Modern.az

Səhiyyə Nazirliyi satışdakı eynəklərlə bağlı reydlər keçirir

Səhiyyə Nazirliyi satışdakı eynəklərlə bağlı reydlər keçirir

1 İyun 2010, 10:51

Yaz-yay fəsli gün eynəklərinin ən çox istifadə olunduğu dövrdür. Buna görə də hazırda istifadəsi çox aktual olan gün eynəklərini alarkən diqqətli olmaq vacibdir. Çünki satışdakı eynəklərin çoxu keyfiyyətsiz olduğundan onları alıb taxmaqla “qaş düzəldən yerdə vurub gözü çıxarmaq” olar.

Gün eynəkləri əsasən üç qrupa ayrılır: kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli.

Mütəxəssislər deyirlər ki, kosmetik eynəklər kosmetik funksiyanı yerinə yetirərək, imici nəzərə çarpdıran aksesuar rolunu oynayır. Onlar sizi günəşdən qorumasa da, ziyan da vurmayacaq. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomiyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Gün eynəklərinin elə növü var ki, xüsusi olaraq sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub.  Bu, polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırır. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə etmək olar. “Xameleon” adlanan fotoxromlu şüşə isə çox zəifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq, işıqlandırmadan asılı olaraq, rənglərini dəyişirlər.  

Gün eynəkləri optik mağazalardan tutmuş metro stansiyalarının giriş-çıxışınadək hər yerdə satılır.. Metronun “Elmlər akademiyası” stansiyasının çıxışında səyyar gün eynəklərinin satışı ilə məşğul olan Elnurun sözlərinə görə, satışa çıxardığı eynəklərin əksəriyyəti Çin istehsalıdır: “Qiymətləri ucuz olduğu üçün heç bir sənəd vermirik. Eynəklərin qiyməti 10-40 manat arasındadır”.

“Gənclik” stansiyasının yeraltı keçidində satıcı Rasim ucuz və “keyfiyyətli” eynəklər satdığını deyir: “Mən də alverçiyəm. Ticarət mərkəzindən alıb burada satıram. Gün ərzində 3-4 müştərim olur”. Gün eynəklərinin satışı ilə məşğul olan digər satıcı da sertifikatsız eynək satdığını deyir: “Həm uşaq, həm qadın, həm də kişi üçün müxtəlif formada, müxtəlif qiymətlərə eynəklər satırıq. Alıcıların da heç bir şikayəti yoxdur”.

Maraqlıdır ki, bir çox alıcılar eynək seçərkən onun hazırlandığı materiala, keyfiyyətə yox, formaya, görünüşə üstünlük verir.

Bu da sonradan həm gözdə, həm də ümumilikdə orqanizmdə müxtəlif fəsadlar yarada bilir.

Göz həkimi Qurban İsmayılov deyir ki, istifadəyə yararsız gün eynəklərinin taxılması insanların sağlamlığına mənfi təsir göstərir: “Səyyar satışda normal eynəklər satılmır. Ümumiyyətlə, eynəklərin sertifikatı olmalıdır. Keyfiyyətsiz eynəklər təbii ki, gözdə müəyyən xəstəliklərə yol açır. Bütün insanların gözlərindəki büllurda ultrabənövşəyi şüaları tutmaq qabiliyyəti var. Ancaq günəş şüalarında ultrabənöşəyi şüalar çox olduqda göz filtiri bunu qəbul edə bilmir. Buna görə də gün eynəklərindən istifadə etmək vacibdir. Ancaq gün eynəkləri keyfiyyətsiz olduqda gözlər qamaşır”.

Q.İsmayılovun sözlərinə görə, həkim məsləhəti olamadan eynək taxmaq düzgün deyil: “Optiki eynəklər həkim tərəfindən yoxlanılan və fərdi şəkildə təyin olunan eynəklərdir. Burada əsas şərt gözün günəş şüalarını tutma qabiliyyəti nəzərə alınmalı, bəbəklər arasında məsafə düzgün təyin edilməlidir. Həkim məsləhəti olmadan alınan eynəklərdən uzun müddətli istifadə göz xərçənginin yaranma ehtimalını artırır. Düzgün təyin edilməyən eynək göz əyarının dəyişməsinə səbəb olur və bu problemi sonradan aradan qaldırmaq üçün çox zaman cərrahi müdaxiləyə ehtiyac yaranmır. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır”.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, hazırda eynəkləklərlə bağlı reydlər keçirilir: “Səhiyyə Nazirliyi hər zaman optik mərkəzlərdə araşdırmalar aparır. Səhiyyə Nazirliyinin nəzdində Analitik Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz daim satışda olan eynəkləri ekspertizadan keçirir. Ancaq səyyar satışa İqtisadi İnkişaf Nazirliyi və digər qurumlar nəzarət edir”.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, eynəklərin səyyar satışına onlar nəzarət etmir: “Biz ümumi istehlak bazarına nəzarət edirik”.

 

Günay MUSAYEVA

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir