Modern.az

MİLLİ TƏHLÜKƏSİZLİYİMİZ ETİBARLI ƏLLƏRDƏDİR

MİLLİ TƏHLÜKƏSİZLİYİMİZ ETİBARLI ƏLLƏRDƏDİR

28 Mart 2014, 09:02

Ən qədim dövrlərdən müasir dövrümüzə qədər hər bir dövlətin xüsusi xidmət orqanları - onun milli təhlükəsizliyini qoruyan, təmin edən orqanlar olubdur və bu gün də bütün dünyada heç bir dövlət tapmaq olmaz ki, onun dövlət atributları içərisində belə bir orqan olmasın. Müstəqil Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaranıbdır. Ancaq bu, boş yerdə yaranmayıbdır, bunun tarixi kökləri var və tarixi köklərini də düzgün müəyyən etmək lazımdır. Azərbaycan Respublikasının təhlükəsizlik orqanının başlanğıc tarixini 1919-20-ci illərdə yaşamış ilk Azərbaycan Demokratik Respublikasının bu məqsəd üçün yaratdığı orqandan götürmək doğru, düzgün və çox məqsədəuyğun qərardır.

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

 

Bu gün Milli Təhlükəsizlik Nazirliyi inkişaf dövrünü yaşayır. Həm peşəkarlıq artır, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xoşagəlməz halların aşkar edilməsinə və qarşısının alınmasına baxmayaraq, əfsuslar olsun ki, onların sayı artır. Bu da təbiidir. Çünki ölkəmiz inkişafdadır. Azərbaycan müstəqil siyasət aparır. Bu, heç də bütün xarici dairələrin ürəyincə deyildir... Ölkəmizi təhlükələrdən qorumaq üçün Milli Təhlükəsizlik Nazirliyi çox uğurla, peşəkarlıqla çalışır. Əminəm ki, bu səviyyə gələcəkdə də təmin ediləcəkdir. Milli təhlükəsizlik orqanlarının əməkdaşları vətənpərvər, öz Vətəninə, Azərbaycanın müstəqilliyinə bağlı olan insanlardır. Bu gün Milli Təhlükəsizlik Nazirliyi öz üzərinə düşən funksiyaları çox şərəflə, ləyaqətlə yerinə yetirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanları 95 illik yubileyini ölkəmizin həyatında böyük siyasi və tarixi nailiyyətlər fonunda qarşılayır. Müstəqil Azərbaycan dövləti ulu öndərimizin  layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahə və istiqamətlərində dünyada analoqu olmayan uğurlara imza atır. Son illərin faktiki göstəriciləri, xalqın rihaf halının daha da yüksəlməsi bunu əyani şəkildə təsdiqləyir. Ölkə rəhbərinin söylədiyi kimi, öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olan Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb. Respublikamız hərtərəfli tərəqqi edir, müasirləşir, paytaxtla bölgələrin inkişafı arasındakı fərq aradan qalxır. Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə, sabitlik, təhlükəsizliyimizin etibarlı təminatı, dinamik inkişaf və bütün həyati əhəmiyyətli sahələrdə tərəqqi ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir. Təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Odur ki, indiki mərhələdə təhlükəsizlik məsələləri ölkəmiz üçün daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: "Bizim uğurlu inkişafımızı istəməyən qüvvələr də var. Biz onları bilirik və mübarizə aparırıq. Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir".

 

Varislik prinsipi

 

Azərbaycanın milli təhlükəsizlik orqanlarının keçdiyi çətin, eyni zamanda,  şərəfli və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. Siyasi quruluşdan asılı olmayaraq bütün zamanlarda təhlükəsizlik orqanlarının fəaliyyəti daim gərəkli olmuşdur. Müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində müstəsna rol oynamış Azərbaycan milli təhlükəsizlik orqanlarının yubileyi bu baxımdan yalnız orqanın işçiləri üçün deyil, ictimaiyyətimiz üçün də əlamətdardır. Belə ki, təhlükəsizlik sistemi demokratik-hüquqi cəmiyyətin etibarlı sipəridir, xalqın, dövlətin və hər bir fərdin təhlükəsizliyini təmin edir. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulmuş və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən təhlükəsizlik imkanlarına malikdir. Müstəqilliyini bərpa etməsindən cəmi iyirmi il keçməsinə baxmayaraq, möhtəşəm uğurlara nail olmuş Azərbaycanın təcrübəsi sübut edir ki, milli maraqların qorunması, siyasi, iqtisadi, mədəni və digər sahələrdə təhdidlərin qarşısının qətiyyətlə alınması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir. Dövlətimizin təhlükəsizlik sistemi də yenidən formalaşdırılmış və yüksək tələblər səviyyəsində təkmilləşdirilmişdir. Bu əlamətdar gündə ənənəvi olaraq, milli təhlükəsizlik orqanlarının tarixinə, görülmüş işlərə, qarşıda duran mühüm vəzifələrə bir daha nəzər salınır. Azərbaycanın dövlətçilik tarixində təhlükəsizlik orqanlarının özünəməxsus yeri vardır. Müstəqilliyimizlə bərabər böyüyən və inkişaf edən Azərbaycan milli təhlükəsizlik orqanları 95 illik şanlı tarixə malikdir. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması zərurətini doğururdu. Ölkənin xaricdən işğal qarşısında qalması təhlükəsizlik aspektlərinə xüsusi diqqət yetirməyi, başlıca məsuliyyəti bu strukturlara tapşırmağı tələb edirdi. 1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və baş qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bundan sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü.

Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunduğundan Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürmüşdür. Müstəqilliyin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun təhdidlərdən qorunması, vətəndaşların hüquq və mənafelərinin təmin edilməsi milli təhlükəsizlik siyasətinin ən vacib elementləri və əsas məqsədləri kimi hər bir dövlətin qarşısında dayanan başlıca vəzifələrdir. Təsadüfi deyil ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölməsi öz fəaliyyətinə erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarının və azərbaycanlılara qarşı soyqırımı siyasətinin, həmçinin ölkə daxilində müxtəlif xarakterli təxribatların qarşısının alınması ilə başlamışdı.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səylərini davam etdirmək mümkün olmadı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublikanın digər dövlət strukturları kimi, təhlükəsizlik sisteminin də fəaliyyəti sovet ideologiyasının tələblərinə uyğun formalaşdırıldı.

 

Azərbaycan təhlükəsizlik orqanları tarixinin şanlı səhifələri

 

Ötən əsrin ortalarından etibarən respublika təhlükəsizlik orqanlarında tədricən tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış insanların hüquqi və mənəvi bəraət alması istiqamətində məqsədyönlü işlər görülməsinə başlandı. İftixar doğuran haldır ki, bu prosesdə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanları sıralarında öz xalqına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Sıravi əməkdaşdan ən yüksək vəzifəyə - DTK-nın sədri vəzifəsinə və general rütbəsinə yüksəlmiş Heydər Əliyevin xalq və Vətən qarşısında ən misilsiz xidmətlərindən biri, demək olar ki, ən önəmlisi Azərbaycan xalqının milli genofondunu, milli-mədəni irsini xilas etməyə, onu qoruyub saxlamağa çalışması və bütövlükdə buna nail olmasıdır.

Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı olmuşdur. Bu dövrdə respublika dövlət təhlükəsizlik orqanları ilk dəfə olaraq milli kadrlar hesabına formalaşmağa və möhkəmlənməyə başlanıb. Heç kəsə sirr deyil ki, həmin dövrə qədər bu orqanlarda əməkdaşların 80-90 faizini qeyri-millətlər təşkil edirdi. Bu səlahiyyətli orqanda özlərinə "isti yuva" salmış ermənilər, daşnak tör-töküntüləri milli genofondumuzu məhv etmək üçün dəridən-qabıqdan çıxırdılar. Məhz Heydər Əliyev bunların qarşını qətiyyətlə aldı, çox məharət və ustalıqla təmizləmə prosesini həyata keçirdi. Həmin dövrdə təhlükəsizliyin təminatında respublikamızın və xalqımızın maraqlarının ön plana çəkilməsi, qorunması və milli özünüdərkin dirçəldilməsi məqsədilə və ümumən Azərbaycanın gələcəyinə hesablanmış mühüm tədbirlər həyata keçirilmişdir. Ulu öndər xalqımızın mənafelərini, milli-mənəvi irsini, milli təfəkkür və dəyərlər sistemini keçmiş rejimin amansız təhdidlərindən qorumaq naminə böyük iradə, dəyanət nümayiş etdirmişdir. Bu baxımdan, Heydər Əliyevin repressiya qurbanlarına bəraət verilməsi istiqamətində gördüyü işlər onun vətənpərvərlik duyğularından irəli gəlir və azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edirdi.

Milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc əməkdaşların keçmiş SSRİ-nin xüsusi təyinatlı təhsil müəssisələrinə göndərilməsi, ümumiyyətlə, milliləşmə prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Buna görə də Heydər Əliyevin bu spesifik sahədəki ölçüyəgəlməz və milli hisslərə söykənən zəngin fəaliyyəti daim böyük ehtiramla xatırlanacaq, onun peşəkarlıq məktəbindən dönmədən bəhrələnəcəklər.

Heydər Əliyev hələ sovetlər dövründə bəşəriyyətin ən aktual çağırışlarına cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi idi. 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlişinin ilk günündən daim xalq arasında olan, onun yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan dahi şəxsiyyət o vaxt respublikada hökm sürən rüşvətxorluğa və korrupsiyaya qarşı qəti və prinsipial mübarizəyə başladı və qısa müddətdə bunun müsbət nəticələri hər bir insanın həyatında özünü göstərdi. Azərbaycanda möhkəm nizam-intizam, qayda-qanun yaradıldı. Heydər Əliyevin "Literaturnaya qazeta"nın 18 noyabr 1981-ci il tarixli nömrəsində "Qoy ədalət zəfər çalsın" başlıqlı müsahibəsi nəinki respublikamızda və bütün ittifaq məkanında, eləcə də xaricdə böyük əks-səda doğurdu. Bu məqalədə Heydər Əliyev ilk şəxsiyyətlərdən və rəhbərlərdən idi ki, sistemin və cəmiyyətin nöqsanları, korrupsiya haqqında və rəhbər şəxslərin mənəvi prinsipləri qorumağa və müdafiə etməyə borclu olması barədə açıq və geniş danışmışdı. Azərbaycanda 50-60-cı və daha əvvəlki illərdən "miras" qalmış çoxsaylı nöqsanlara, pozuntulara qarşı başlanmış mübarizədən, adları qanun üçün uzun illər toxunulmaz və əlçatmaz sayılan adamların sensasiyalı ifşasından, qanun çərçivəsində sərt cəzalandırılmasından ətraflı söz açmışdı. Bununla da, SSRİ-i kimi nəhəng bir ölkənin çoxmilyonlu əhalisi Heydər Əliyevin timsalında müttəfiq respublikanın birinci katibinin rüşvətxorluq, ictimai əmlakın talanması və digər mənfi hallara qarşı o zaman üçün qeyri-adi görünən barışmaz mübarizə aparılması üzrə baxışlarına, çağırışlarına və konkret əməli fəaliyyətinə heyran qalmışdır.

Ulu öndərimiz Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətləri onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə göstərib. Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və idarəçilik keyfiyyətləri, tükənməz enerji istər ötən əsrin 70-80-ci illəri, istərsə də 1993-cü ildən sonrakı dövrü xarakterizə edən başlıca amillərdir.

Əsrlər boyu azərbaycanlıların milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, xalqı mübarizə ruhunda kökləyən ən ali ideya Azərbaycanın istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi olmuşdur. 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi xalqımızın böyük tarixi nailiyyətidir. Onu da xüsusi vurğulamaq istərdim ki, müstəqilliyin ilk günlərindən milli təhlükəsizlik orqanlarının əməkdaşları əldə silah ölkənin ərazi bütövlüyünün müdafiəsinə qalxdılar. Əzəli və əbədi Azərbaycan torpağı Qarabağda qəsbkarlara qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmək məqsədilə könüllülük əsasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət xüsusi təyinatlı dəstə yaradıldı. Dəstənin bir çox üzvləri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, orden, medal və mükafatlara layiq görüldülər. Lakin 1991-1993-cü illərdə ölkə həyatının digər sahələrində olduğu kimi, təhlükəsizlik məsələlərində də ciddi problemlər, boşluqlar yaranmışdı. Pozucu qüvvələr ölkədə milli-etnik münasibətləri süni şəkildə qızışdırmağa çalışır, separatizmin və ekstremizmin müxtəlif formalarda təzahür etməsinə rəvac verirdilər.

Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan

 müstəqil dövlət kimi özünü elan etdikdən sonra daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarlarının törətdiyi müharibənin acı nəticələri, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Dövlət strukturlarının, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin də keyfiyyətcə yenidən təşkili, sözün əsl mənasında, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, dövlət orqanlarının yenidənqurma prosesinin tərkib hissəsi kimi 1993-cü ilin ortalarından başladı.

1993-cü ilin iyununda xalqın israrlı xahişi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu başlıca məsələlərdən biri ölkəmizin milli maraqlarına cavab verə biləcək düzgün siyasi kursun müəyyən olunması əsasında müstəqil Azərbaycan dövlətinin etibarlı təhlükəsizlik siyasətinin hazırlanması və həyata keçirilməsi idi.

Ulu öndər təhlükəsizlik orqanlarının fəaliyyətinin yüksək səviyyədə qurulmasını incəliklərinə qədər gözəl bilirdi və bunun sayəsində ciddi islahatlar həyata keçirildi. Həmin dövrdən etibarən ölkədə hüquq- mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının qarşısında duran başlıca vəzifələrin müəyyənləşdirilməsi və reallaşdırılması, xarici xüsusi xidmət orqanlarının və ayrı-ayrı düşmən dairələrin, destruktiv qüvvələrin həyata keçirmək istədikləri kəşfiyyat, təxribat-pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində ciddi işlərə başlandı və tədricən, lakin qətiyyətlə mühüm nailiyyətlər əldə olundu.

Ümummilli lider Heydər Əliyev özünə doğma saydığı təhlükəsizlik orqanlarına diqqət və qayğısını heç bir zaman əsirgəməmiş, Azərbaycan xalqına qarşı yönəlmiş qüvvələrlə mübarizənin ön sıralarında dayanan və ölkənin milli təhlükəsizliyini təmin etmək kimi müqəddəs bir missiyanı şərəflə yerinə yetirən bu strukturun möhkəmlənməsini dövlətin qarşısında dayanan ən mühüm və başlıca vəzifələrdən biri kimi dəyərləndirmişdir. Ulu öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" sərəncamı da bu diqqət və qayğının, varislik prinsipinə hörmətin, xüsusi xidmət orqanlarının müstəqil dövlətçiliyimiz qarşısındakı xidmətlərinə göstərilən böyük etimadın təcəssümüdür. Bu sərəncamla hər il mart ayının 28-i ölkəmizdə milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanı sarsılmaz dövlətə çevirmək, onun müstəqilliyini əbədiləşdirmək və təhlükəsizliyini etibarlı təmin etmək üçün təxirə salınmadan xalqımıza və dövlətçiliyimizə son dərəcə sədaqətli, vətənpərvər, sağlam milli düşüncəyə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, geniş dünyagörüşünə və əməliyyat səriştəsinə malik milli kadr potensialı yetişdirmək lazımdır. Məhz bu əsas amilləri nəzərə alaraq hərbi təhsili siyasi kursunun tərkib hissəsinə çevirmiş ümummilli lider Heydər Əliyev Azərbaycanın milli təhlükəsizlik orqanlarını xüsusi ixtisaslı ali təhsilli milli zabit kadrlarla təmin etmək üçün 1 dekabr 1998-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis edilməsi haqqında sərəncam imzaladı.

Ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında çalışdığı və ona rəhbərlik etdiyi illər böyük tarixi əhəmiyyət kəsb edir və ictimaiyyətimiz, peşəkarlar tərəfindən bu strukturun tarixinin ən şanlı səhifələri kimi qəbul olunur.

 

Yeni dövrün çağırışları və vəzifələri

 

Qloballaşma proseslərinin vüsət aldığı müasir dövrümüz milli təhlükəsizlik sahəsində adekvat ixtisaslı tədbirlərin həyata keçirilməsini zəruri edir. Geostrateji mövqeyi baxımından beynəlxalq maraqların kəsişdiyi bir məkanda yerləşən Azərbaycanın son illərdə dinamik inkişafının, tranzit əhəmiyyətinin artması, transkontinental neft-qaz kəmərlərinin işə düşməsi, dünya nizamının dəyişkənliyi, mürəkkəbliyi və ziddiyyətli olması, terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın genişlənməsi təhlükəsizlik məsələlərini daha qabarıq formada üzə çıxarır və mübarizənin keyfiyyətcə yeni formada, müasir tələblərə uyğun aparılmasını vacib edir. Fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya  gətirməsi, dini və milli tolerantlığı ilə tanınan Azərbaycanda bu faktor xüsusilə aktualdır. Azərbaycan üçün təhlükəsizlik məsələlərinin önəm kəsb etməsi həm də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün bu gün də davam etməsi ilə şərtlənir. Münaqişənin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən indiyədək həllini tapmaması, zəbt olunmuş torpaqlarda terrorçuların hazırlanması, narkotik vasitələrin kultivasiyası, silah qaçaqmalçılığı məqsədilə istifadə edilməsi nəinki Cənubi Qafqaz regionu, hətta beynəlxalq aləm üçün real təhlükədir.

Lakin iftixarla qeyd etmək olar ki, bu gün ölkəmizin yüksək iqtisadi inkişafı və düşünülmüş milli təhlükəsizlik strategiyası təhlükəsizliyimizə yönələn hər cür təhdidlərə qarşı möhkəm və sarsılmaz sipər yaratmağa imkan verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "İndi texniki imkanlarımız elədir ki, bizə qarşı hətta planlaşdırılan hər hansı bir təxribatın qarşısını vaxtında almaq üçün imkan vardır". Ümummilli liderin Azərbaycanın milli təhlükəsizliyinin, maraq və mənafelərinin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir, qloballaşan müasir dövrün tələblərinə uyğun olaraq məzmun və keyfiyyətcə daim zənginləşdirilir.

Milli təhlükəsizlik orqanları Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqətini və qayğısını daim hiss edir. Ölkə rəhbəri dəfələrlə milli təhlükəsizlik orqanlarının əməkdaşları ilə görüşmüş, xidmətdə fərqlənənləri təltif etmiş, ali rütbələrin verilməsi ilə bağlı sərəncamlar imzalamış, ümummilli liderin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında, "N" hərbi hissəsində və hərbi hospitalında ucaldılmış abidələrinin, "Şöhrət" muzeyinin açılışında, eləcə də Döyüş bayraqlarının təqdim edilməsində və digər mərasimlərdə iştirak etmişdir.

Son illər təhlükəsizlik sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm qərarlar və qanunvericilik aktları qəbul edilmişdir. Bu baxımdan, Azərbaycan Respublikasının "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında",  "Dövlət sirri haqqında" və digər qanunlar, dövlət başçısı İlham Əliyevin  23 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Milli Təhlükəsizlik Konsepsiyası ölkəmizin təhlükəsizlik siyasətini müəyyənləşdirən çox mühüm sənədlərdir. Bu sənəd və aktlarda milli maraqların və təhdidlərin anlayışı verilmiş, təsnifatı aparılmış, milli təhlükəsizliyin təminatı sahələri və sistemin əsas elementləri, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi çərçivəsi, ölkənin milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində vəzifə və səlahiyyətləri dəqiq müəyyənləşdirilmişdir.

Ölkə qanunvericiliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin qarşısında qoyulmuş mühüm vəzifələrdən olan terrorçuluqla mübarizə üzrə son illər aparılmış fəaliyyətin nəticələrini ümumiləşdirərək qeyd edə bilərik ki, bu dövrdə terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə, konstitusiya quruluşunun əsaslarının dəyişdirilməsi kimi ictimai təhlükəli əməllər törətmiş və ya törətməyi planlaşdıran terrorçu və dini radikal-ekstremist qruplar, qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir.

Transmilli mütəşəkkil cinayətkarlıq və onun ən təhlükəli formalarından olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə digər mühüm fəaliyyət istiqamətidir. Narkobiznesdən əldə edilən gəlirlərin müxtəlif transmilli cinayətlərin, xüsusən də, terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi, habelə milli genofonda vurduğu zərər onun təhlükəlilik dərəcəsini daha da artırır. Müstəqillik illəri ərzində, xüsusən də, son 10 ildə milli təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən tonlarla narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

2013-cü ildə mühüm qlobal əhəmiyyətli TANAP və TAP qaz kəməri layihələrinin reallaşdırılması istiqamətində atılan qətiyyətli addımları, 17 dekabr 2013-cü ildə Bakıda "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasını və s. bu kimi önəmli yenilikləri nəzərə alan Milli Təhlükəsizlik Nazirliyi rəqib və düşmən dairələrin, hər cür pozucu qüvvələrin ölkəmizin inkişafına təkan verən bu tarixi hadisələrə mane ola bilməməsi üçün sayıqlığı daha da artırmışdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin - "...ölkəmizin coğrafi-siyasi vəziyyətini, təbii ehtiyatlarını və ərazimizdən keçən neft-qaz kəmərlərini, nəhəng enerji layihələrinin Azərbaycanda həyata keçirilməsini nəzərə alsaq, görərik ki, müxtəlif dairələrin diqqəti Azərbaycana yönəlmişdir. Biz buna hazır olmalıyıq. Yeni zəmanənin çağırışlarına hazır olmalıyıq" - tələbini fəaliyyət prinsipi kimi əldə rəhbər tutan təhlükəsizlik orqanları əməliyyat şəraitini daim diqqət mərkəzində saxlamışdır.

Qarşıya qoyulan vəzifələrin icrası zamanı Milli Təhlükəsizlik Nazirliyi hüquq-mühafizə orqanları və digər dövlət qurumları ilə sıx əməkdaşlıq prinsipindən çıxış edir. Milli Təhlükəsizlik Nazirliyi iqtisadiyyat, energetika, nəqliyyat, təhsil, səhiyyə, ekologiya, elm, mədəniyyət, səhiyyə və digər sahələrdə milli maraqların təminatında aidiyyəti qurumlarla işgüzar əməkdaşlıq formasında yaxından fəaliyyət göstərir. Digər tərəfdən, beynəlxalq əlaqələrin qurulması və səmərəli əməkdaşlıq hər bir dövlət orqanı üçün vacib şərtdir. Tərəfdaşlıq münasibətləri eyni zamanda, ümumi təhdidlərə qarşı mübarizə baxımından da mühüm əhəmiyyət kəsb edir. Hazırda Milli Təhlükəsizlik Nazirliyi onlarla xarici xüsusi xidmət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri qurmuşdur.

Milli Təhlükəsizlik Nazirliyində vətəndaşlarımızın informasiya əldə etmək hüququna, aşkarlıq prinsipinə, ümumiyyətlə, ictimaiyyətlə əlaqələrin səmərəli təşkilinə diqqətlə yanaşılır. Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin işıqlandırılması, görülən tədbirlər, əldə edilən nəticələr barəsində cəmiyyətin çevik məlumatlandırılması təmin edilir.

 

Uğurlarla zəngin il

 

2013 uğurlarla zəngin il kimi yadda qaldı. 2013-cü ildə ən mühüm hadisə cənab İlham Əliyevin son 10 illik fəaliyyətinə verilən yüksək qiymətin nəticəsi kimi onun ümumxalq səsverməsi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi idi. Bu, həm ötən illərin möhtəşəm uğurlarının təsdiqi, həm də gələcək nailiyyətlərimizin etibarlı təminatı deməkdir.

Ötən peşə bayramından keçən bir illik dövr də Azərbaycanın siyasi, hərbi və iqtisadi maraqlarına qarşı yönələn təhdidlərin, terror-təxribat və kəşfiyyat-pozuculuq niyyətlərinin qarşısının alınması, müstəqil dövlətimizin milli təhlükəsizlik maraqlarının etibarlı qorunması baxımından uğurlu mərhələ olmuşdur.

Ötən ildə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri milli təhlükəsizlik orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri kimi xüsusi diqqətdə saxlanmış, narkotik vasitələrin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan alveri, çirkli pulların yuyulması, kibercinayətlər və digər bu kimi transmilli mütəşəkkil cinayətkarlıq təzahürləri ilə mübarizə sahəsində bir sıra önəmli nəticələr əldə edilmişdir.

Azərbaycan Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yürütdüyü siyasi kursa Milli Təhlükəsizlik Nazirliyi də öz funksiya və səlahiyyətləri çərçivəsində töhfə verməyə çalışır. Ötən il Ermənistanın terrorçuluq və silahlı təcavüzkarlıq siyasətinə qarşı məqsədyönlü informasiya mübarizəsinin təşkili, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği, düşmənin riyakarlıqlarının ifşası baxımından da yaddaqalan bir il olmuşdur. Xüsusən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xətti ilə bu istiqamətdə səylər daha da gücləndirilmiş, erməni terroru, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan həqiqətləri ilə bağlı minlərlə müxtəlif sənədli filmin, kitabın və digər elektron və çap vasitələrinin bütün dünyada yayılması davam etdirilmişdir. Bu istiqamətdə görülən işlərin tərkib hissəsi kimi, xarici ölkələrdə fəaliyyət göstərən elm adamları, politoloqlar, konfliktoloqlar, nüfuzlu ictimai xadimlərlə də əməkdaşlıq əlaqələri genişləndirilmiş, ermənilərin əsassız iddialarını, saxtakarlıqlarını sübuta yetirən dolğun məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması təmin olunmuşdur.

Xarici tərəfdaşlarla işgüzar əlaqələr Milli Təhlükəsizlik Nazirliyi üçün daim böyük önəm daşıyır. Çünki qloballaşan dünyamızda ölkələrin milli maraqlarına qarşı yönəlmiş bir çox təhdidlərin neytrallaşması xüsusi xidmət orqanlarının işgüzar əməkdaşlığını, effektiv informasiya və təcrübə mübadiləsini zəruri edir. Ona görə Milli Təhlükəsizlik Nazirliyində də bu istiqamətin inkişafına xüsusi diqqət yetirilir. Hazırda Milli Təhlükəsizlik Nazirliyi onlarla xarici ölkənin analoji qurumları ilə qarşılıqlı əlaqələri həyata keçirir və eyni zamanda, bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını daim inkişaf etdirir.

Milli təhlükəsizlik siyasətinin, milli maraqların qorunmasının yeni məzmunda təşkili və təkmilləşdirilməsi baxımından "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, informasiya cəmiyyətinə keçidin təmin olunması, institusional islahatların davam etdirilməsi və sair məsələlər üzrə hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi ölkəmizin sürətli inkişafını təmin edəcək və bu işdə milli təhlükəsizliyin səmərəli təşkili mühüm rol oynayacaqdır.

2013-cü il  oktyabrın 19-da Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində cənab İlham Əliyev demişdir: "Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır, heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır".

Azərbaycan xüsusi xidmət orqanları bu qətiyyətli bəyanatı üzərimizə düşən vəzifə və böyük məsuliyyət kimi qəbul edir, daim səfərbər və ayıq-sayıq olmağa çalışır. Milli Təhlükəsizlik Nazirliyi bu gücün, qüdrətin, ölkəmizin müstəqil siyasət kursunun daim qorunması üçün bundan sonra da bütün imkanlarından istifadə etmək, Azərbaycan Respublikasının Prezidentinin yüksək inam və etimadını dönmədən və layiqincə doğrultmaq əzmindədir.

Bu gün 28 mart - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günüdür. Bu əlamətdar gün münasibətilə bütün əməkdaşlarımızı və veteranlarımızı təbrik edir, onlara uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatlarında və xidməti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır, hər bir əməkdaşımızı öz əzmkar və fədakar fəaliyyəti ilə dövlətçiliyi və müstəqilliyi rəşadətlə qorumağa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli maraqlara xidmət edən dövlətçilik kursunun və təhlükəsizlik strategiyasının layiqli daşıyıcıları olmağa, Ali Baş Komandanın bütün əmr və göstərişlərini bundan sonra da dərhal və qüsursuz yerinə yetirməyə çağırıram.

 

Eldar MAHMUDOV,

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-polkovnik

"Azərbaycan" qəzeti, 28 mart 2014

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir