Modern.az

Rusiyaya dost ölkələr - TƏHLİL

Rusiyaya dost ölkələr - TƏHLİL

Aktual

18 Mart 2014, 10:13


Ukrayna uğrunda Qərblə savaşdan məğlub çıxan Rusiya Krım kartından məharətlə istifadə etməklə prosesləri qismən öz xeyrinə dəyişə bildi. Top, raket atmadan, yalnız öz ordusunun Ukrayna siyasi dairələrində yaratdığı xof hesabına Krımı ələ keçirən Kremlin bu addımlarını əvvəlcədən də proqnozlaşdırmaq olardı. Çünki tez və ya gec Moskva Qərblə apardığı geopolitik mübarizədə öz sözünü deməli idi. Əslində bundan öncə Rusiya beynəlxalq təşkilatların üç ildir həll edə bilmədiyi Suriya münaqişəsində də ABŞ və onun havadarlarını geri oturtmuşdu. Amma Ukraynada Qərbmeylli qüvvələrin Viktor Yanukoviçi devirməsindən sonra çoxları ABŞ-ın MDB məkanında Rusiyaya qalib gəldiyini zənn edirdi. Düzdür, həqiqətən də Rusiyanın Ukrayna ilə bağlı itirdiyi çox məsələlər var. Amma bu, Kiyev üçün Krım kimi strateji ərazini əldən verməklə nəticələndi. Necə deyərlər, Ukraynanın Qərb yolundakı səyləri böyük itki ilə nəticələndi. Bu hətta məğlubiyyətə yaxın “Pirr qələbəsi” kimi şərh edilə bilər. Krımın “müstəqilliyinin” tanınması da Putin administrasiyasının bölgə üçün nəzərdə tutduğu planların tərkib hissəsi kimi qiymətləndirilir.

Avropa Birliyi, NATO və ikiqütblü dünyanın dayağı ABŞ Krımla bağlı  referendumun nəticələrini tanımayacağını açıqlasa da, real mənzərə Rusiya maraqlarına cavab verir. Ən maraqlısı isə odur ki, Kremli bu siyasi çəkişmədə “dəstəkləyən” və ya “dəstəkləyəcək” dövlətlər də az deyil.Ermənistan tam olaraq Rusiyanın yanındadır və bu da Yerevanın Kremlin forpostu olmasından irəli gəlir,  digər dövlətlərin isə “dəstəyi” bir növ onların spekulyativ proqnozlara hesablanmış addımları hesab oluna bilər. Məsələn, Türkiyə Krım məsələsində Ukraynanın mövqeyini dəstəkləyən bəyanat versə də, Rusiyaya qarşı çıxmadı. Bunun isə bir çox səbəbləri var.

Rəsmi Ankaranın bu mövqeyinin anatomiyasını Kremllə əlaqələrdə gərginlik yaratmamaq siyasi xətti təşkil edir. Türkiyənin Rusiya qazından asılılığı da nəzərə alınmalıdır. Bununla yanaşı, Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin həcmi rəsmi rəqəmlərin dili ilə desək, 40 milyard dollara çatıb. Ankara və Moskva rəsmiləri isə bu rəqəmi gələcəkdə 100 milyard dollara çatdırılacağını söyləyib. Bu münasibətlər fonunda Türkiyənin Rusiya ilə Krım məsələsində siyasi çəkişməyə qoşulacağı real görünmür. Üstəgəl onsuz da siyasi çaxnaşmalar, daxili qalmaqallar burulğanında olan Türkiyə ölkəsində Rusiyanın da təxribat yaratmaq ehtimallarından ehtiyat etməmiş deyil.

Bölgənin digər dövlət olan İran da Rusiya ilə isti münasibətlər qurmaqda maraqlıdır və bu maraqlar ikitərəfli əməkdaşlığa söykənir. Rus-İran müharibələrinin ağrı-acısını unutmuş Tehran və Moskva Suriya məsələsində də bir az da yaxınlaşdı. Demək olar ki, Qərb dairələri ilə mübarizədə bu iki dövlətin birgə fəaliyyəti Suriya probleminin həllini müvəqqəti də olsa, özlərinin xeyrinə dəyişdi.

Bu arada Rusiyanın  jestlərini vətəndaş müharibəsinin, dağıntıların girdabında boğulan Suriya hökuməti də qarşılıqsız qoymadı. Suriya prezidenti Bəşər Əsəd Rusiya dövlət başçısı Vladimir Putinə göndərdiyi teleqramda Krım probleminin həlli üçün Kremlin atdığı addımları dəstəklədəyini bəyan etdi. Deməli, Rusiyanın “dost siyahısı”na Suriya da əlavə oluna bilər.

Rusiya  Qazaxıstan, Belorusla də Gömrük İttifaqında təmsil olunur və bu perspektiv planda Kremlin Avrasiya Birliyi layihəsinin reallaşmasına bir növ stimuldur. Çünki nə Qazaxıstan, nə də Belorus geridə qalmış ölkələr sayılır.

Gürcüstan isə Rusiyaya yönəlik ənənəvi Saakaşvili ritorikasını nümayiş etdirmir. O da da bəllidir ki, rəsmi Tiflis Avropa Birliyi ilə assosiativ saziş imzalayıb, amma bu, indiki Gürcüstan iqtidarının Saakaşvili dönəmindəki kimi anti-rus əhval ruhiyyəsi üzərində kökləndiyi anlamına gəlmir.  Əksinə, keçmiş baş nazir Bidzina İvanaşvilinin komandasına məxsus indiki yeni hakimiyyət Rusiya ilə əlaqələrin qurulmasında maraqlıdır. Görünən odur ki, Gürcüstan Abxaziya və Cənubi Osetiya problemlərinin həllinə görə başqa yol da seçə bilməz. Eyni  zamanda onu söyləmək olar ki, rəsmi Tiflis Abxaziya və Cənubi Osetiyanı ondan qoparan Rusiya ilə səmimi dost ola bilməz.

Buradan çıxış etsək, bütün keçmiş SSRİ məkanının respublikaları Rusiya ilə “zorən dost”durlar.

Rusiyaya dost ölkələr deyəndə Çin amili də nəzərdən qaçmamalıdır. Pekin və Moskva arasındakı münasibətlər məhsuldar, yüksək sürtələ inkişaf edir. Çinin Asiyada və ümumilikdə dünyada hegemonluğu ələ alma yolundakı səylərinə Rusiya da müəyyən qədər dəstək verir. Düzdür, Rusiya özündən başqa güc görmək istəməsə də, ABŞ faktoru onu Çinlə yaxınlaşmağa vadar edir. Ancaq o da var ki, Rusiya-Çin müttəfiqliyi Orta Asiyayada toqquşur.

Avropada Rusiya Serbiya ilə müttəfiqdir.

Okeanın o tayında isə Rusiyanın Venesuela və Kuba kimi müttəfiqləri var. Şimali Koreya da ilə Rusiya dostluq münasibətlərini saxlaya bilir.

ABŞ-ı burnunun dibində istəməyən Rusiya özünə “dost” axtarışlarını bundan sonra da davam etdirəcək. Bu, həmin dövlətlərin öz xoşu ilə olacaq, yoxsa Kremlin siyasi texnoloqlarının hazırladığı təxribat, təzyiq planları ilə baş tutacaq, o da hələ tam bəlli deyil.

Məlum olan odur ki, 20 il əvvəllə müqayisədə Rusiya kifayət qədər dost itirib.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır