Modern.az

Azay Quliyev: “...seçkiləri Daxili İşlər Nazirliyi keçirir”

Azay Quliyev: “...seçkiləri Daxili İşlər Nazirliyi keçirir”

1 İyun 2010, 18:52

Xəbər verildiyi kimi, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyəti Danimarkada səfərdə olub. Səfərin məqsədi, orada keçirilən tədbirlər haqda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev məlumat verib. 

- Azay müəllim, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin Danimarkaya səfərinin təfərrüatları nədən ibarətdi?

- Bilirsiniz ki, ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) Baş qərargahı Kopenhagen şəhərində yerləşir və katiblik  orada fəaliyyət göstərir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti vitse-spiker Bahar Muradovanın rəhbərliyilə Kopenhagendə  4 günlük səfərdə oldu. Məqsəd Parlament Assambleyasının və onun katibliyinin işi ilə yaxından tanış olmaq, qəbul olunmuş qərar və qətnamələrin icrası və monitorinqi mexanizmləri haqqında bilgilər əldə edib, mövcud vəziyyəti onlarla birlikdə müzakirə etmək idi. Səfər  çərçivəsində Danimarka parlamentinin ATƏT-dəki nümayəndə heyətinin rəhbəri ilə görüşdük. Danimarka və Azərbaycan parlamentlərarası ikitərəfli münasibətlər, hazırki vəziyyət və perspektivlər haqqında fikir mübadiləsi apardıq. Bu çox mühüm bir məsələdir. Biz bu münasibətləri ikitərəfli qaydada gələcəkdə də davam etdirməliyik.

Səfər müddətində Danimarkanın seçki sistemi ilə yaxından tanış olmaq imkanı əldə etdik. Bütövlükdə, səfər informasiya əldə etmək və bizim üçün maraqlı olan məsələlər üzrə fikir mübadiləsi aparmaq baxımdan çox məhsuldar oldu. - Seçki ili olduğunu nəzərə alaraq, Sizə bu sualı veririk. Bildirdiniz ki, Danimarka seçki qanunvericiliyi ilə yaxından tanış olmusunuz. Bu məsələdə bizim seçki sistemimizlə hər hansı uyğunluq və ya fərqlər varmı? - Əlbəttə, biz Danimarka sistemi ilə yaxından tanış olduq. Əvvəla, onu deyim ki, Danimarkada seçkiləri müstəqil qurum deyil, Daxili İşlər Nazirliyi təşkil edir. Seçki kampaniyasına rəsmən 21 gün vaxt ayrılır. Sonuncu seçkidə səs toplamış partiyalar və müstəqil şəxslər hər səsə görə 26.50 kron dövlətdən vəsait alır.  Danimarka seçki sistemi özünün proporsional şəkildə qurulması ilə yanaşı, burada majoritar qaydada da seçicilərin öz namizədlərini müəyyənləşdirməsinə imkan yaradılır. Yəni namizədlər həm partiya siyahısı, həm də fərdi şəkildə seçki marafonuna qoşulurlar. Ən maraqlısı odur ki, seçkilər başa çatıqdan sonra nəticələr dərhal elan olunur və hər hansı qurum tərəfindən təsdiq edilmir.

Bizim seçki sisteminin də bir sıra üstünlükləri qeyd olunmalıdır. Xüsusilə, seçicilərin adlarını seçici siyahısında tapmadıqda onu asan bir formada bərpa edilməsi məsələsi var ki, bu da bizim üstünlüklərimizdən biridir. İkinci, səsvermə zamanı şəffaflığın və aşkarlığın təmin edilməsidir. Bizdə hətta dairələrin yarıdan çoxunda video kameralar quraşdırılır, həmin kameralar vasitəsilə dünyanın istənilən nöqtəsindən seçkiləri müşahidə etmək olur. Danimarkada belə bir sistem yoxdur və beynəlxalq müşahidəçiliklə bağlı təcrübə təzə-təzə formalaşır. Əlbəttə, bu məqamda Danimarkada demokratiyanın və parlamentarizmin tarixinin bizdən qat-qat çox olduğunu  söyləmək də yerinə düşərdi.

Digər bir mühüm cəhət odur ki, təkpalatalı Danimarka parlamentinin 179 üzvü var. Bunlardan 135-i 10 seçki dairəsindən, 40-ı 3 seçki əyalətindən, 4-ü isə Qrinlənd və Faroe adalarından seçilir.

Yeri gəlmişkən, bir maraqlı faktı da qeyd edim. Danimarka parlamentində 5 spiker var. Bu çox maraqlıdır. Bu 5 spikerin hamısı eyni statusa, eyni səlahiyyətə malikdir.

Ümumiyyətlə, fikrimcə, Danimarka seçki sistemi ilə yaxından tanış olanda və ciddi fərqləri görəndə, bir daha əmin olursan ki, hər ölkənin öz reallığı  və ənənələri var. Bu ənənələri və fərqləri qəbul etsən də, etməsən də hər kəs öz inandığı yolla davam edir və buna hamı da hörmətlə yanaşmalıdır.

- Azərbaycanda keçirilən seçkiləri ənənəvi olaraq ATƏT də müşahidə edir. Bu ilki parlament seçkilərini ATƏT PA da müşahidə edəcəkmi? - Bilirsiniz, seçkiləri müşahidə etmək üçün ATƏT-ə hökumət tərəfindən rəsmi dəvət göndərilməlidir. Bu sualınızın cavabı mənim səlahiyyətimə aid olmadığına görə rəsmən nə isə deyə bilmərəm. Amma inanıram ki, ölkəmiz hər zaman olduğu kimi, budəfəki seçkiləri də şəffaf, demokratik və ədalətli şəkildə təşkil edəcək və bütün maraqlı təşkilatların müşahidəçiliyi təmin olunacaq. Bu baxımdan, yəqin ki, biz ATƏT PA üzvlərini bu ilin noyabrın 7-də keçiriləcək parlament seçkilərində müşahidəçi qismində görə biləcəyik.

- Yəqin ki, səfər müddətində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövcud vəziyyəti də müzakirə etdiniz.

- Bəli, biz orada Dağlıq Qarabağ məsələsi ilə də bağlı fikir mübadiləsi apardıq. Görüşlərdə  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması, Minsk Qrupunun fəaliyyəti və nəticəsiz danışıqlar haqqında məlumat verdik və ölkəmizin mövqeyini hərtərəfli şəkildə onların diqqətinə çatdırdıq. Təəssüflə qeyd olundu ki, indiyə qədər istər BMT, istərsə ATƏT  və ya  digər beynəlxalq təşkilatların Ermənistanın işğalına son qoyulmasını tələb edən heç bir qətnaməsi yerinə yetirilməyibdir. Əsas iradımız odur ki, bu sənədlərin icra mexanizmləri haqqında səmimi bir mövqe ortaya qoyulmur. 

Eyni zamanda, gələn ay Osloda keçiriləcək ATƏT PA yay sessiyasının gündəliyi və hər 3 komitənin hazırladığı hesabatlarla da tanış olduq. İndi biz həmin sənədləri öyrənirik və yəqin ki, sənədə müvafiq əlavə və dəyişikliyimiz olacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir