Modern.az

Sarkisyan Qarabağı telefon tellərinə dolaşdırır

Sarkisyan Qarabağı telefon tellərinə dolaşdırır

Aktual

22 Mart 2014, 12:17

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

“Qarabağ şikəstəsi”ni təkcə Azərbaycan tarzənlərinin tarında deyil, həm də telefon “telləri”ndə kökləmək olarmış

Tarixə nəzər salanda Çar Rusiyasının bir sıra ölkələrin və xanlıqların torpaqlarını işğal edərək öz ərazisinə birləşdirməsini (anneksiyası) görürük. Məsələn, 1552-ci ildə Rusiya Qazan xanlığını (indiki Tatarstan Muxtar Respublikasının paytaxtı Kazan), 1581-1607-ci illərdə Sibir xanlığını, 1783-ci ildə Krım xanlığını və başqa torpaqları öz ərazisinə güc yolu ilə birləşdirib. Uzaq tarixi keçmişdən fərqli olaraq Krımın ikinci dəfə Rusiya tərəfindən anneksiya olunması isə, Beynəlxalq Hüquq normalarının mövcud olduğu müasir bir dövrdə və dünyanın inkişaf etmiş aparıcı ölkələrinin gözləri qarşısında baş verdi.

Yəni Rusiya 2008-ci ildə Gürcüstanın  Abxaziya və Cənubu Osetiya Muxtar Respublikalarını işğal etdiyi kimi elə eyni ssenari üzrə də Ukraynanın Krım Muxtar Respublikasını işğal etdi. Bu işğalı Beynəlxalq aləm görməsin deyə onun gözünə güya “referendum” pərdəsi də asdı.

Rusiya burada Beynəlxalq aləmdə qəbul olunmuş “millətlərin öz müqəddəratını müəyyən etmə prinsipi”ni ön plana çəkərək Krımın müqəddəratını özü bildiyi kimi müəyyən etdi. Krım qondarma referendum yolu ilə qondarma “Müstəqil Respublika” elan olunan günün səhəri isə, bir quş ki uçaraq Rusiyada mövcud olan iyirmi bir subyektin yanına  qondu. Nə qədər ironiyalı səslənsə də bu mənada bəlkə də Krımın adını dünyada “ən az ömürlü müstəqil ölkə” kimi Ginnesin Rekordlar kitabına da salmaq olar. 

Qərb isə bu olaya yenə də 2008-ci ildə Gürcüstanın ərazi bütövlüyü pozulan zaman necə münasibət bildirmişdisə, elə indi də həmin münasibəti sərgilədi. Lakin burada yeganə fərq, Qərbin və Beynəlxalq Təşkilatların Rusiyaya qarşı sanqsiyaların tətbiq olunması amilinin o dövr ilə müqayisədə bir az qabarıq görünməsindədir.

Zənnimcə, həm qonşu, həm də hərtərəfli əməkdaşlıq etdiyimiz Rusiya və Ukrayna münasibətlərinin bu həddə çatmasından başqa, bizi daha çox narahat edən məqam Krımın digər “Krım”lara nümunə olacağına şərait yaratması amili olmalıdır.

Burada ABŞ-ın sabiq Dövlət katibi Hillari Klintonun “The Los Angeles Times”a   “Rusiyanın təcavüzü digər dövlətlərə də yayıla bilər” deməsini, sıradan olan bir ifadə kimi qiymətləndirmək olmaz.

Belə ki, Rusiyanın “Krım qələbəsi”ndən sonra Ermənistan Prezidenti S.Sarkisyanın vaxt itirmədən dərhal Rusiya Prezidenti V.Putinə telefon açması və onunla güya Dağlıq Qarabağ probleminin “nizama” salınmasını müzakirə etməsi, H.Klintonun fikirlərini tamamı ilə təsdiqləyir. Maraqlıdır, S.Sarkisyan bu canfəşanlıqla indiyə qədər bu addımı niyə atmırdırdı, yoxsa onun buna imkanımı olmurdu? Sadəcə olaraq istər uzaq, istərsə də yaxın tarix təsdiq edir ki, ermənilər mövcud olduqları dövrdən bu günə kimi bu xislətlə “yaşayıblar”. Yəni onlar həmişə olduğu kimi, dünyada baş verən siyasi qarmaqarışıqlıqdan hiyləgərliklə istifadə edərək başqalarının hesabına özlərinə “gün ağlayıblar”.



S.Sarkisyanın bu dəfəki telefon danışığında ATƏT-in Minsk Qrupunda həmsədr qismində Rusiyanın fəaliyyətini yüksək qiymətləndirməsi, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş birgə səylərinin vacibliyini vurğulaması, ATƏT-in Minsk Qrupu ilə birgə işləməyə davam etməyə hazır olması, həmçinin Krımdakı vəziyyəti və Ermənistanın Gömrük İttifaqına qoşulması məsələlərini müzakirə etməsi, indiyə qədər eşitdiyimiz çox saylı adi və ümumi sözlərdən başqa bir şey deyil. Əks təqdirdə Ermənistanın bundan başqa hansı yolu var ki biz bilməyək? Bütün dünya ölkələri və Beynəlxalq aləm yaxşı bilir ki, Ermənistan Rusiyanın de yure olmasa da, de fakto forpostu və ya artıq Krımla bərabər sayı 22-yə çatan subyektlərindən biridir.

Əslində bu telefon danışığında S.Sarkisyanın V.Putini “Krım qələbəsi” münasibəti ilə birinci təbrik etməsi və bəlkə də “Qarabağı da vurun Krımın gözünə onun da müstəqilliyini tanıyın getsin, bizim axı hələ Naxçıvan planımız qalır” yalvarışını güman etsək daha doğru olar. Ən azı belə düşünməyə “Azadlıq” radiosunun erməni xidmətinin yayımladığı “martın 18-də Dağlıq Qarabağın paytaxtında Krımın Rusiyaya  birləşdirilməsi ilə bağlı bayram mərasimi təşkil olunub” xəbəri və həm də Yerevanda da bir qrup erməninin Naxçıvanın Ermənistana birləşdirilməsi istəyi ilə mitinq keçirməsi əsas verir. Yəni, Xankəndidə meydanda toplananların qarşısında qondarma “Qarabağ Respublikası”nın xarici işlər nazirliyinin və parlamentinin Krımla bağlı bəyanatının  oxunması və bu bəyanatda Krımın Rusiyaya birləşdirilməsinin alqışlanması açıq aydın hər şeyi deyir.

Bizim mass-mediada Rusiya Dövlət Dumasının deputatı, Liberal-Demokratik Partiyasının lideri V.Jirinovskini “sərsəm” adlandıranlar onu heç də belə hesab etməsinlər. Onun Rusiya radiosuna “Dağlıq Qarabağı Rusiyaya birləşdirmək lazımdır” və ya “Azərbaycan adlı millət yoxdur – Azər xəzər deməkdir, baycan isə baca” deməsinin arxasında müəyyən mətləblər gizlənib. Çox güman ki o, erməni lobbisindən lazımınca “faydalandığından” onların istəyini açıq şəkildə ifadə edir. O, həm də bu istəklə, az yaşlı bir Türk balasının dərisini soyub, onun ölümünə 7 dəqiqəlik tamaşaya baxırmış kimi böyük sevinc hissi ilə tamaşa edən faşist xislətli erməni yazıçısı Zori Balayanın V.Putinə yazdığı məktuba “hə” cavabı almağa nail olmaq istəyir. Yeri gəlmişkən, Türk əlindən əsassız olaraq dad edən, adı Türkün “zor” və soyadı “bala” sözündən olan Z.Balayan ötən ilin payızında Putinə ünvanladığı uzun-uzadı bir məktubda V.Putini “Gülüstan müqaviləsi”nə əsaslanaraq Dağlıq Qarabağı Rusiyaya birləşdirməyə çağırır.

Düzdür, bu məktuba hələlik həm Rusiya, həm də Ermənistan rəhbərliyinin heç bir reaksiya verməməsi və Qarabağda keçirilən Krım sevincini əks etdirən konsertin təşkilatçılarının adının açıqlanmaması bizə əsas verir ki, “Qarabağ şikəstəsi”ni təkcə Azərbaycan tarzənlərinin tarında deyil, həm də telefon “telləri”ndə kökləmək olarmış. Əslində, müəəlifi elə özü olan, amma özünü bu “istəklərdən” xəbərsiz kimi göstərən Ermənistan rəhbərliyinin bu tədbiri keçirməkdə məqsədi, Krımı bir tərəfdən nümunə kimi Qarabağda yaşayan ermənilərin gözünə soxmaq, digər tərəfdən isə onu Rusiyanın tərkibinə birləşdirilməsinə razı olduqlarını V.Putinə bildirməkdir. S.Sarkisyanın bu addımı uşaq addımları ilə yəni, əsə-əsə hər an yıxılmaq qorxusu ilə atmasına gəlincə isə, sözsüz ki bu onun özündən də sərt milliyyətçi dünya ermənilərin hədəfinə tuş gəlməsindən ehtiyatlandığını göstərir.

Bu arada Bakıda Novruz bayramı münasibəti ilə təşkil olunan ümumxalq şənlik mərasimində çıxış edən Azərbaycan Prezidenti İ.Əliyevin “Azərbaycan bütün məsələlərdə prinsipal mövqe göstərir, xarici siyasətimiz tam müstəqildir və xalqımızın maraqlarına söykənir” deməsini, dolayısı ilə S.Sarkisyana bir növ uşaqlara deyilən “telefonla az oyna” ifadəsi kimi də qiymətləndirmək olar.

Lakin, aparıcı dünya ölkələrinin bu vaxta qədər Qarabağ məsələsinə ikili standartlardan yanaşmaları, təəssüflər olsun ki indi onu telefon tellərinə dolaşdırır. Biz isə Qarabağın Abxaziyaya, Cənubu Osetiyaya və Krıma çevrilməməsi üçün, gərək  özümüzü ona “qara bağla” elə düyünləyək ki, bu düyünü özümüzdən başqa aça bilən olmasın.

P.S. Krımın referendum nəticəsində müstəqilliyini elan etməsi dünya birliyinin kəskin etirazına səbəb olsa da, Qazaxıstan hamıdan fərqlənib. Belə ki, “Axar.az” saytının verdiyi xəbərə görə Krımın müstəqilliyini tanıyan ilk ölkə Qazaxıstan olub. Bu isə mənə “baltada heç bir günah olmur” deməyə əsas verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir