"Bank BTB" ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub.
Modern.az xəbər verir ki, bu barədə bankın maliyyə hesabatlarında qeyd olunub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30 % çoxdur.
9 ay ərzində "Bank BTB"nın əməliyyat gəlirləri 30,12 milyon manat (illik müqayisədə 9,3 % çox), əməliyyat xərcləri 25,724 milyon manat (8,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,205 milyon manat (4,9 dəfə çox), gözlənilməz xərcləri isə 2,831 milyon manat (27 % az) təşkil edib.
Bu il oktyabrn 1-nə "Bank BTB"nin aktivləri 389,268 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,7 % çoxdur. Bunun 276,304 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,4 % böyüyüb.
Hesabat dövründə "Bank BTB"nin öhdəlikləri 7 % artaraq 338,413 milyon manat, o cümlədən depozit portfeli 11,9 % artaraq 167,873 milyon manat, balans kapitalı isə 2,2 % azalaraq 50,855 milyon manat olub.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.
Qeyd edək ki, Nigar Mehdiyeva ötən gün cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. (Mənbə "Report")