Modern.az

Heydər Əliyev Fondu Vaşinqtonda təqdimat keçirib - FOTO

Heydər Əliyev Fondu Vaşinqtonda təqdimat keçirib - FOTO

28 Mart 2014, 00:03

Heydər Əliyev Fondu Azərbaycandakı genişmiqyaslı və çoxşaxəli fəaliyyəti ilə paralel olaraq, artıq neçə illərdir ki, beynəlxalq səviyyədə qurulan tərəfdaşlığı inkişaf etdirərək müxtəlif xarakterli layihələr reallaşdırır və belə təşəbbüslərin əhatə dairəsi getdikcə daha da artır.

Ötən ildən etibarən ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən və ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldıqları məktəblərə yönəlmiş xeyriyyə layihəsinə əlavə olaraq cari ildə Heydər Əliyev Fondu tərəfindən Birləşmiş Ştatlarda fəaliyyət göstərən bəzi sosial və xeyriyyə yönümlü qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Belə layihələrdən biri də ABŞ-ın “Urban Alliance” (Şəhər Alyansı) təşkilatı ilə qurulmuş əməkdaşlığa əsaslanır ki, bu təşkilatın əsas məqsədi ali təhsillərini yenicə tamamlamış gənclərə peşə həyatına aparan yolda təlim və təcrübələr vasitəsilə dəstək olmaqdır. Bu layihəyə başlanılması münasibətilə “Urban Alliance” təşkilatının Vaşinqtondakı ofisində tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə Fondun məqsəd və məramlarından söhbət açmış və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qurumun ildən-ilə artan fəaliyyəti və əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir. Mehriban Əliyevanın təhsilə ayırdığı diqqət və gənclərə göstərdiyi qayğını xüsusi vurğulayan C.Paşayeva-Seyidzadə bu mənada Heydər Əliyev Fondu və “Urban Alliance” təşkilatının oxşar cəhətlərə malik olduğunu bildirmişdir. “Urban Alliance” təşkilatı ilə birgə layihədən danışan Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi bu layihənin ilk iştirakçılarının seçiminin 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyini və bu münasibətlə Fondun dəstəyi ilə iş təcrübəsi keçəcək birinci üç iştirakçının layihəyə müraciət etmiş gənc qızlar arasından seçildiyini söyləmişdir.

Sonra Heydər Əliyev Fondunun fəaliyyətini əks edən film nümayiş etdirilmişdir.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr və əldə etdiyi uğurlar barədə danışmışdır. O, Fondun çoxsaylı layihələri arasında qadınların cəmiyyətdəki mövqeyinin güclənməsinə yönəlmiş fəaliyyətini önə çəkərək, Pakistanda inşa edilmiş qızlar məktəbini misal göstərmiş, eləcə də “Urban Alliance” təşkilatı ilə birgə layihədən bəhrələnəcək birinci üç gəncin məhz qızlar olmasının təsadüfi xarakter daşımadığını söyləmişdir. E.Süleymanov, həmçinin birgə layihənin xalqlarımız arasında əlaqələrin genişlənməsinə xidmət etdiyini bildirmişdir.

“Urban Alliance” təşkilatının idarə heyətinin rəhbəri Mari Zients, prezident İşuana Smit və strateji tərəfdaşlıq üzrə direktoru Meqan Vudberi çıxış edərək qurumun fəaliyyət istiqamətləri haqqında danışmış, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnunluqlarını bildirmiş və bu əməkdaşlığın uğurlu olacağına inandıqlarını söyləmişlər. Daha sonra tədbir iştirakçıları “Urban Alliance” təşkilatı haqqında filmə baxmışlar. / AzərTAc/


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu