Modern.az

İqtisadçı yay vaxtına keçidi dəstəkləyir: “Enerji sərfinə 5 faiz qənaət edilir”

İqtisadçı yay vaxtına keçidi dəstəkləyir: “Enerji sərfinə 5 faiz qənaət edilir”

İqtisadiyyat

28 Mart 2014, 10:20

Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü - martın 30-da saat 4.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, yaya vaxtına keçid Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq gerçəkləşdirilir.

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Saat əqrəblərinin irəli və ya geri çəkilməsi əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa dövlətlərində tətbiq edilir.

Modern.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlar ilə bağlı olsa da, kriminal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir.

“İqtisadi baxımdan bu qərarların əsas səbəbi, yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də sosial vətəndaşların yeni fəsilə adaptasiya edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır. Əvvəla yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa bilirlər. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir”.

Ekspert deyir ki, qış və yay vaxtlarının tətbiq edilməsinin doğru addımdır: “Çünki bu, Avropada tətbiq edilmiş və uzun müddət sınanılmış bir praktikadır. Tətbiq olunan praktika yalnız iqtisadi deyil, eyni zamanda psixoloji və digər aspektlərə də əsaslandırılır. Azərbaycanda bu sistemin tətbiqinin, həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artması aspektinə müsbət təsirləri var.
Yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzunmüddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir. Bu xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan aqrar sektor iş müddətinin uzanması baxımdan saat əqrəblərinin irəli çəkilməsindən udan sahə hesab edilir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!