Modern.az

Zahid Oruc: "Növbəti parlamentdə görmək istədiyim həmkarlarımın adını çəkə bilərəm...”

Zahid Oruc: "Növbəti parlamentdə görmək istədiyim həmkarlarımın adını çəkə bilərəm...”

1 İyun 2010, 11:39

Millət vəkili Zahid Orucun müsahibəsi 

- Zahid bəy, müsahibə üçün Sizdən vaxt almaq istəyəndə telefonda dediniz ki, Bərdədəsiniz, seçicilərlə görüşürsünüz. Sizin Bərdəyə, seçicilərinizin arasına getməyinizi qarşıdan gələn parlament seçkilərinə hazırlıqla izah etmək olarmı? 

- Sualınızın müəyyən əsasları var. 2010-cu ilin seçki küləkləri özünü həm parlamentin xaricində, həm də daxilində göstərməkdədir. Ötən dövr ərzində heç bir fəallıq göstərməyən partiyaların birdən-birə mitinq keçirməkdə israr etmələri, ayrı-ayrı insanların mediaya çıxmaları, həmçinin cəmiyyətin ayağına getmək tendensiyası qabarıq şəkildə hiss olunur. Bu halda istənilən addımı dediyiniz konteksdə dəyərləndirənlər var . Lakin, mənim üçün Bərdə camaatı ilə görüş 2005-ci il seçkiləri bitən kimi başladı. Bu səfər də daxil olmaqla üst-üstə etdiyimiz görüşlərin sayı 120-yə çatıb. Bu rəqəm ən müxtəlif xarakterli görüşləri, tədbirləri, müxtəlif qəbulların reallaşdırılmasını ehtiva edir. İndiki səfərim isə bilavasitə hansısa işlərin yekununda baş vermişdi. Bu barədə danışmazdan öncə qeyd edim ki, parlament üzvünün ümumi bir obrazı var. O, danışmalıdır, söz, fikir və ideya istehsal etməlidir. Bu deputatın əbədi və əzəli missiyasıdır. Bəzən bizim elə kəsimlər olur ki, danışmağı qəhrəmanlıq sayırlar. Mənim ölkənin daxili siyasi müzakirələrində, ekran-efir debatlarında, o cümlədən, parlamentin beynəlxalq əlaqələrinin qurulmasında, Azərbaycanın səsinin xarici aləmə  çatdırılmasında iştirakım vəzifə borcumdur və birbaşa məsuliyyətimdir. Mühüm şərt odur ki, təmsil etdiyimiz insanların düşüncələrini, qayğılarını parlament tirbunasına, müxtəlif dövlət strukturlarına daşıyasan. Bu əsas ictimai yüklü məsələləri hər zaman diqqətdə saxlamışam. Ötən dövr ərzində o qapıları döyməklə müəyyən nəticələri əldə etmək mümkün olub. Bu dövr ərzində Bərdənin iki probleminin həllində xeyli yardımçı ola bilmişik. Birinci, mavi yanacaqla təminat məsələsi idi. İkinci problem isə suvarma ilə bağlıdır.

- Bu problemlərin həllində seçicilərə konkret yardımınız dəyibmi?

- Məlumat üçün deyim ki, Bərdənin şəhər mərkəzində qazlaşma işi müəyyən bir templə gedib. O cümlədən son 2 ildə qazlaşmış kəndlərin sayı 17-ə çatıb və bunun 16-sı mənim təmsil olduğum 93 saylı Bərdə şəhər dairəsinə aiddir. Ötən il noyabrın 28-də Bərdənin Cicimli kəndində, daha sonra Umudalılarda açılış mərasimində olarkən mən tirbunadan söz vermişdim ki, 4 iri kəndin qazlaşması üçün ən yaxın zamanda addımlar atacaq və ən yüksək əlaqələrimdən istifadə edəcəyəm..Bilirsiz ki, 2009-cu ildə cənab Prezidentin Bərdəyə çox əhəmiyyətli səfəri olmuşdu. Bu da bizə imkan verirdi ki, dövlət səviyyəsində ictimai yüklü məsələləri gündəmə çıxara bilək. Bu il yanvarın 14-də Daxili İşlər Naziri, hörmətli Ramil Usubovla görüşdüm. Qarabağa çox köməyi dəyən, cənab Prezidentin göstərişi ilə Bərdə camaatının da problemlərini daim diqqətdə saxlayan nazirdən deputatı olduğum dairənin mavi yanacaqla təminatı üçün yüksək mövqeyindən istifadə etməsini xahiş etdim. O da öz növbəsində Rövnəq Abdullayevlə bu məsələni müzakirə etdi. Daha sonra mən yanvarın 16-da Baş nazir Artur Rəsulzadə ilə görüşdüm və eyni xahişdə bulundum. İşlərin sürətlənməsi üçün Artur Rəsulzadə ilə martın 17-də təkrar görüşdüm. Səmimi bir insan kimi tanıdığım Artur müəllimlə indiyə qədər 5 dəfə görüşmüşəm. Hər dəfə hörmətli Baş nazir bu zəmində işlərin sürətlənməsi üçün müvafiq tapşırıqlar verib. Özü də Sovet dövründən fərqli olaraq indi görülən işlərin tempi,  keyfiyyəti son dərəcə yüksəkdir. İndi işlər daha texnolojidir, daha operativdir.Əvvəlcə Samux kəndində,daha sonra Sovet illərində də qazlaşdırılmayan Şatırlı kəndi və onun tərkibindəki 5 kənddə  işlər başlandı. Ondan sonra Həsənqaya inzibati vahidinə daxil olan 4 kənddə qaz çəkilişinə start verildi. Mirzalıbəyli kəndinə isə həftə sonu lazımi texnika gətiriləcək və qısa zamanda bütün bu işlər başa çatacaq. Pambıq zavodu kimi tanidığınız ərazidə yaşayan 600 abonent üçün çəkiliş artıq başa çatıb.Yalnız daşıyıcı kəmərə qoşulmanı tamamlayaraq yaxın vaxtda açılışı təmin edəcəyik. 1050 abonenti əhatə edən  “Təzə məhlələr” dediyimiz yeni yaşayış massivində ötən şənbə günü açılış mərasimi etdik.Bununla da şəhərin qazla təminatı tam başa çatacaq və mən buna görə “Azəriqaz “ rəhbərliyinə təşəkkür edirəm.Çox şadam ki, bütün proses boyu ən kiçik maneələrin dəf olunmasında bilavasitə iştirak edərək bu kütələvi tutumlu işə töhfələrimi vermişəm.      Eyni zamanda rayonda icra hakimiyyəti ilə bərabər qəbul keçirdik. Bunu bir neçə dəfə keçirmişik.  Bu dəfə 100-dən çox insanın qəbulu reallaşdı. Saat 10-da başlayan qəbul 19:30- da bitdi.

- Amma paytaxt kuluarlarında belə bir fikir də var ki, Zahid Oruc bu dəfə başqa dairədən namizədliyini irəli sürə bilər. Ola bilərmi?

- Hər halda mən avtonom bir siyasi platforma təmsilçisi dayiləm.Ulu öndərin adı ilə bağlı olan siyasi kursun müdafiəçisi olmaqla konkret siyasi ideologiya daşıyıcısıyam. Hətta məni “barrikada döyüşçüsü” adlandıranlar da olub. Başqalarindan fərqli olaraq bizim fəaliyyətimiz vahid Lider və komanda prinsipi ilə xarakterizə olunur.Məhz buna görə də gələcək qərarlarımız uzlaşdırılacaq.Qarşıdakı dövr üçün deputatlığa namizədliyimizi irəli sürməyimiz məqsədə uyğun sayılacaqsa, heç şübhəsiz, mən arzu edəcəm ki, seçkiyə Bərdədən qatılım.Putinin sözü olmasın, mən Bərdə seçiciləri üçün, necə deyərlər, qara fəhlə kimi işləmişəm. Real olaraq insanların qayğısını bölüşmək, onların yanında olmaq, hansısa məsələləri tirbunaya daşımaq, hansısa məsələni həll etmək  zəhmət, iradə tələb edir, enerji istəyir. Mən hər zaman bu amala sadiq qalmışam və kifayət qədər insan bunu yüksək dəyərləndirir. Bərdə tarixi, qədim məkandır. Azərbaycan dövlətçiliyinin beşiklərindən biridir, çox böyük ziyalı və zəhmət adamlarını öz qoynunda saxlayır. Qarabağ probleminin ağırlığını çiyinlərində gəzdirir. Öz əhalisi qədər qaçqına pənah yeri olub. Bu gün 34 min rəsmi qeydiyyatdan keçmiş qaçqın və o qədər qeyri-rəsmi məcburi köçgün  rayonun sosial mühitində, iqtisadi həyatında özünə güzəran qazanıb.Bu çox mürəkkəb bir məsələdir.Belə humanitar gərginlik Azərbaycanın digər rayonları ilə bərabər bölünməyib. Zaman var idi ki, Bərdədə elektrik enerjisinin gündəlik təminatı 4 saatdan artıq deyildi. Su təminatı ilə bağlı da gərginlik yaşanırdı Mən bütün nazirləri Bərdəyə dəvət etməyi qarşıya məqsəd qoydum.İlk olaraq Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, daha sonra Əlixan Məlikov,Oqtay Şirəliyev,Misir Mərdanov, Əbülfəz Qarayev və başqa yüksək rütbəli şəxslərin Bərdəyə getməsi müəyyən problemlərin ya yerindəcə həllinə, ya da dövlət proqramına daxil edilməsinə səbəb oldu. Bəli, mən cəsarətlə deyirəm ki, ötən illər ərzində Bərdənin ümumi həyatında ciddi  dəyişikliklər baş verdi.Amma belə bir təəssürat yaranmasın ki, bütün problemlər bitib, hər şey çox yüksək səviyyədədi. Qətiyyən! Yeni iş yerləri,mülkiyyət toxunulmazlıgı,təhsil və yol infrastrukturu sahəsində həllini gözləyən çoxlu problemlərimiz var.Ona görə də mən bu dairədə görulən işlərin davam etdiriliəcəyinə əminəm.Dövlət rəhbərinin siyasəti bunu deməyə əsas yaradır və butun quruculuq strategiyasının müəllifi odur.                                                                                     Beləliklə,gələcək siyasi təyinatımız fonunda iştirak edəcəyimiz mübarizədə Allahın yardımı, yaxşı insanların xeyir-duası, etibarı, etimadı ilə uğur qazanacağıq.         - Potensial rəqiblərinizi təxmin etməmiş olmazsınız. Onların resurslarını və şanslarını necə qiymətləndirirsiniz?

- Mən siyasi, ideoloji savaşda heç zaman  insanları hədəf seçmirəm. Bu mənim, sadəcə, seçki taktikam deyil, yaşam formulumdur.Gizlətmirəm ki, müəyyən insanlarla siyasi savaş vəziyyətindəyəm. Onlar məni ona görə vurmurlar ki, mən fərd olaraq öz mövqeyimlə onların maraqlarını tapdalayıram.Onların hesablamasına görə iqtidarın ön cinahında döyüşənləri daha kəskin mübarizə ilə qarşılamaqla mübarizə müstəvisini təmizləmək və hakimiyyətə daha təsirli vasitələrlə hücuma keçmək taktikası səmərəli ssenari olardı.Belə məfkurəni daşıyanlar hansı ranqda olmalarına baxmayaraq məni rəqib kimi hədəfə çevirirsə,bu onlarin işidir.Dogrusu, ən sərt mübarizədən heç zaman çəkinmədim. Həmin dairədən namizəd olmaq istəyən şəxslər elin qabağına hansı resurslarla çıxacaqlarsa, bu, onların öz işidir. Amma mənim sual etməyə haqqım var ki, insanların hansı problemlərinin həllində iştirak etmisən? Heç olmazsa xeyirdə-şərdə gedib o dərdli, problemli insanların yanında durmusanmı? Söhbət mənim Şəmkirdən, Şabrandan və yaxud başqa bir yerdən namizəd olmağımdan, seçilməyimdən getmir. Məsələ orasındadır ki, deputat olmağı planlaşdıran insanlar bilməlidir ki, hara gedirlər, hansı resursla, hansı başlıca ideya ilə seçkiyə qatılırlar? Qoy onlar rəqib haqqında düşünsünlər. Çünki mən həmin insanlara birinci növbədə gördüyüm işlərlə rəqibəm. Ortada iş danışanda, onlar susmağa məhkumdur. Bəzən onlarla debatlarda olarkən deyirəm ki, sizin liderlərinizi mən diskusiyalara çağırıram. Açıq deyim ki, sovet təvazökarlığının uzağam. Vurğulamaq istərdim ki, mən namizədliyini irəli sürən hansısa müxalif partiya funksionerinin yox, həmin insanların lider saydığı şəxslərin rəqibiyəm.Lakin unutmayın ki, insanlar partiyalı simvollara deyil, onun həyatına,daşıdığı amallara yaxın olan şəxslərə səs verirlər..

- Bir müddət öncə Əli Kərimlini debata çağırmışdınız. Bu təklif qüvvədə qalırmı?

- Bu təklifin dilə gətirildiyi gün ATƏT-in Bakı ofisi iqtidar və müxalifət qüvvələrinin iştirakı ilə Dəyirmi Masa keçirirdi. Orada belə bir fikir yürüdülürdü ki, qarşıdakı seçki dövründə, təşkilatçıların dili ilə desək, səsvermənin daha etibarlı və etimadlı olması üçün qarşılıqlı addımlar atılmalıdır. Mən o zaman da vurğulamışdım ki, birtərəfli öhdəliklər ola bilməz. Əgər müxalifət komissiyaların formatında və efir məkanında dəyişikliklərin olmasını istəyirsə, o da öz üzərinə bəzi öhdəliklər götürməlidir. Məsələn, müxalifətin informasiya bankında 2005-ci il seçkilərinin ümumi nəticələri var. Onların liderləri dəqiq bilirlər ki, hansı dairədə kim qalib gəlib. Sadəcə, bütün ölkə üzrə nəticələri tanımamaq mövqeyi seçdiklərinə görə əksər iqtidar namizədlərinin qələbəsini etiraf etmirlər, bu qalsın bir qırağa, parlamentə düşən öz deputatlarının əldə etdiyi nəticələrin də üstündən xətt çəkirlər. Mən orada söylədim ki, etibar yaradılmasından danışırsınızsa, səmimi mövqe göstərin. Sadəcə, ATƏT-in qapısını kəsməklə, olan-olmayan məsələləri Kremlə daşıyırmış kimi ayrı-ayrı dövlətlərə çatdırmaqla siyasi münasibətlər sistemində dəyişikliklər gözləməyin, ultimativ bəyanatlar verməyin. Əgər mövqeyinizin düz olduğuna inanırsınıza, gəlin aydınlaşdıraq, mən hər bir müxalifət lideri ilə debata hazıram. Məsələn, Əli bəyi belə bir diskussiyaya dəvət edirəm. Həmin olaydan sonra onun çevrəsindəki qələm sahiblərinə tezislər verildi ki, mənim çıxışımı Avropa İnsan Haqları Məhkəməsində çıxarılan məlum qərar konteksində şərh etsinlər. “Azadlıq” radiosunun iqtidar tirbunası olmadığını hamı bilir. “Azadlıq” radiosunun baş redaktoru Xədicə İsmayılova  son bir ildə dəfələrlə mənim dilimdən eşidib ki, onların lider saydıqları şəxsləri efirə, mənimlə debata dəvət edin. Əvəzində təəccüblü iddialar ortaya qoyuldu. Sən demə biz partiya rəhbəri olmalıyıq və ranqların bərabərliyindən çıxış etməliyik. Yaxud,  sən demə bu debatlar mənim  siyasi taleyim üçün son dərəcə önəmli imiş. Yaxşı ki, mənim təşəbbüsümü Qırğızıstan əksinqilabına və ya Tailandın küçə döyüşlərinə bağlamadılar.Axı onlar belə absurd əlaqələri o qədər ediblər ki..Hakimiyyət nümayəndələrilə dialoq tələb edənlər, Dəyirmi Masa istəyənlər özlərinə yönəlik ən adi çağırışlara belə tab gətirmirlər. Ən müxtəlif sosial şəbəkələrdə pirat təfəkkürlü adamlar üstümüzə gəldilər. Mən onların birini xatırladacam: “hannibalizm dövrü olsaydı, Zahid Orucun əti yeyilməzdi”. Budurmu normal mövqe? Budurmu alternativ siyasi mədəniyyət? Məgər debatda iştirak demokratik mübarizə vasitəsi deyilmi? Belədirsə, niyə qaçırsınız? Mən bir daha deyirəm, hər bir müxalifət partiyasının lideri ilə debata hazıram. 

- Əli Kərimlinin müavinləri ilə bir debat təşkil etsək, qatılarsınızmı?

- Problem yoxdur. Amma müavinlərlə, funksionerlərlə daim debatda olduğumuzdan, mən onların liderlərinin ətraflarında yaratdığı mifin nə qədər kövrək olduğunu göstərməyə cəhd etdim. Axı onlar bəyanatlarında ultimativ dillə bəzi hakimiyyət mənsublarını siyasi duelə çağırır, yaxud virtual döyüş səhnəsi yaradırlar..Hakimiyyəti müdafiə edən millət vəkili kimi müxalif qüvvələrin seçki platformasında, strategiyasında xəstə nöqtələrin çox olduğunu, bunun ümumi siyasi ab-havaya mənfi təsir göstərdiyini qeyd edirəm. Məgər bu nüansları mətbuatda aydınlaşdırmaq demokratik mübarizə vasitəsi deyil?

- Zahid bəy, adətən, hakim partiyanın nümayəndələri deyirlər ki, müxalifət yoxdur, yaxud zəifdir. Və mən də həmişə onlardan soruşmaq istəyirəm ki, müxalifəti zəif olan dövlət necə güclü sayıla bilər? Mənim bu sualımı cavablandırmaq, deyəsən, Sizin qismətinizə düşüb...

- Müxalifətin zəif olması siyasi sistem üçün çox mənfi haldır. Çünki sistem birqütblü, birayaqlı işləmiş olur. Demokratik idarəçiliyin ən mühim şərti isə onun çoxayaqlı sistemdə işləməsidir. Müxalifət, əslində, hər bir dövlətə əks-əlaqə üçün lazımdır. Yəni, vətəndaşın rəyi idarəçiliyə təkcə rəsmi yox, həm də ona alternativ olan kanallardan daşınmalıdır. Bu, mühim məsələdir. Heç şübhəsiz ki, siyasi sistemin o mükəmməlliyi olanda həm hakimiyyət özünü daim formada saxlayır, həm beynəlxalq ictimaiyyətlə işləmək daha asan olur. Çünki daimi olaraq hakimiyyətə təzyiq etməyi qarşısına məqsəd qoyan qüvvələr ölkənin əsas daxili problemlərindən öz maraqları naminə istifadə edirlər. İqtisadi maraqlar və müxtəlif geosiyasi məqsədlər məhz bu hesaba reallaşdırılır. Bundan ölkəyə zərər gəlir. Mənə görə “güclü hakimiyyət, zəif müxalifət” formulu heç bir ölkə üçün xeyirli deyil. Amma başqa bir sual da var- müxalifəti hakimiyyət özü sifariş etməlidirmi? Bu, mümkün deyil. Müxalifət “sosial sifariş”lə işləməyi bacarmalıdır. Sizə sadə bir formul deyim. Əgər doğrudan da , hakimiyyət  demokratik dəyərləri nəzərə almadan fəaliyyət göstərsəydi, inqilabi hadisələr törənmiş olardı. Bu gün Azərbaycanda protokol- kabinet-desant-meydan müxalifətinin yerini  normal, güclü, intellektual siyasi müxalifətin tutmasına çox ciddi ehtiyac var. Bu ümumi işin xeyrinə olar.

- Sizcə, Zahid Orucun AVP sədri olması “sosial sifariş” deyil?

- Uzun illərdir ki, siyasi mübarizənin içindəyəm. Çiyin yoldaşlarımla fəaliyyət apararkən dəqiq mənəvi öhdəliklər üzərində qərar tuturam və heç zaman o prinsiplərə xəyanət etmirəm. Xəyanət edənləri də bağışlamıram. Bir mübarizənin haqqının kim tərəfindən qazanıldığını görürəmsə, mükafatın da ona verilməsinə tərəfdar oluram. Bu mənada Ana Vətən Partiyası Fəzail Ağamalının haqqıdır. Baxmayaraq ki, onun formalaşması üçün qələmimizlə, başımızla siyasi fədakarlıq etmişik. Mənim orada hansısa mərtəbəyə iddiam yoxdur.

- Yəni deyirsiniz ki, Fəzail Ağamalı partiya rəhbəri kimi qalmalıdır?

- Partiya işi çox böyük maliyyə yükü, siyasi əzablar, çətinliklər, amma səmimi yoldaşlıq deməkdir. Nə zamansa Fəzail Ağamalı sədr kimi öz missiyasını yerinə yetirməyə çətinlik çəkəcəksə, məncə bunu partiya üzvlərindən oncə özü hiss edəcək.

- Bəs İsa Qəmbər haqqında nə düşünürsünüz? İsa Qəmbər Müsavat başqanlığından getsə yaxşıdırmı?

- Məncə, getməlidir!

- Niyə Fəzail Ağamalı qalmalıdır, amma İsa Qəmbər getməlidir?

- Çünki Fəzail Ağamalı müəyyən miqyasda uğur qazanıb. İsa Qəmbər isə qazana bilməyib. Partiyasının üzvlərini  parlamentə daşıya bilməyib.

- Ona qalanda AVP-nin iki, Müsavatın beş deputatı var parlamentdə...

- Nəzərə alın ki, biz bu nəticəni hakim cinahda vahid bir platformaya dayanaraq əldə etmişik. Hakimiyyəti müdafiə edən  ikinci partiya olmaq heç də asan məsələ deyil. Çünki hakimiyyəti sevən adam hakim partiyaya, rəğbəti olmayan şəxslər isə müxalifətə üz tutur. İlham Əliyev AVP-nin lideri olsaydı, həmin çoxmilyonlu eloktorat AVP-nin çevrəsində təmərküzləşəcəkdi. O başqa məsələdir ki, İlham Əliyev təkcə YAP-ın yox, ona səs verən milyonların lideridir. Ona görə də mən Azərbaycan siyasi sistemində inteqrasiyanın tərafdarı kimi çıxış edirdim.. Siyasi partiyaların sayı 5-6 olsa, ciddi fəaliyyət apara bilərlər. Azərbaycanda 40-dan artıq partiya var, lakin 40-dan artıq ideya yoxdur. Baxmayaraq ki, 40-dan artıq iddia var. 2005-ci ildə 2500 namizəd ən azı 5000 vəd vermişdi. Seçilənlər çiynində bu qədər vədi daşımaq zorunda idi. Bəzi vədlər isə sadəcə fantastik idi. Bu vəziyyət həm də siyasi partiya sisteminə aiddir. Eyni ideyaları seçən insanlar öz mübarizələrini birləşdirməlidilər.

- Eşitmişik ki, Fəzail Ağamalı həm partiya sədrliyinə, həm də deputatlığa oğlu Elçini hazırlayır.

- Təsdiq və ya inkar üçün tam informasiyalar ortada deyil.

- Yəni inkar edirsiniz ki, Fəzail Ağamalı həm partiya sədrliyinə, həm də deputatlığa oğlu Elçini hazırlayır?

- Konkret olaraq hazırlığın hansı səviyyədə getdiyini və  övladının gələcək taleyini müyyənləşdirmək onun atalıq haqqıdır . Bu hazırlıq gedirsə , ona heç bir etirazım yoxdur.Elçin partiya quruculuğunda zəhməti olan bir insandır və kiçik-böyük vəzifələri daşıyıb.                                                                                   Zamanında bir müxalif şəxs ulu öndərlə bağlı belə bir fikir söyləmişdi: “Əgər o, hakimiyyətdə sıradan bir vəzifəni daşımış olsaydı belə, bütün güc onun ətrafında qərarlaşmış olacaqdı”. Biz ulu öndərin o siyasi gücündən, fitri istedadından öyrənməkdəyik. Mənim üçün sıravi bir partiya üzvü kimi fəaliyyət göstərmək də çətin olmaz. Amma onu  etiraf edirəm ki, mənim də gələcək üçün müəyyən planlarım mövcuddur. Bunların üzərində geniş dayanmayacam. Yalnız onu bildirməliyəm ki, onların hər biri dövlətə, millətə sinxronlaşıb. Hələ 1999-cu ildə cənab Prezident ARDNŞ-in rəhbərlərindən biri olarkən  vurğulamışdı ki, ölkənin gerçək həyatı başqa bir müstəvidə cərəyan edir. Bizim bir sıra qüvvələr var ki, hələ də meydana istinad etməklə siyasət aparırlar. Halbuki indi İnternet resursları meydanlardan daha üstün imkanlara malikdir. Məsafədən təhsil, nəhəng universitetlər, orada edilən kəşflər və s. Məncə, yaxın gələcəkdə bütün siyasi partiyaların vitrinlərində dəyişikliklər olacaq. AVP-də də Fəzail Ağamalı övladını  partiyanın perspektivi sayacaqsa, buna oradakı insanlar da qərar verəcək.Hər kəs bilsin ki, AVP-nin daxilinə yönəlik iddialarda bulunmuram.

- Bəs parlamentin tərkibinin dəyişməsi ehtimalına və bunun gələcək hakimiyyət məsələsinə təsirini necə qiymətləndirirsiz? - Mərkəzdə yenə də YAP-ın dayanması şərtilə indiki tərkibdə dəyişikliklərin olmasını istisna etmirəm. Xanımların cəmiyyət həyatında və idarəetmə sistemində mövqeləri kifayət qədər önə çıxıb. Bu, isə çox mütərəqqi haldır. Düşünürəm ki, bu tendensiya növbəti parlamentin formalaşmasında da özünü göstərəcək. Mehriban Əliyeva ölkənin birinci xanımı olaraq ötən dövr ərzində humanitar, ictimai və mədəniyyət sferasında böyük missiyanı uğurla yerinə yetirməkdıdir və Azərbaycan qadınına etimadı ən yüksək səviyyəyə qaldırıb.Bildiniz kimi bəlli səbəblərdən Azərbaycanın siyasi keçmiişində Birinci Xanım institutu yarana bilməmiıdi.Mehriban xanım müasir şərq qadınının yeni dinamik, xeyirxah, intellektual və aristokrat bir obrazını yaratdı. .Respublikamızda qadının belə bir statusu əldə etməsində Mehriban Əliyevanın  rolu ona  ölkəmizin gələcək idarəçiliyində həlledici səlahiyət verir.Mehriban xanımın  bu gun insanlar üzərindəki  mənəvi hakimiyyəti onu ölkəmizin siyasi sabahında mühüm yerə sahib edəcəkdir.Belə genişmiqyaslı fəaliyyət gələcək prezidentliyə mənəvi-siyasi haqq yaradır.Lakin bunun üzərində çox dayanmaq istəmirəm.Çünki bütün maraqlı dairələr mənim nəzərdə tutduğum “böyük ictimai missiyadan ölkə birinciliyinə doğru”formulumu indiki vəziyyətə tətbiq etməyə çalışaraq uzaqgedən nəticələr çıxaracaqlar. Halbuki İlham Əliyev Azərbaycanın müasir quruculuğunun şəksiz lideridir və uzun dövr ərzində O,ölkəmizin prezidenti olacaqdır.Mənim yuxarıda söylədiyim fikirlər perspektiv planı dəyərləndirməyə xidmət edirdi və bir-birini inkar edən yox, tamamlayan versiyalardır.Başlıcası budur ki,  bütöv bir siyasi məfkurə həmişə hakimiyyədə olsun.                                              Unutmayın ki,parlament seçkiləri hakimiyyət məsələsini həll etmir.Prezident iki il öncə seçilib və ölkədə siyasi qüvvələr nisbəti elədir ki,hamı təmsilçilik uğrunda mübarizə aparacaq.

- Nəhayət son sual: parlamentin tərkibinin dəyişməsindən danışdınız. Sirr deyilsə, müxalifətdən hansı gəncləri parlamentdə görmək istərdiniz?

- Müxalif gəncliyin içərisində belə insanlar var. Ancaq müxalifət mətbəxinin ümumi təfəkkürü onlara mane olur. Ad çəkmək istəmirəm. Çünki kiməsə seçki dəstəyi vermiş olardıq. Amma yaşından və cinsindən asılı olmayaraq qarşıdakı beş il ərzində parlamentdə görmək istədiyim həmkarlarımın adını çəkə bilərəm.

- Buyurun...

-Çox istərdim ki, Əli Əhmədov, Əli Hüseynov, Siyavuş Novruzov, Rəbiyyət Aslanova, Gültəkin Hacıbəyli və başqaları yenidən millət vəkili olsunlar.  (axar.az)

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?