Modern.az

“Ömrün ustadları” - Ağcabədinin ən uzunömürlü sakini: 105 yaşlı Fatma nənə

“Ömrün ustadları” - Ağcabədinin ən uzunömürlü sakini: 105 yaşlı Fatma nənə

Ölkə

18 Oktyabr 2025, 09:01

Ömür daha çox yaşanan günlər, qarşılaşılan sınaqlar və geridə buraxılan xatirələrlə yadda qalır. Amma burada illər də əhəmiyyətli olur.

Bəzən bir ömür bir xalqın tarixinə şahidlik edir. Bəzən o tarixi yaşayır. 

 Modern.az saytının “Ömrün ustadları” rubrikasının budəfəki ünvanı Ağcabədi rayonunun ən uzunömürlü sakinindən - 105 yaşlı Fatma Salah qızı Qarayevadır

O, ömrünü səbr, fədakarlıq və zəhmətlə yoğurmuş bir Azərbaycan qadınıdır.

Fatma nənə 1920-ci il yanvarın 1-də Ağcabədi rayonunun Hindarx kəndində dünyaya gəlib. Hazırda isə İmamqulubəyli kəndində yaşayır.

Fatma Salah qızının həyatı elə bir zamana təsdüf edir ki, deyə bilərik ki, onun həyatı Azərbaycanın çətin tarixinin bir güzgüsüdür. Müharibə, ayrılıq, fədakarlıq və analıq dərdi ilə dolu bir ömür sürüb. 

Sovet dövründə bir oğlu əsgərlikdə həlak olub. Digər oğlu qardaşının meyitini Rusiyanın Pskov şəhərindəki qəbiristanlıqdan taparaq vətənə gətirib. Bu acı hadisə ilə Fatma xanım iki övladını itirib.

Fatma nənə bu dərdlə illərlə yaşayıb. Deyir ki, ömrü boyu sevinmək, rahatlıq nədir, bilməyib. Müharibənin təsirini yalnız bir dövr yox, bütün həyatı boyunca hiss edib. Zəhmətlə yaşayıb - əkib-becərib, ailəsini dolandırmağa çalışıb. 

Fatma nənənin 6 övladı olub – 3 oğlu, 3 qızı. Təəssüf ki, oğullarından ikisi dünyasını dəyişib. Hazırda 1 oğlu və 3 qızı həyatdadır. Bununla yanaşı, Fatma nənənin 6 nəvəsi və 2 nəticəsi də var.

Qeyd edək ki, Ağcabədi rayonu üzrə 90-100 yaş arası sakinlərin sayı 140 nəfərdir. 100 yaşdan yuxarı sakinlərin sayı isə cəmi 4 nəfərdir. Onlardan biri də Ağcabədinin ən uzunömürlü sakini Fatma Salah qızıdır.

Fatma nənəyə can sağlığı, daha uzun və rahat bir ömür arzulayırıq!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var