Modern.az

Yusif Bağırzadə: “Kimsə İlham Əliyevlə zor müstəvisində danışa bilməz” - MÜSAHİBƏ

Yusif Bağırzadə: “Kimsə İlham Əliyevlə zor müstəvisində danışa bilməz” - MÜSAHİBƏ

19 Mart 2014, 14:46

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin Modern.az-a müsahibəsi:

- Avropaya son səfəriniz nə ilə bağlı idi?

- AMİP-in iki rəsmisi Avropa Parlamentinə dəvət almışdı. Azərbaycandan müxalifət partiyası kimi bizə dəvət göndərilmişdi. Yeni Azərbaycan Partiyası (YAP) da hakim partiya olaraq dəvət olunmuşdu. Bu görüşlərdə iştirak etməkdə məqsədimiz Dağlıq Qarabağla bağlı həqiqətləri avropalı deputatların diqqətinə çatdırmaqdır. Parlamentin üzvləri ilə ayrı-ayrılıqda görüşlərimiz oldu. Həm hakimiyyət, həm də müxalifət tərəfi bir mövqedən çıxış edəndə daha asan olur, o zaman onlar Qarabağla bağlı həqiqətləri daha tez qəbul edirlər. Mövqelərimizi ayrı-ayrılıqda çatdırdıqda, şübhələr yaranır. Bütövlükdə düşünürük ki, biz Avropaya meyllənməliyik. Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində işlərimizi qurmalıyıq. Düşünürəm ki, İlham Əliyevin bu yöndəki siyasəti çox düzgündür. Çünki Ukraynanın başına gələnləri gördük, buna görə də daha ehtiyatlı davranmalıyıq. Hər şeyin vaxtı var. Biz avrointeqrasiya yolunu tutmalıyıq. 20 ildir mərhum Heydər Əliyev də, hazırki prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycanın yolu Avropayadır. Rusiyanın yaratdığı Gömrük İttifaqı ilə də münasibətlərimiz normal olmalıdır, amma biz həmin qurumda ola bilmərik. O qurum köhnə sistemin bərpasıdır və çox zəif modeldir. Ukraynadakı hadisələrlə bağlı sanksiyaların tətbiq olunması bu ittifaqa çox böyük zərbə vuracaq. Gömrük İttifaqı Ukraynasız mənasızdır. Avropa dəyərlərimizə yiyənlənməyə qaldıqda, deyə bilərəm ki, özümüzə sərfəli olanını götürməliyik. Partiya olaraq düşünürük ki, Qərbə inteqrasiya vacibdir. Şərq Tərəfdaşlığı proqramına imza atsaq, həm hakim partiya, həm də AMİP Avropa Xalq Partiyasının (AXP) üzvü ola olsa, bizə verilən tribunadan Qarabağ məsələsini daha da qabarda bilərik. Ermənistan AXP-nin üzvüdür, amma Gömrük İttifaqına yönlənib. Düzdür, onları orada dəstəkləyənlər çoxdur. Biz də o tribunadan istifadə etməliyik. Bilirsiz ki, Avropa Parlamenti Qarabağla iki qətnamə qəbul edib, bu, bizim uğurumuzudur. Həmin qətnamələrin qəbul olunmasında bizim də rolumuz olub.

- Siz Qərbin Krıma dəstəyindən razısınızmı?

- Postsovet ölkələrindən hansısa Avropaya doğru meyillənirsə, o dövlət müəyyən itkilərə məruz qalır. 2008-cil ildə Ukrayna NATO-ya üzv olmaq üçün müraciət etmişdi. Fransa, Almaniya bu məsələyə veto qoydu, şans əldən buraxıldı. Bu, səhv addım idi. Onlar Rusiyadan qorxdular. Həmin vaxt qəbul olunsaydı, indiki Krım hadisələri olmayacaqdı. İndi Ukrayna Krımı itirir, amma bu, müvəqqəti haldır. Çünki böyük dövlətlər Ukraynanı dəstəkləyir. Qarabağın işğal olunması ölkəmizin Avropaya inteqrasiyasının qarşısını almaq idi. Dağlıq Qarabağ məsələsi Avropa dövlətləri tərəfindən həll edilsəydi, Moldova, Gürcüstan, Ukrayna hadisələri olmayacaqdı. Rusiya bu cür addımlarla həmin dövlətləri əlində saxlamağa çalışır. Rusiya özü federativ dövlətdir, bu addımlar Rusiyanın özünə qarşı yönələcək. İqtisadi sanksiyalar Rusiyanı çökdürəcək. Rusiyanın iqtisadiyyatı yalnız xammal satışı üzərində qurulub. Rusiyanın sənaye bazası çox zəifdir. BMT-də bu məsələ müzakirə olunanda Rusiyanın strateji müttəfiqi olan Çin neytral mövqedən çıxış etdi. Təbii ki, biz də hadisələri izləyib, Qarabağ məsələni gündəmə gətirməliyik. Bizim yaxın zamanda Brüsselə səfərimiz gözlənilir, bu çərçivədə işlərimizi davam etdirəcəyik.

- Hesab etmirsiniz ki, ABŞ Ukrayna məsələsində bir qədər geri addım atdı?

- Belə düşünmürəm. Suriya məsələsində ABŞ zəiflik göstərdi. ABŞ-ın Suriya məsələsində tərəddüd etməsi Ukrayna hadisələrinə gətirib çıxardı. ABŞ Suriya ilə bağlı konkret addımlar atsaydı, Ukrayna hadisələri olmayacaqdı. ABŞ nə etməlidir? Rusiyaya müharibə elan etməlidir? Müharibə variantı uğurlu deyil. Müharibə yolu ilə məsələni çözmək mümkün görünmür. ABŞ və Qərb iqtisadi sanksiyalar tətbiq edəcək və bu da Rusiyaya ciddi təsir göstərəcək. Çünki Rusiya federativ dövlətdir, bu sanksiyalar ona təsir edəcək. Rusiyanın bu addımı həm iqtisadi, həm də siyasi addım idi. Rusiyanın şimalında olan neft-qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılması üçün Krımdan istifadə oluna bilər. Bu xətt Krımdan keçsə, Rusiya 20 milyard dollar irəli düşəcək. Yanukoviçin vaxtında Krım ətrafında neft yataqları aşkar edilib. Hazırda həmin ərazilərdə geodeziya işləri aparılır. Ehtimal edilir ki, həmin ərazilərdə Xəzər dənizində olduğu qədər neft-qaz ehtiyatları var. Rusiya bunları ələ keçirmək istəyir.

- Azərbaycan müxalifəti tələb edir ki, hakimiyyət Ukrayna ilə bağlı qəti mövqe sərgiləməlidir. Hakimiyyətin hazırki mövqeyi sizi qane edirmi?

- Hesab edirəm ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməlidir. Bu prinsip müzakirə mövzusu deyil. Dağlıq Qarabağ problemi ilə bağlı Ukrayna həmişə bizi dəstəkləyib. İstər müxalifət, istərsə də dövlət səviyyəsində Ukraynanı dəstəkləməliyik. Bəzi məsələlərdə hakimiyyətlə müxalifətin fikri bir olmalıdır. Təbii ki, biz həm də ehtiyatlı olmalıyıq. Düşünürəm ki, Ukrayna yaxın vaxtlarda Avropa Birliyinin üzvü olacaq. Ukraynanın NATO-nun üzvü olması şansı da var.

- Rusiya Krımı Ukraynadan referendum vasitəsilə qopardı. Bu variant Qarabağda da ola bilərmi?

- Buna inanmıram. Çünki Qarabağ məsələsi artıq beynəlxalq aləmin diqqətindədir. ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar davam etdirilməlidir. Krımda baş verənlər Qarabağda ola bilməz. Bu, beynəlxalq hüquqa ziddir. Qarabağla Krım məsələsi tam fərqlidir.

- Ümumilikdə, Ukraynada baş verənlər Azərbaycanda təkrarlana bilərmi?

- Bu, mümkün deyil. Hakimiyyəti seçkisiz necə dəyişmək olar? Hakimiyyət seçki prosesində dəyişməlidir. AMİP-in nizamnaməsində də göstərilib ki, hakimiyyətə seçki ilə yolu ilə gəlmək məqbuldur. İğtişaşlarla, mitinqlərlə hakimiyyətə gəlməyin tərəfdarı deyilik.

- Hakimiyyətə təzyiqlər ola bilərmi?

- Bu variant real deyil. İlham Əliyevlə kimsə zor müstəvisində davrana bilməz.

- Normal seçki keçirilmirsə, nə etmək lazımdır?

- Seçkilər istər saxtalaşdırıldı, istər saxtalaşdırılmadı, qiyam yolu ilə hakimiyyət gəlmək bizim nizamnaməmizə ziddir. Biz bu cür hakimiyyət dəyişikliyini qəbul etmirik.

- Necə düşünürsüz, ölkədə aparılan kadr islahatları Qərbə mesajdırmı?

- İlham Əliyevin kadr islahatlarını məqbul hesab edirəm. Müxalifətçi olaraq, ondan daha dərin islahatlar gözləyirəm. O, 3-cü dəfə hakimiyyətə gələn zaman demişdi ki, islahatlar aparacaq. Amma islahatlar kadr islahatlarından o tərəfə keçmir. Ölkədə həm iqtisadi, həm də siyasi islahatlar aparılmalıdır. Dəyişən dünyada hökumət də dəyişməlidir. Yəni, Avropa ilə ayaqlaşmalıyıq, islahatlar dərin olmalıdır. Etiraf edim ki, bu dərinlik hələ ki görünmür. Azərbaycan əvvəllər parlamentli respublika olub. Bu model daha məqsədəuyğundur. Ölkədə ilk növbədə şəffaf seçkilər keçirilməlidir, 2-3 ilin partiyalarını parlamentdə oturtmaqla seçki keçirmək olmaz. AMİP kimi böyük partiya niyə kənarda qalmalıdır?! İnanıram ki, İlham Əliyev bu prezidentliyi dönəmində ciddi islahatlar aparacaq.

- Müxalifətdən kimlərinsə önə çəkilməsi gözləniləndirmi?

- Yox, bunu ehtimal etmirəm. Əlbəttə, olsa, yaxşı olardı. Müxalifətdəki böyük siyasi təşkilatların hakimiyyətdə təmsil olunması müsbət hal ola bilər. Amma bunu şərt kimi qoymaq mümkün deyil. Bu, prezidentin və hakim partiyanın səlahiyyətindədir. Biz ümummilli maraqlar baxımdan hakim partiya ilə əməkdaşlıq etməyə hazırıq. Demək olar, biz əməkdaşlıq edirik, AXP-də bir mövqedən çıxış edirik.

- Son zamanlar gündəm əsas məsələsindən biri də hakimiyyət daxilində “nurçu”ların olmasıdır. Vəziyyətlə bağlı nə düşünürsüz?

- Görünür, bununla bağlı hökumətdə hansısa mesajlar var ki, vəzifədən azad olunmalar başlayıb. Deməli, bu, kifayət qədər ciddi məsələdir. “Nurçu” məsələsi hakimiyyətin problemidir, deputat heyətinin adı hallanır, bizə aid deyil. Düşünürəm ki, onların həm Nazirlər Kabinetində, həm də parlamentə ciddi dayaqları var. Elnur Aslanovun işdən çıxarılması deməyə əsas verir ki, hökumətdə bununla bağlı ciddi faktlar var. Hökumət bu məsələdə qətiyyətli olmalıdır, onların ifşasında ciddi addımlar atmalıdır. Azərbaycan cəmiyyəti görməlidir ki, gəmidə oturub, gəmiçi ilə dava etmək olmaz. Bu cərəyanın özü qorxuludur. Biz hamımız Allaha inanırıq, amma bundan hakimiyyətə gəlmək üçün istifadə etmək ən pis haldır.

- “Nurçu”lar təhlükəlidir?

- Əlbəttə, təhlükəlidir. Konstitusiyamızda da göstərilir ki, din dövlətdən ayrıdır. Kənardan idarə olunan təşkilat ölkə üçün təhlükə mənbəyidir. Hökumət bu məsələni araşdırıb, cəmiyyətə açıqlama verməlidir. Təkcə bir neçə nəfərin işdən çıxarılması ilə kifayətlənmək olmaz.

- Hazırda müxalifətin durumunu necə qiymətləndirirsiz?

- Müxalifət düşərgəsində durğunluq hökm sürür. Milli Şurada baş verənlər göstərdi ki, müxalifət bir araya gələ bilmir. Milli Şuranı müxalifətin uğursuz ittifaqı adlandırardım. Bu qurum əvvəldən düzgün təsis olunmadı. Biz əvvəlcə təklif vermişdik ki, orada siyasilər iştirak etsin. Bir də qurumun xarici siyasət istiqamətlərinin açıqlanmasını tələb etdik. Biz bilməli idik ki, hara meyl edirik. Dediklərimiz olmadığına görə üz döndərdik. Hazırda biz Demokratik Qüvvələrin Birliyində (DQB) təmsil olunuruq. Ümumiyyətlə, Azərbaycan müxalifəti bir araya gələ bilmir.

- Bir araya gələ bilməmələrinin səbəbi nədir?

- Şəxsi ambisiyalar. 15-20 il partiya sədri olan şəxs necə İlham Əliyevə deyə bilər ki, üçüncü dəfə seçkidə iştirak etmə?! Bu, məntiqsizdir axı. Gərək sədr partiyanın nizamnaməsinə uyğun hərəkət etsin. AMİP-də seçki 3 ildən birdir. 2 dəfədən artıq sədr olmaq mümkün deyil. Biz buna əməl edirik. İşlərimiz şəffafdır, gizli bir şey yoxdur. Yeri gəlmişkən, deyim ki, bu il partiyada qurultay çağıracağıq. Partiyada gənclərə böyük dəstək verilir. İldə iki dəfə 5 gəncdən ibarət qrup Avropaya oxumağa göndərilir. Çalışırıq ki, gənclər Avropa dəyərlərini öyrənsinlər.

- Ölkədə yeni partiyaların yaranmasına münasibətiniz necədir?

- Müsbət yanaşıram. Azərbaycanın siyasi həyatımda müxalifət partiyaları olub. Güclü dövlətin müxalifəti də güclü olur. Ərəb, Şərq dövlətlərinə diqqət edin, həmin dövlətlərin müxalifəti zəifdi deyə, dövlət də zəifdir.

- Demokratik Qüvvələrin Birliyindəki (DQB) qüvvələr seçki ilə bağlı nə düşünür?

- Orada təklif olunur ki, qurum seçki blokuna çevrilsin. DQB-də elə siyasi təşkilat var ki, həm də Milli Şurada təmsil olunur. Həmin partiyalar prezident seçkilərində Milli Şuranın namizədini dəstəkləyiblər. Onlar Milli Şuranın seçki bloku olduğunu elan etməsələr də, aydın görünür ki, seçki blokudur. Mən də təklif edirəm ki, seçim etsinlər.

- Sizcə, DQB-nin seçki blokuna çevrilməsi mümkün olacaqmı?

- Hər həftə bununla bağlı müzakirələr aparılır. Yaxın zamanda məsələ həllini tapacaq. Bu məsələni siyasi təşkilatlar daxildə də müzakirə etməlidirlər.

- Bütün müxalifət qüvvələrini əhatə edəcək yeni birliyin yaradılması təşəbbüsü ilə çıxış etməyiniz gözlənilirmi?

- Biz DQB-ni yaratmışıq. Başqa birliyin yaradılmasından söhbət gedə bilməz. Danışıqlar bu birlik ətrafında olacaq.

- Azərbaycanda seçki ilə bağlı xeyli birlik yaradılıb, seçkidən sonra isə dağılıb. Bəlkə birliklərə ehtiyac yoxdur?

- Partiyaların bu addımını müsbət qarşılayıram. Prinsipcə, mümkündür. DQB bloka çevrilməzsə, AMİP seçkidə təkbaşına iştirak edəcək. AMİP güclü partiyadır, seçkilərdə həmişə yüksək nəticə göstərib. Hazırda bələdiyyə seçkilərində iştirak etməyi vacib hesab edirik. Əvvəlcə bələdiyyə, sonra parlament seçkilərində qələbə çalmaq lazımdır.

- Bəzi müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak etməyi vaxt itkisi hesab edir. Çünki bələdiyyə səlahiyyəti olmayan qurumdur...

- Məndə olan məlumata görə, bələdiyyələrlə bağlı hökumətdə layihə hazırlanır. Yəni, bələdiyyələrə bir sıra səlahiyyətlərin verilməsi gözlənilir. Bütün dünyada bələdiyyələrə diqqət böyükdür.

İlkin PİRƏLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi