Modern.az

“Qarabağ”ın bu oyunu finala bərabərdir - Futbol şərhçisi

“Qarabağ”ın bu oyunu finala bərabərdir - Futbol şərhçisi

İdman

22 Oktyabr 2025, 11:20

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək.

Azərbaycanı təmsil edən "Qarabağ" klubu İspaniya səfərində "Atletik - Bilbao" ilə üz-üzə gələcək.

"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, "Atletik" isə hələ ki xal qazanmayıb.

Tanınmış telejurnalist, futbol şərhçisi Rövşən Binnətli bildiri ki, “Qarabağ” klubu “Atletik"lə oyuna lider kimi gedir:

“Çempionlar Liqası iştirakçı komandaların özünü ən yaxşı tərəfdən göstərmək istədiyi futbol turniridir. “Qarabağ”ın startı gözləniləndən də yüksək oldu. İki oyundan iki qələbə çoxları üçün - etiraf etməsələr də -sürpriz nəticədir. O demək deyil ki, “Qarabağ” bu qələbələrə layiq deyil. Digər tərəfdən, “Atletik-Bilbao”ya baxaq: iki oyun keçirib, hər ikisində məğlub olub. Belə statistik nöqteyi-nəzərdən yanaşsaq, “Qarabağ” oyuna lider kimi gedir, “Atletik” isə “autsayder”di. Amma reallıq başqa şey vəd edir. İspaniya çempionatının ən öndə olan komandalarından biri kimi “Atletik-Bilbao” Çempionlar Liqasına vəsiqə qazanıb, bunun özü klubun gücünün göstəricisidir. Ona görə də bugünkü oyunda “Qarabağ” məğlub olarsa, qətiyyən komandanın çıxışına mənfi hal kimi yazılmamalıdır ki, lider kimi getdi, məğlub oldu. 
“Atletik Bilbao”nun xalının olmaması isə onlar üçün oyunun əhəmiyyətini artırır. “Qarabağ”la qarşılaşma “Atletik” üçün sanki final xarakterlidir. “Qarabağ”ın həyəcansız oynaması üçün ona psixoloji üstünlük verən klubun  nəticəsidir. Yəni iki oyunda qalib gəlib, maksimum xalı var, bu səbəbdən həyəcansız oynaya bilər.  
“Atletik-Bilbao”nun baş məşqçisi açıqlama verdi ki, onlar “Qarabağ”ın öz oyununu oynamasına mane olmalıdırlar. “Qarabağ” isə öz oyununu təbii ki, oynamağa çalışacaq. “Qarabağ” hücumda oynamağı sevir, passiv müdafiədə oturmaq komandanın xarakterinə uyğun deyil”.

R.Binnətlinin sözlərinə görə, bugünkü qarşılaşmada “Qarabağ”ın məğlub olmaması, ən azı heç-heçə etməsi çox yaxşı nəticə olar:

“Oyunun nəticələri barədə proqnoz vermək çox çətindir. “Qarabağ”ın bugünkü oyunda istədiyi nəticəni əldə edəcəyinə ümidim az deyil. “Qarabağ”ın uduzmama ehtimalı böyükdür. Amma məğlub olsa da, bunu  komandanın passivinə yazmaq düzgün olmaz.  İnşallah, hədəflənən nəticə əldə olunar. Əslində iki qələbə ilə “Qarabağ” ölkənin klub reytinqini də, özünün klub reytinqini də yüksəldib. Məsələyə yalnız reytinq, maddiyyat baxımından yanaşmaq da düzgün deyil. Çempionlar Liqası dünyanın ən nüfuzlu klub turniridir. Heç bir turnir bununla müqayisə oluna bilmir. Azərbaycan futbolu bərbad durumda olduğu halda, komandamızın bu nəticələri göstərməsi, özlüyündə fantastik göstəricidir. Ona görə düşünürəm ki, “Qarabağ” öz layiqli təmsilçiliyini “Atletik-Bilbao” ilə oyunda da davam etdirəcək. Nəticəyə gəldikdə, bəzən yaxşı oynayıb məğlub olursan, bəzən də pis oynayıb xal qazanırsan”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!