Modern.az

Diaspor rəhbəri: “Krımdakı azərbaycanlıların mövqeyi duruma təsir göstərəcək səviyyədə deyil” - MÜSAHİBƏ

Diaspor rəhbəri: “Krımdakı azərbaycanlıların mövqeyi duruma təsir göstərəcək səviyyədə deyil” - MÜSAHİBƏ

24 Mart 2014, 21:36

Hazırda dünyanın bütün siyasi baxışları Krıma yönəlib. Yarımadada vəziyyət gərgin olaraq qalır. Tərəflər öz mübarizələrində haqlı olduqlarını iddia edirlər. Bu iddialar arasında isə son zərbə dinc əhaliyə dəyir.

Soydaşımız Rəhim Hümbətov uzun illərdir Krımda yaşayır. Krım Azərbaycan Cəmiyyətinə rəhbərlik edən Rəhim müəllim yarımadada azərbaycanlıların diaspor həyatında kifayət qədər fəallıq göstərən, Azərbaycanın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini yorulmadan təbliğ edən soydaşlarımızdan biridir. Rəhim Hümbətovla söhbətimiz Krımın bugünkü durumu və bölgədə yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlıdır.

Modern.az saytı onunla Krımdakı son vəziyyəti dəyərləndirib.

- Rəhim müəllim, referendumdan sonra Krımda ümumi atmosfer necədir?

- İndiki zamanda Krımda vəziyyət nisbi olaraq sakitdir. Müharibə ab-havası küçələrdən çəkilsə də beyinlərdə hələ də qalmaqdadır. Dünən Krımın yarısı işıqsız qaldı. Elektrik enerjisinin yarımadaya verilişi Ukrayna tərəfindən kəsilmişdi. Bu xəttlərdəki qəza ilə izah olundu. Düzdür bu gün enerjinin verilməsi bərpa olundu. Ancaq qısa müddətə olsa da bölgənin əlli faiz enerjisinin kəsilməsi əhalidə təşviş və qorxu hissinə səbəb oldu.

O ki, qaldı ümumi vəziyyətə insanların bir çoxu Rusiya pasportu almaq üçün növbələr yaradıblar. Artıq 20 min nəfər Rusiya vətəndaşlığı almaq üçün ərizə ilə rəsmi müraciət edib.

- Krımda 10 minədək azərbaycanlı yaşayır. Belə bir gərginlikdə onlar üçün hansısa bir təhlükə varmı?

- Krımda yaşayan azərbaycanlıların qarşısında yaranmış problemlər burada yaşayan digər millətlərin nümayəndələrinin problemlərindən heç nə ilə fərqlənmir. Qiymətlərin artması, ərzaqın, yanacağın, texnikanın, valyutanın qiymətlərinin dəyişməsi hamı üçün eyni bir vəziyyəti yaradır. Bu da insanların həyat səviyyəsinin aşağı düşməsi, yaşayış keyfiyyətinin daha da pisləşməsi deməkdir.

- Rəhim müəllim, əhalinin bütövlükdə Rusiyaya münasibəti necədir? Yəqin ki, baxışlar fərqlidir?

- Krımda iki milyonadək əhali yaşayır. Onların yarıdan çoxu etnik mənşəcə rus olanlardır. Onların əksəriyyəti Rusiyaya meyllidir. Yarım milyona qədər ukraynalıların arasında özünü rus mədəniyyətli hesab edənlər də az deyil. Yarımadada 300 minədək Krım tatarı yaşayır ki, onların böyük əksəriyyəti Ukraynanın ərazi bütövlüyünə dəstək verir.

- Sizcə Krımın Rusiyaya birləşməsi insanların həyatında hansı dəyişikliklərə səbəb olacaq?

- Bu dəyişikliklər yuxarıda qeyd etdiyim kimi artıq hiss olunur. Qiymətlər artır, həyat səviyyəsi aşağı düşür. Onu da qeyd edim ki, Krım əhalisinin böyük əksəriyyəti təqaüdçülərdir. Yaşlı adamlar daha çox xəstələnir, onların müalicəyə və dərmanlara daha çox ehtiyacı var. Yarımadada bu günlər dərmanların kəskin şəkildə bahalaşması müşahidə olunur. Elə dərmanlar var ki, qiyməti 80-90 faiz artıb.

Bir məsələni də qeyd etmək lazımdır ki, Krımda əhalinin böyük əksəriyyətinin gəliri turistlərlə bağlıdır. İndiki vəziyyətdə turistlərin yarımadaya gəlməsi sual altındadır. Əvvəlki illərdə Krımda istirahət edənlərin yetmiş faizini ukraynalılar təşkil edirdi. Şübhəsiz ki, artıq Ukraynadan gələnlərin sayı minimuma enəcək. Rusiyadan gələnlərin də sayı azalacaq. Çünki quru yolla Krıma gəlmək üçün iki Ukrayna sərhədini keçmək lazım olacaq. Əgər Ukrayna Rusiya ilə viza rejimini həyata keçirsə, bu ölkədən Krıma gələnlərin sayı daha az olacaq.

Eyni zamanda qeyd etmək lazımdır ki, son illər Krıma Azərbaycandan gələn turistlərin də sayı çoxalmışdı. Bizim təşəbbüsümüzlə Bakı-Simferopol təyyarə reysinin açılması da buna müsbət təsir göstərirdi. Krımın indiki statusunun beynəlxalq səviyyədə tanınmaması başqa ölkələrdən, o cümlədən Azərbaycandan aviareyslərlə yarımadaya gəlməyi problemə çevirir.

Bütün bu sadaladıqlarım faktorlar Krımda əhalinin həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsinə gətirib çıxaran amillərdir. Ancaq bununla yanaşı, Rusiyaya birləşdikdən sonar həyat səviyyəsinin daha yaxşı olacağını düşünən insanlar da var.

- Ukrayna ilə Rusiya arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Krım azərbaycanlılarının mövqeyi haqqında nə deyə bilərsiniz?

- Mən bu suala qısa və konkret cavab vermək istərdim. Təəssüflər olsun ki, azərbaycanlıların mövqeyi Krımdakı duruma təsir göstərə biləcək səviyyədə deyil.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi