində, müvafiq idarəçilik qərarlarının qəbul edilməsində cinayət işlərinin uçotunun və qeydiyyatının tamlığını əsas şərtlərdən biri kimi dəyərləndirən Ramil Usubov hər iki məsələ üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin görüldüyünü diqqətə çatdırıb. Bununla yanaşı, istər  şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması, istərsə də daxili işlər orqanlarının istintaq qurumlarında icraatı dayandırılmış cinayət işlərinin inventarlaşdırılması işinin təşkilində  müəyyən nöqsan və çatışmazlıqların mövcudluğu da qeyd edilib.
Gündəlikdəki birinci  məsələ barədə Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxış edib. O deyib ki,  keçmiş illərdən bağlı qalmış mülkiyyət əleyhinə olan cinayətlərin açılması işinin səmərəsinin artırılması məqsədilə Bakı şəhərində vətəndaşların cibindən və əl çantalarından onlara məxsus əmlakın gizli talanması üzrə başlanmış əksər cinayət işlərinin çoxepizodlu olması nəzərə alınaraq cari ilin aprel ayında xüsusi istintaq-əməliyyat qrupu yaradılıb.

Qeyd olunub ki, bu növ hüquqazidd əməllərin cinayətkarlığın dinamikasına təsirinin daha böyük olması baxımından, 2009-cu il və cari ilin ötən dövrü ərzində bağlı qalmış şəxsi əmlak oğurluqları üzrə 1500-ə yaxın  əməliyyat-axtarış işi öyrənilərək lazımi təhlillər aparılıb, ərazi orqanlarına əməli köməklik  göstərilib. Görülən tədbirlərin məntiqi nəticəsi olaraq,  2783 şəxsi əmlak oğurluğunun, o cümlədən 863 mənzillərdən edilən, 228 mal-qara oğurluğunun və 102 cibgirlik faktının açılması təmin olunub. Həmin cinayətlərə görə  1717 nəfər müəyyən edilmiş, axtarışda olan 295 təqsirləndirilən şəxs tutulub, keçmiş illərdən bağlı qalmış  119 cinayət açılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2010-cu ilin 4 ayında şəxsi əmlak oğurluqlarının,  o cümlədən mənzillərdən edilən oğurluqların, mal-qara oğurluqlarının, cibgirliklərin açılması xeyli yaxşılaşıb.

"İcraatı dayandırılmış cinayət işlərinin inventarlaşdırılmasının nəticələri" haqqında məruzə ilə çıxış edən Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov bildirib ki, uçot-qeydiyyat intizamının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də icraatı dayandırılmış cinayət işlərinin vaxtaşırı inventarlaşdırılmasının aparılmasıdır. Bu işin təşkilində məqsəd DİN-in mərkəzləşdirilmiş informasiya bazasına daxil edilmiş məlumatların yerlərdə olan cinayət işlərinin və qəbul edilmiş prosessual qərarlarla üzləşdirilərək dəqiqləşdirilməsi, uçotunun tamlığının və dürüstlüyünün təminindən ibarət olub.             
Hər iki məruzə üzrə görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud nöqsan və çatışmazlıqların, onların aradan qaldırılması yolları ilə bağlı ətraflı müzakirələr aparılıb. 

İclasa yekun vuran nazir Ramil Usubov gündəlikdəki hər iki məsələ üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, fəaliyyətin səmərəsinin artırılması ilə bağlı lazımi tədbirlərin görüldüyünü, eyni zamanda, ayrı-ayrı ərazi orqanlarında bu işlərin günün tələbləri səviyyəsində qurulmadığını bildirərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir