Modern.az

“Uşaq aqressivliyinin təqsirkarı KİV-dir”-Deputatdan açıqlama

“Uşaq aqressivliyinin təqsirkarı KİV-dir”-Deputatdan açıqlama

28 Mart 2014, 09:33

Zaman keçdikcə həyat tərzi və dəyərlərin dəyişməsi genetik inkişafa da təsirsiz ötüşmür.

Bu gün məktəbəqədər və məktəb dövründə olan uşaqlar da əvvəlki uşaqlara bənzəmir. Modern.az-a açıqlama verən deputat, tibbi genetika üzrə mütəxəssis Kamilə Əliyeva uşaqların dəyişimini iki cür qiymətləndirir:   “İki tərəfli - həm müsbət, həm də mənfi tərəfdən yanaşma var. Müsbət tərəfdən odur ki, indi uşaqlar 20 il bundan əvvəlki uşaqlardan daha çox inkişaf ediblər. Yəni onların dünya görüşləri, qavrama qabiliyyətləri əvvəlki uşaqlardan daha çox inkişaf eləyib. Bu inkişafı mən müsbət qarşılayıram. Biologiyada buna akselerasiya hadisəsi deyirlər. Bizim uşaqlarda sürətli inkişaf gedir. Bu yaxşıdır. Amma digər tərəfdən uşaqların belə inkişafında aqressivlik müşahidə olunması da danılmaz bir faktdır. Mən bu məsələdə ən çox səbəb kimi Kütləvi İnformasiya Vasitələrini görürəm. İndi internet əsri olduğuna görə demək olar ki, məktəb yaşına qədər olan uşaqların kompüterdən istifadə etmək bacarıqları var. Artıq 3 yaşından yuxarı uşaq sərbəst kompüterin qarşısına keçib özünə lazım olan cizgi filmini tapır, nəyəsə baxır. İndiki cizgi filmləri, ümumiyyətlə kompüterdə olan cizgi filmləri uşaqlarda aqressivliyi artırır. Mən hətta bir neçə dəfə bununla əlaqədar məsələ qaldırmışam. Siz fikir verin, uşaqlarımız məhz aqressivliyin çox olduğu cizgi filmlərinə baxır. Onların oynadığı oyunlar da ancaq öldürmə, vurma, yıxma və s. ilə bağlıdır. Bax, bu da uşaqların formalaşmasında çox mənfi rol oynayır”.

K. Əliyeva belə aqressivliyin qarşısının alınmasında ailənin böyük rol oynadığını deyir: “Ailədən çox şey asılıdır. Bu uşaqlar indi elə yaş dövründədir ki, onlar sərbəst surətdə internet kluba gedib istədikləri şeylərə baxmırlar. Hər halda ev şəraitində baxırlar. Ona görə də ilk növbədə valideynlər çalışmalıdır ki, öz uşaqlarına elə kasetlər, disklər alıb versinlər ki, orada aqressivlik olmasın. Çünki bu sonradan uşaqların formalaşmasında, gənclik dövrlərinə çox mənfi təsirini göstərmiş olur. Və yaxud müəyyən yaş dövründədi, uşaqdı, oturur, televizora baxır, görür. Xəbərlər proqramı vasitəsilə kimsə kimisə öldürdü, ata oğlunu öldürdü, ana qızını öldürdü, valideyn övladı öldürdü, övlad valideyni öldürdü kimi xəbərlər təqdim olunur. İstər-istəməz hətta baxmasa belə müəyyən yaş dövründə uşağın qulaqları bunu eşidir. Bu da onlara çox mənfi təsir eləyir. Ona görə də son dövrlər belə təsirlərin aradan qaldırılması valideynlərin qarşısında ən aktual məsələlərdən biri olmalıdır”.  

 

Misranə Həsənzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır