Modern.az

Üç səfiri ölkədən qovan birinci ledi - FOTOLAR

Üç səfiri ölkədən qovan birinci ledi - FOTOLAR

19 Mart 2014, 10:09

Nikaraqua prezidenti arvadını özünün “baş naziri” də adlandırır


Dünyanın inkişaf etmiş ölkələrində birinci ledilər həyat yoldaşlarını tədbirlərdə, daxili və xarici səfərlərdə müşayiət etsələr də, hakimiyyətdaxili proseslərə müdaxilə etmirlər. Ancaq bəzi ölkələrdə bunun əksi müşahidə olunur. Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir.
Nikaraquanın birinci ledisi özünü heç də prezidentdən az səlahiyyətli hesab etmir. Modern.az-ın hazırladığı yazıda bu ölkənin birinci xanımının, belə demək mümkünsə, hansı hoqqabazlıqlar etməsindən xəbərdar olacaqsınız.

Birinci ledi keçmiş partizandır

Nikaraquanın Milli Assambleyası 2013-cü ilin dekabrında nəhayət,  parlamentə nəzarət edən sandinistlər bu ölkənin  Konstitusiyasında prezident seçilmək müddətini məhdudlaşdıran müddəanın dəyişikliyinə nail olub. Beləliklə, indi fəaliyyətdə olan prezident Daniel Orteqa 2016-cı ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürə biləcək.  O həm də Venesuelanın keçmiş prezidenti Uqo Çavesdən nümunə götürərək Konstitusiyanı dəyişdirməklə ömürlük dövlət başçısı kimi də qala biləcək.

Xatırladaq ki, Daniel Orteqa dövlət başçısı postuna üçüncü dəfə 2012-ci ilin yanvarında qayıdıb. O birinci dəfə prezident kürsüsünü uzaq 1985-ci ildə tutub və 1990-cı ilədək Nikaraquanı idarə edib. Sonra 2006-cı ildə yenidən hakimiyyəti özünə qaytara bilib. Konstitusiya ilə ona ikinci dəfə namizədliyini irəli sürmək imkanı verilməyib. Amma 2011-ci ildə müxalifətin və beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq bu səddi  Ali Məhkəmənin qərarı ilə keçmək mümkün olub.

Beləliklə, keçmiş partizan komandiri, marksist, Somosa klanının diktaturasını devirən Daniel Orteqa həyat yoldaşı ilə birlikdə özlərinin hakimiyyət klanını formalaşdırıblar. Nikaraqua Qərb yarımkürəsində  Haitidən sonra ikinci ən kasıb dövlətdir. Bu Mərkəzi Amerika ölkəsinin dünya iqtisadiyyatının xəzinəsinı xeyiri çox cüzidir.

Qeyd edək ki, Nikaraqua prezidenti Daniel Orteqa Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevdən sonra Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıyan dünyada ilk liderdir.


Şairə birinci ledi


Şairə Rosario Murilyo ərinə yalnız ağ köynəklər seçir, onun çıxışlarını hazırlayır, ümumiyyətlə, Nikaraquanın gündəlik idarə olunması ilə məşğul olur.

Orteqa özü də arvadının fikirlərinə qulaq asdığnı gizlətməyə xüsusi cəhd etmir. O hətta Rosario Murilyonu özünün “baş naziri” adlandırır.

Birinci ledinin prezidentlik iddiası

2012-ci ildə Nikaraquada keçirilən prezident seçkiləri ərəfəsi namizədlərdən biri də birinci ledi Rosario Murilyo olmalıydı. Bunun səbəbi qeyd etdiyimiz kimi Daniel Orteqanın yenidən prezident seçilə bilməməsi ilə bağlı Konstitusiyadakı müddəa idi. Murilyo həmin vaxt Nikaraqua hökumətinin rəsmi nümayəndəsi postunu tuturdu.

Rosario Murilyo 1951-ci il iyunun 22-də Manaquada anadan olub, İsveçrə və Böyük Britaniyada oxusa da, ali təhsil ala bilməyib. Buna baxmayaraq, birinci ledi ispan, ingilis, italyan və fransız dillərində sərbəst danışır, eyni zamanda alman dilində oxumağı da bacarır.

Murilyo sandinistlərin  inqilabına dəstək verib. 1976-cı ildə onu siyasi fəaliyyətinə görə həbs ediblər. 1977-ci ildən Panama, Venesuela və Kosta-Rikada siyasi mühacirətdə yaşayıb. Onun əri həmin inqilab başlayandan 6 il sonra – Sandinist Milli Azadlıq Cəbhəsi Somosa Dinastini devirməklə prezident olub. 1978-ci ildə gələcək əri ilə tanış olan gələcık birinci ledi 1979-cu ildə Nikaraquaya qayıdıb.

Rosario Murilyo Daniel Orteqanın ümumilikdə 6 uşaqları var, bundan əlavə, Orteqanın başqa nikahdan olan qızı da bu ailə ilə birgə yaşayır.

Murilyo sandinistlərin qələbəsindən sonra Nikaraquanın mədəniyyət naziri olub. Murilyo KİV-də Nikaraquanın tanınmış şairəsi və siyasi xadimi kimi də təqdim olunur.

Bəzən deyirlər ki, Orteqanın səhhəti bir gün onu pis vəziyyətdə qoya bilər. Onun bir çox xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.  Bu səbəbdən birinci ledi onun küçəyə çox çıxmasına imkan vermir, Murilyonun hətta ərindən sonra olsa belə hakimiyyətə gələcəyi istisna olunmur. Amma keçmiş qanunverici və “La Prensa” qəzetinin redaktoru Daniel Aqirre Solisin fikrincə, iqtisadi situasiya bu ailənin nə zamansa çokməsinə gətirib çıxaracaq. Nikaraquada yoxsulluğun səviyyəsi  stabil olaraq 45 faiz səviyyəsində qalır. İndi Orteqaya sadiq ilan ordunun da Murilyoya qarşı necə davranacağı dəqiq bilinmir.


Prezident kimi birinci ledi

Müşahidəçilərin fikrincə, Rosario Orteqaya güclü təsir imkanına malikdir, ölkədə bütün siyasi qərarlar birinci ledi bəyəndikdən sonra qəbul olunur. Müşahidəçilər birmənalı olaraq bildirirlər ki, Nikaraquada real hakimiyyət Murilyonun əlindədir. Birinci ledi kimi heç vaxt ərini gözündən uzağa getməyə qoymur, istənilən kütləvi tədbirdə onun yanında olur. Hətta belə bir iddia da var ki,  prezident  öz hakimiyyətinin 50 faizini onunla bölüşüb. Oretqa özü də bir dəfə bunu etiraf edib. Bundan əlavə, prezident yaxınlarda yaradılan “vətəndaş şuraları”na nəzarəti də arvadına həvalə edib. Bu qurumu Nikraquada paralael hökumət də adlandırırlar. “Murilyo özünü Orteqanın  “yüksək-ali kahinə”si hesab edir”.  Bunu keçmiş sandinist Sofiya Monteneqro deyir. Onun digər bir maraqlı fikri də var: “Hakimiyyət onun başına vurub”.

Birinci ledi və şamanlar

Birinci ledi özünün böyük evində - bura  eyni zamanda hökumətin rezidensiyası hesab olunur- spiritizm (müxtəlif zahiri üsullarla ruhlarla, ölülərin ruhu ilə əlaqə düzəltmək mümkün olduğu haqqında mistik təsəvvür)  seansları keçirir. O şamanların məsləhətindən yararlanır, əri vəzifəsinin icrasına başlayanda isə Murilyo kabinet üzvlərinə astrologiyadan mühazirə oxuyurmuş. Hökumətin iclası zamanı birinci ledi böyük dairəvi gözmuncuğu ilə oturur ki, pis ruhları özündən uzaqlaşdırsın.


Birinci ledinin qəzəbinə gələn səfirlər

Kubanın Nikaraqua Respublikasındakı səfiri missiyasını yerinə yetirən Luis Ernandes Oxeda 2009-cu ilin sonlarında təcili surətdə ölkəni tərk etməyə məcbur olub. Diplomatik dairələrin verdiyi məlumata görə, Oxedanın Manaquadakı missiyasının vaxtından əvvəl başa çatmasına səbəb birinci ledi Rosario Murilyo ilə aralarındakı mübahisə olub. Diplomatik mənbələrin digər məlumatına görə, Luis Ernandes Oxeda bu Mərkəzi Amerika respublikasının prezidentinin arvadı ilə mübahisədən sonra ölkəni tərk edən üçüncü səfir olub. Xatırladaq ki, bundan əvvəl eyni situasiya ilə iki venesuelalı diplomat Serxio Rodriqes və Miqel Qomes də üzləşib.

Birinci ledi – Nikaraquanın “boz kardinalı”

Artıq heç kim üçün sirr deyil ki, indi 63 yaşı olan şairə Rosario Murilyo Nikaraqua Respublikasında böyük siyasətin müasir və həqiqi “boz kardinalı” hesab olunur. Hakimiyyətə yaxın olanların sözlərinə görə, bu qadın əri Orteqanın bütün fəaliyyətini total nəzarətdə saxlayır.    
Nikaraqua müxalifəti heç bir hadisəni nəzərdən qaçırmır və fürsət düşən kimi prezidentin bostanına daş atmaqla onu günahlandırmağa, arvadının idarəetməyə həddindən çox gərəksiz müdaxiləsini tənqid etməyə başlayır. Bəli, Orteqa özü də heç vaxt arvadının fikirlərinə qulaq asdığını xüsusi olaraq  gizlətmir.












Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?