Modern.az

“Ana, İranın iki dili var?” - FOTO - VİDEO

“Ana, İranın iki dili var?”  - FOTO - VİDEO

28 Mart 2014, 11:17

 

 

 

Qənirə Ataşova 

Hər bir insanın yaşadığı bu həyatda prioritetləri olur. Hər kəs tək olduğu kimi arzuları da tək olur. Rəngli dünyamızın, arzuları da rəngarəngdir. Oxumaq, öyrənmək, işləmək, sevmək, sevdiklərini sevindirmək və sair… Bura çox şey əlavə etmək olar. Mənə elə gəlir ki, bu həyatın ən gözəl üzlərindən biri də dünyanın maraqlı nöqtələrinə getmək və onları tanımaqdır. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun xanımı Sara Davutoğlu görüşdə mənə belə bir fikir söyləmişdi - Dünyanın gözəlliyi şərqdədir. O, əri Əhməd bəyin Malayziyada işlədiyi müddətdən danışarkən çox maraqlı nüanslara toxunur və şərqin gözəlliyini təsəvvür edirdi. O, danışdıqca, mən də gözəl xəyallar qurur və nə vaxtsa Şərq dünyasını qarış-qarış gəzəcəyimə özümü hazırlayırdım. Əslində imkanım olsa (imkan zamanı nəzərdə tuturam, mənə elə gəlir dünyanı tək bir libasla da gəzmək olar, dərvişlər kimi-Q.A) bu gün məhz bu missiya üçün dünyanı gəzər, ən maraqlı anları lentə köçürərəm. 

Bir də istəyirəm ki, mənim gördüyüm o gözəllikləri hər kəs, elə o cümlədən mənim balalarım da görsünlər və gözəlliyin məskəninin Şərq olduğunu duysunlar. (Çünki uşaqlarımız yalnız yerli və xarici TV-nin görmək istədiklərini görürlər-Q.A) Bu uşaqlarımla bərabər xaricdə tarixi yerləri görmək üçün 2-ci səfərim idi. Bundan əvvəl Azərbaycanı diyar-diyar gəzib onlara ölkəmizin ucqarlarını göstərməyə çalışmışdım. Çox uzatmayım, bu dəfə ünvan İranı seçdim. Mənim özüm üçün də bu ölkədə görmək istədiyim çox yerlər var. Bir də, Qərbin müsəlman dünyasındakı siyasətindən sonra belə bir qərara gəlmişdim ki, nə qədər ki, Şərqdəki gözəlliyi tam dağıtmayıblar oraları görmək lazımdır. Bunadək Əfqanıstanın gözəlliyi məhv edilmiş, buddalar dünyanın gözü qabağında partladılmış (Buddaları "Taliban" partlatmışdı amma onları da yetişdirən elə Qərb olmuşdu), Babilistan-İraqın tarixi yerləri dağıdılmış, Suriyada hətta Nəsiminin məzarı da xarabalığa çevirilmişdi. Şükür son zamanlar İran həlqəsi ətrafında siyasi düşüncələr yoxdur. Lakin bu gün yoxdur, sabah ola bilər. Beləcə yolumu İranın Germi şəhərindən salıb, Ərdəbilə, Təbrizə, Tehrana, Kərəc və nəhayətdə Zəncana getdim. Hər birində tarix dolu daşlar, divarlar. Həqiqətən də görməyə dəyər. Məsələn Təbrizdəki tarixi Rüşdiyyə universitetinin qalıqları onu göstərir ki, İslam dünyası həmişə savadlanmağın tərəfdarı olub. Təsəvvür edirsiz 14-cü əsrdə Təbrizdə azərbaycanlılar universitet qurub, ətrafında isə 30 min insan yaşayıb. Universitetin kitabxanasında isə 60 min kitab olub, təəssüf istilalar dönəmində həmin kitablar ya yandırılıb, ya da oğurlanıb. 

Burda Səttarxanın ev müzeyi, Şəhriyarın məzarı, tarix muzeyi, Ərk qalasının əzəməti, Ərdəbildə isə Şah İsmayılın, Şeyx Səfinin məzarını görməyə dəyər. Şah İsmayılın məzarı ətrafında isə Çaldıran döyüşünün şəhidləri uyuyur. Amma məqbərədən şaha aid heç nə tapa bilməzsən. Onun qızıl taxtı Türkiyənin Topqapı sarayında, yerə saldığı xalçası isə səhv etmirəmsə indi Londonda Viktoriya və Albert muzeyində saxlanılır. 

Məqbərənin bir zamanlar divarlarını bəzəyən tarixi əsərlərin böyük əksəriyyəti rusların istilası zamanı Moskvaya daşınıb. Səttarxanın ev muzeyində Azərbaycan adı ilə dərc olunan bu məqalə lap indiki günümüzdə də aktualdır. Tülkü nə qədər libas geyinsə də elə tülküdürki tülküdür. Əski əlifba ilə dərc olunan bu məqalə təxminən 1900-cü illərdə həftəlik dərgidə yer alıb.  

Tarixi Göy məscid isə həqiqətən də gözəlliyi ilə aləmə car çəkirdi. Qaraqoyunluların axırıncı hökmdarı Cahanşahın tikdirdiyi bu memarlıq nümunəsi hələ də möhtəşəmliyini qoruyur. Şahı ölümündən sonra burda dəfn eləsələr də istilalar zamanı onun sümüklərini də aparıblar. Geriyə isə bax belə boş məzarlar qalıb. 

Başqa bir məqam. Pəhləvilərin Saadəbad bağındakı iqamətgahında bir çox müzeylər toplanıb.Onlardan biri də Silah müzeyidir. Bu muzeydə Ağqoyunlulardan tutmuş, Səfəvilər, Qacarlar dövrünə aid müxtəlif tipli silah- sursatlara qorunur. Hamısı da Azərbaycan adı ilə. Məsələn, burdakı bu medal Azərbaycandakı uğurlara görə verilsə də kimin kimə göndərdiyi bəlli deyil. Üzərində isə bu sözlər yazılıb. Azərbaycan üçün əldə edilən uğurlara görə…  

Təəssüf ki, Pəhləvilərin hakimyyəti dönəmində Qacarların malik olduğu tarixi sərvətlərin bir çoxu məhv edilib. Amma yenə də nələrsə tapmaq olur. Məsələn, sonuncu İran şahının arvadı ölkədən qaçarkən paltarını tələsik necə soyunubsa, ona əl vurmayıblar. Bu gün muzeydə o paltarlar atıldığı yerdəcə qalır. Fərəh Pəhləvinin geridə buraxdığı bu gözəl libasları indi turistlərə sərgiləyirlər. (Fərəh Pəhləvi özü isə ölkəyə gələ bilmir və Amerikada mühacir həyatı yaşayır) Özü də məhz Fərəhin adına görə bu muzeylərə baxmağa gələnlər daha çoxdurlar. Qızıldan qablar, bürüncdən heykəllər, fil dişindən şahmat taxtası, qızıl və gümüşdən işlənən güzgülü otaqlar və şahlardan hədiyyələr. Rza Pəhləvinin,o cümlədən oğlu Məhəmməd Pəhləvinin şəxsi silahlarını da bu muzeydə taparsan. Burda həm də hər bir azərbaycanlı özünün tarixini tapır. 

Rza şahın bu otağından isə danışmamaq olmur. Büllurdan hazırlanan bu otaqda Rza Şahın taxtı saxlanılır. Amma deyirlər Şah çox rahat olan bu yataq taxtını oğlu Məhəmməd üçün göndəribmiş. Özü isə yerdə yatmağa üstünlük verirmiş. Lakin tarixə bax, oğlunu şahlıq taxtına onu devirənlər çıxarılır.

Kəndovan. Təbrizdən təxminən 50 kilometr kənarda yerləşən nağıllar aləmi. Zamanında daş qayaları çaparaq ev ediblər. Tarixi 3000 il əvvələ bağlansa da, bu məkan belə görünür ki, İranın keçmişini həm də çox uzaq gələcəyə bağlayır. Təsəvvür edirsiz, bu gözəlliyi bizim azərbaycanlılar yaradıblar. 3 min ildir ki, babadan nəvəyə ötürülən bu abidələr olduğu kimi də qorunur. Kasıb olan yerli əhalinin dolanışığı düzəldib satdığı əşyalardan və gələn turistlərdən aldıqları kirayələrdən çıxır. Təsəvvür edin burda qalmaq üçün bir gecə 10 dollardır. Əgər əlavə etdiyim bu çıxışı dinləsəniz siz də daşda və qayada yaşayan azərbaycanlıların bizdən biri olduğunu görərsiz. 

Bir sözlə 5 gün içində gözəllik gördüm. Hara getdimsə yalnız Azərbaycan dilində danışanlarla rastlaşdıq. Balaca Ceyhun da Ana İranlıların iki dili, bir bizimki bir də öz dilləri var dedi. Dönüşdə Zəncan ərazisində yolu səhv istiqamətə getməmək üçün sürücümüz yol polisindən istiqaməti farsca soruşdu. Həmin yol polisi əməkdaşının farsca deyil, türkcə cavab verməsinin ardından öyrəndim ki, o, fars dilində çətin danışırdı. 

Dönüşdə isə sevinirdim. Biz azərbaycanlılar, türklər həqiqətən də böyük bir coğrafiyanın, böyük bir tarixi torpaqların insanlarıyıq. 

P.S. Onu da deyim ki, muzeylərdə şəkil çəkməyə o qədər də imkan verilmirdi. Ona görə də şəkillərin çoxunu gizli çəkmişəm. Buna görə üzr istəyirəm. Çəkməyə bilməzdim.

 
 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir