Modern.az

Rusiyada parlayan azərbaycanlı futbolçu KİMDİR...

Rusiyada parlayan azərbaycanlı futbolçu KİMDİR...

İdman

24 Oktyabr 2025, 14:28

2022-ci ilin fevralında Rusiyanın Ukrayna hərbi hücumu başlayandan bu ölkənin futbolu beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıldı. O vaxtdan bu Rusiya klubları və çempionatı da əvvəlkitək diqqət mərkəzində deyil. Bununla belə, ölkədə daxili yarışlar davam etdirilir, yeni-yeni gənc futbolçular üzə çıxır.

Bu gün həmin futbolçulardan biri barədə bəhs etmək istəyirik. O səbəbdən ki, bu futbolçu əslən azərbaycanlıdır. Söhbət Premyer Liqada yarışan Moskvanın "Dinamo" komandasının sol vingeri, 21 yaşlı Ülvi Babayevdən gedir.

Babayev 2 gün əvvəl Rusiya kubokunda "Krılya Sovetov"a qarşı matçın qəhrəmanına çevrilib. O, 4:0 hesabı ilə yekunlaşan görüşdə bir-birindən gözəl 3 qol vurub. Bu, onun peşəkar klub karyerasında ilk het-triki olub.

Modern.az-ın məlumatına görə, Qol.az Ülvi Babayevin kimliyini araşdırıb.

Ülvi Laçın oğlu Babayev 30 mart 2004-cü ildə Moskva vilayətinin Ximki şəhərində doğulub. Futbolla məşğul olmağa doğma şəhəri Ximkidə başlayıb, eyni adlı klubun yerli futbol sisteminə daxil olub. 2014-cü ilin yayında “Lev Yaşin adına Dinamo Akademiyası”na keçib. Ülvi indiki klubu "Dinamo"nun yetirməsidir. İstedadlı futbolçu 2018-cu ildə Rusiyanın U-15, bir il sonra isə U-16 komandasına da cəlb edilib. O, U-15 millisində 8, U-16-da isə 2 oyun keçirib.

2021/22 mövsümündən "Dinamo"nun gənclərdən ibarət komandasına cəlb edilib. Gənclər Liqasında meydana çıxdığı 23 oyunda 13 qol vurub, 10 qolun isə ötürməsini edib. Sonradan "Dinamo"nun farm-klubu olan "Dinamo-2"yə cəlb olunan Babayev bu komanda ilə birgə 2-ci liqada da inamlı oyun nümayiş etdirib. Onun iki mövsüm ərzində göstəriciləri belə olub: 44 oyun, 16 qol, 6 qol ötürməsi. 2024/25 mövsümündə icarə qaydasında "Krılya Sovetov"da oynayıb, Rusiya Premyer Liqasında 13 oyunda meydana çıxıb.  

2025/26 mövsümündə isə Babayev bir vaxtlar əfsanəvi azərbaycanlı futbolçu Ələkbər Məmmədovun, sonra bir müddət İsgəndər Cavadovun da oynadığı Rusiyanın məşhur klublarından biri "Dinamo" Moskvanın əsas komandasına cəlb edilib. Babayev "Dinamo"nun heyətində artıq 9 oyunda meydana çıxıb, 4 qol vurub (1 qol Premyer Liqada, 3 qol ölkə kubokunda).

Ülvi kubokda 4-də oyunda iştirak edib (hamısında da əsas heyətdə), Premyer Liqada isə hələlik 5 matçda sonradan oyuna daxil olub. Amma onun bu uğurlu gedişlə "Dinamo"nun əsas oyunçusuna çevriləcəyi ehtimalı da yüksəkdir.


Milli komandaya gəlincə, güman etmək olar ki, o, öz oyunu ilə AFFA-nın da diqqəti çəkir. Lakin hələlik  Ülvi Babayevin gələcəkdə Rusiya, yoxsa Azərbaycan millisində oynamaq istəməsinə dair dəqiq bir məlumat yoxdur.

Sadəcə, o, "Krılya Sovetov"a 3 qol vurduğu oyundan sonra "Matc TV"nin Rusiya millisinin noyabrdakı təlim-məşq toplanışına cəlb olunma şansının olub-olmamasına dair suala belə cavab verib: " Bu sualı Valeri Georgiyeviçə (Karpinə) (Rusiya millisinin və "Dinamo"nun baş məşqçisi - red.) vermək lazımdır. Burada hər şey sənin özündən asılıdır. Öz üzərində yaxşı işləsən, toplanışa düşəcəksən".

Karpin özü də "Krılya Sovetov"la oyundan sonra Babayev haqda xoş sözlər deyib, lakin onu həddindən artıq tərifləməməyə çağırıb:

"Bu gün Babayev özünü normal, hətta yaxşı tərəfdən göstərdi. Hər şey ondan asılıdır. Afərin. Amma əvvəllər də belə futbolçular olub - bir il oynayıblar, sonra isə yoxa çıxıblar. Ona görə də hələ təriflər yağdırmağa dəyməz. Gözləyək, görək necə olacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?