Modern.az

Mühacir həyatı yaşayan azərbaycanlılar...

Mühacir həyatı yaşayan azərbaycanlılar...

27 Mart 2014, 00:36

Vəzifə və peşəsindən asılı olmayaraq müxtəlif səbəblərdən mühacir həyatı yaşayan bir çox kübar xalqların nümayəndələri vətənini yaxşı tərəfdən təmsil etməyi özünün ən ümdə vəzifəsi hesab edir. Bununla da milli mənsubiyyətləri haqqında xoş təəssürat, özləri haqqında sevilən qonaq imici yaradırlar. Təmsil etmək dedikdə, təkcə milli, mənəvi, mədəni, etnik dəyərlərin əyani təbliğ, təşviqini nəzərdə tutmuram. Minimum vəzifə olaraq yaşadıqları şəhərdə mənsub olduğu xalq haqqında xoş təəssürat oyatmağı qarşılarına məqsəd qoyurlar.

Bazar təfəkkürü çərçivəsindən kənara çıxa bilməyən Azərbaycan vətəndaşının hansı təəssüratlarla yadda qalması çoxlarına məlumdur. Bir çox keyfiyyətlərə görə dırnaqarasına alınan xalqımızın nümayəndələrində bu missiya vacibliyinə görə sonuncu sırada qərarlaşır ki, bunun da səbəbləri bir yox bir neçədir. Əvvəla, ona görə ki, mütaliə, maariflənmə anlayışının özünü belə, doğru-düzgün qavramırlar. Hər bir işdə yalnız mənfəət güdürlər.  Dünyəvi hiss və dəyərləri özlərinə yaxın buraxmırlar. Millətçilik anlayışından uzaqdırlar.

Məşhur serb yazıçısı Milorad Paviçin təbirincə desək, insan bədənini vitaminlə təmin etdiyi kimi, ruhunu da vitaminlə zənginləşdirməlidir. Vitaminsiz ruh özlüyündə çürük, xəstə təfəkkür yetişdirir.

Milli-mənəvi dəyər anlayışının başa düşülməsi belə, qəliz olan bir ölkənin vətəndaşı üçün yaşadığı şəhərin ümumi mənzərəsi bazar dərketməsindən kənara çıxmamalıdır. Təəssüflər olsun ki, elə , belədir.

Kartofu ikinci çörək adlandırdığlmız kimi, ikinci çörək ağacı adlandırmalı olduğumuz qonşu Rusiyanın qara metal bazarına müxtəlif tələbat çatışmazlıqları ilə üz tutan vətəndaşlarımız üçün Moskva və Sankt-Peterburq kimi şəhərlər metal tullantılarından başqa əhəmiyyət kəsb etmir.

Mühacir həmvətənlərimiz yaşadıqları şəhərin mədəni həyatı ilə heç maraqlanmır, qəzet, kitab oxumur, muzeyə, teatra getmirlər. Ona görə də haqqımızda biabırçı rəy yaranıb.

Rusiyada yaşayan azərbaycanlıların əksəriyyətinin mədəniyyəti təbliğetmə anlayışı burdan meyxanaçıları, müğənniləri, klounları baha qiymətə ora aparıb məclis düzəltməkdi.

Moskva və Sankt-Peterburq kimi şəhərlərdə yerləşən dünyaca məşhur tarixi memarlıq və mədəniyyət abidələrinin, muzey, sərgi komplekslərinin, zəngin ədəbi irsə malik kitabxanaların adını belə, bilməyən həmvətənlərimiz üçün yalnız bir amal var: el-obaya mümkün qədər çox qazancla dönmək. Ən azı, minimum vəzifəni yerinə yetirmək. Hər hansı soydaşımızı Ermitaj muzeyinə aparıb ona Rembrant, Rafael, Van Qoqun əsərlərini göstərsən ilk növbədə əsərin qiyməti ilə maraqlanacaq.

Hansı yolla olur olsun, anladığı gözəl həyata qovuşmaq, ailəsinin maddi çətinliklərini bir neçə müddət sığortalmaq üçün hətta bir neçə qadınla cütləşməyə razı olan kişilərin yaratdığı yeganə təəssürat atasını tanımadan itirən, yarıhəmvətənimiz olan rus uşaqlarıdır. Hansı ki, telekanallarımızın efirində illər sonra atasına qovuşan sergeyləri, nataşaları görürük.

Əslində, bunun rəzillikdən başqa izahı yoxdu.  Nədənsə, puritançılıq mühitində tərbiyə olunan, mental dəyərlərlə əhatə olunan xalqımız buna çox sivil, tolerant münasibət bəsləyir. "Rusdu də, rusdandı də" deyərək, həyat yoldaşlarının əməllərinə haqq qazandıran qadınlar üçün bu adi hal alıb. Bunu da analoji halın kütləviliyi ilə bağlamaq lazımdır. Bəli, kütləvilik. O kütləvilik ki, istənilən rəzilliyi ört-basdır etmək gücündədir.

Həmvətənlərimizin iş dalınca getdiyi bir çox şəhərlərdə artıq onlara qarşı fobiya yaranıb. Belə ki, ticarət obyektlərində vurulan iş elanlarının şərtləri sırasında bizim üçün üz qızardıcı nüans var ki, bu da sonluqda xüsusi vurğulanan "azərbaycanlı olmasın" cümləsidir. Bu da ona görədir ki, mühacir soydaşlarımız yediyi boşqaba rahatlıqla tüpürməyi bacarırlar. Qayıtmağa üz yeri qoymurlar.

Göründüyü kimi, mühacir həyatı yaşayan azərbaycanlı üçün  qurulan münasibətlərin kökündə əksər hallarda maddi maraq dayanır. Orta statistik Azərbaycan gəncinin həyat arzularının şadlıq sarayı, çoxmərtəbəli ev, brend avtomobillərlə məhdudlaşdığını nəzərə alsaq, praqmatizminin istənilən situasiyada bazara istiqamətlənməsi təəccüblü qarşılanmamalıdır. Əgər xalqın  səhiyyəsi də ölüm ayağında olan xəstəni artmaqda olan valyuta cildində görürsə, onun milli, bəşəri , dəyərlərindən bəhs etmək getdikcə qəlizləşir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?