Modern.az

“Qürbətin doğma məzarları” - Sufi Nigarinin möcüzəli qəbri - LAYİHƏ

“Qürbətin doğma məzarları” - Sufi Nigarinin möcüzəli qəbri - LAYİHƏ

28 Mart 2014, 09:54


Modern.az saytı 
vətənində deyil, qürbətdə “uyuyan”, müəyyən səbəblərdən, yaxud hansısa missiya naminə doğma məkanı tərk edən və həyatla da orada vidalaşan tanınmış simaları tanıtmaq qərarına gəlib.

Layihənin növbəti  qəhrəmanı  klassik Azərbaycan sufizminin son nümayəndəsi hesab olunan Seyid Həmzə Nigaridir. O, Türkiyənin Harput ərazisində vəfat etsə də, vəsiyyətinə əsasən Amasyaya gətirilib və oğlunun yanında dəfn edilib. Daha sonralar isə onun məzarının yerləşdiyi yerdə türbə inşa olunub. Hazırda ora pir kimi ziyarət edilməkdədir.  Amma  simvolik olaraq sufi şeyxlərinin sonuncusu hesab olunan Seyid Həmzə Nigarinin Qarabağ, Qazax, Ağsuda da xatırladacaq obyektlər, tikililər mövcuddur.

O, XVIII əsrin sonunda Qarabağın Cicimli kəndində dünyaya gəlib. Atası Mirpaşa Rüknəddin çar ərazisində islamın təbliğinə görə təxribat nəticəsində öldürülür.  O vaxt gələcəyin sufi alimi cəmi 9 aylığında idi. Amma atasının üzləşdiyi tale gələcəkdə onu da izləyəcəkdi. Belə ki, Nigari Şeyx Şamilin başçılıq etdiyi dağ döyüşçü-müridlərinə vəsf etdiyi şeirlər və islamın təbliğinə görə doğma vətəndən uzaqlaşmalı olur. Müridləri onu Türkiyəyə yola salırlar. 1867-ci ildə müridlərinin yardımıyla Qarabağa gələn Seyid Həmzə orada hələ də təhlükə altında yaşayan ailəsini – yoldaşı Əminə xanımı və oğlu Siracəddini götürüb Amasyaya gətirərək burada yaşamağa başlayır. Amasyada nəqşibəndi təkyəsi quraraq insanları ətrafına toplayıb onları irşad edir.

22 yaşında vəfat edən oğul

Yazımızın əsas səbəbi də yəni sufinin qerbətdə uyumasının nədəni də məhz, bu yarımbaşlıqdır. Çünki Seyid Nigarinin sevimli oğlu və müridi olan Siracəddin 1875-ci ildə 22 yaşında  Amasyada vərəmdən vəfat edir. Bu hadisə sufi şeyxinin bütün ruhunu sarsıdır. Şeirlərinin çoxusunu da oğlu və Qarabağ barədə yazır. Çünki Amasyada böyük hörmət-izzət sahibi olanda belə onu bu iki həsrət - vətən və oğul həsrəti üzür. Odur ki, oğlundan 10 il sonra yəni 1885-ci ilin yayında Harputda vəfat edərkən yeganə istəyi ya Qarabağda, ya da oğlunun yanında dəfn olunmaq olur. Onun Qarabağla bağlı vəsiyyəti mümkün olmur. Elə son anlarını yaşayan sufiyə bildirilir ki, Harputdan Qarabağa bir cənazəni aparmaq qeyri-mümkündür. Nigari həzrətləri ikinci dəfə xahiş edib ki, onda onu oğluyla qovuşdursunlar. Çünki onlar bəzi səbəblərdən Amasyadan Harputa sürgün olunmuşdu. Amasyada qazandığı nüfuz Osmanlını qorxuya saldığından oranı tərk edən sufi “oğlu”ndan da uzaqlaşmışdı. Amma bu vəsiyyət yerinə yetirilir. Müridlər və yaxın qohumları yayın istisinə baxmayaraq, onu Amasyaya aparırlar. On günə yaxın yolda olmasına baxmayaraq cənazəyə heç nə olmur. Hətta dəfn edən vaxtı görürlər ki, on gün yol gələn cənazə ətrafa xoş qoxular yayır. 1894-cü ildə Azərbaycandan gələn yardımların hesabına onun məzarının yerində Seyid Həmzənin əmisi oğlu Mir Həsən tərəfindən türbə və sonralar “Şirvanlı” adlanacaq məscid tikilir.

Sürgün olduğu bütün şəhərlərdə o özünü böyük övliyya kimi tanıda bilir. Amma Nigari doğma Qarabağı heç vaxt unuda bilmir. Ömrünü sonunda da vətən həsrəti çəkən sufi doğma torpağa aid bir sıra şeirlər yazır:

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.
Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,
Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.
Gövsəri-tubi imiş çayi-çinari-Qarabağ,
Aləmi-cənnət imiş dar-diyari Qarabağ.
İmdi bildim nə imiş vəsfi-həzari-Qarabağ,
Yeridir ki, çəkərəm ah və zari-Qarabağ.
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı