Modern.az

“Məşhur tələbə yoldaşım” - Rəfael və Coşqunun tələbə yoldaşı danışır: “Rəfaelə yox, amma Coşquna ürəyim ağrıyır” - LAYİHƏ

“Məşhur tələbə yoldaşım” - Rəfael və Coşqunun tələbə yoldaşı danışır: “Rəfaelə yox, amma Coşquna ürəyim ağrıyır” - LAYİHƏ

28 Mart 2014, 12:34

Tələbəlik dövrü yada düşəndə əksəriyyətimizin dodağına gülüş qonur. Acı-şirin xatirələr bizi qayğıların az, arzuların bol olduğu illərə aparır. Bəzilərimizin o günlər üçün burnunun ucu göynəyir. Bir də xatirələrdən bu günə boylanırıq. Tələbə yoldaşlarımızın taleyi ilə maraqlanırıq. Kimi ixtisas üzrə işləyir, kimi başqa sahəyə gedib, kimisi ümumiyyətlə işləmir, kimi ölkədən köçüb, kimi dünyadan... Bəzən də tələbə ikən bir addımladığımız yoldaşımız məşhur olur. Cəmiyyətin məşhur olarkən tanıdığı şəxsi biz uzun illər əvvəldən tanıyırıq.

Modern.az saytı “Məşhur tələbə yoldaşım” adlı yeni layihə təqdim edir. Bu layihədə siz müxtəlif sahədə tanınmış şəxslər haqqında tələbə yoldaşlarının dilindən eşidəcəksiniz.
İlk qonağımız astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlidir. Səbuhi Rəhimlinin xeyli tanınmış tələbə yoldaşları var. Azər Axşam, meyxanaçı Vüqar, “Bu şəhərdə”nin aktyorları Rəfael və Coşqun, “Toppuş bacı” – Tünzalə Əliyeva.


Səbuhi Rəhimli bizimlə söhbət zamanı məhz “Bu şəhərdə” komandasının üzvləri Rəfael İsgəndərov və Coşqun Rəhimov haqda xatirələrini bölüşdü:

“Mənim yaddaşım pis deyil. Həm də nəzərə çatdırım ki, o vaxtlar gündəlik də yazırdım. Yəni, bəzi şeylər detallarına qədər yadımdadır. Biz 1990-cı ildə qəbul olmuşuq. 30 nəfərdən ibarət 3 qrup idik, aktyorluq fakültəsində oxuyurduq. Bizim qrup B qrupu idi, 10 nəfər idik. İlk müəllimimiz xalq artisti Şəfiqə Məmmədova olub. Sonra o başqa kafedraya getdiyinə görə rəhmətlik Şahmar Ələkbərov müəllimimiz oldu. O, ilk və axırıncı dəfə bizə dərs keçdi. İkinci kursda bir smestr dərs keçəndən sonra vəziyyəti ağırlaşdığından Almaniyaya getdi. Sonra da dünyasını dəyişdi. Ondan sonra müəllimlərimiz Fuad Poladov və Şükufə Yusupova oldu. Müəllimlərimiz arasında Gülşad Baxşıyeva da var idi. Amma əsas müəllimimiz Fuad Poladov idi. Elə adamlar bizə dərs keçdi ki, bəlkə də insanların görməyi arzuladığı müəllimlər idi. Bəxtiyar Xanızadə kimi səhnə hərəkəti müəllimimiz, Kamal Həsənov kimi rəqs müəllimimiz var idi. Yəni, çox güclü müəllimlərimiz oldu və qrupumuzdan da çox tanınan oldu. Düzdür o biri qruplardan da tanınan oldu. Məsələn, “Toppuş bacı” dediyimiz Tünzalə Əliyeva da bizimlə paralel qrupda oxuyurdu. Amma sənət dərslərindən başqa qalan dərslərdə bir yerdə olurduq, ünsiyyətimiz var idi”.

“Rəfael evin arzuolunan uşağı olub”

“Birinci kursda Coşqun bizlə oxumayıb. Ayrı qrupdaydı. Sonra elə oldu ki, qruplar dəyişdi, Coşqun bizə gəldi. Əvvəl uyğunlaşa bilmirdi. Coşqunun bir az sərt xarakteri yox idi. Yəni, mülayim xarakterli bir insan idi. Amma Rəfael həm şəhər uşağı, həm uşaqlığın xuliqanlıq məktəbindən çıxan biri idi. Məndən və digər tanınmış qrup yoldaşımız Azər Axşamdan başqa hamı şəhərdən idi. Azər Axşam Qaxdan, mən Tərtərdən idik. Rəfael Keşlədən, Coşqun Sumqayıtdan, Vüqar Bakının kəndindən idi.
Rəfael həm evin balacası, həm də yeganə oğlu idi deyə, həmişə ona qayğı göstəriblər. Bacıları da özündən böyük olub.  Belə deyək də evin arzulanan uşağı olub, bir az ərköyünlüyü var idi. Amma tələbəlikdə o ərköyünlük işləmir. Buna görə bir az dava-dalaş da olurdu. Çoxbilmişlərin boyu balaca qalır axı. Ona görə Rəfaelin boyu balaca idi. Amma olduqca istedadlı idi. Biz kino-dram aktyoru deyəndə Otello, Hamlet kimi rollar fikirləşdiyimiz halda Rəfael yox, onun xırda yumoristik şeylərdə fantaziyası o qədər güclü idi ki, o balaca boyuyla diqqətimizi artıq cəlb edirdi. Özü deyirdi ki, “mən sinifdə o qədər meymunluq eləmişəm ki, mənə deyirdilər, sən aktyor olacaqsan”. Amma mən 6-cı, 7-ci sinifdən klassikanın nəzəriyyəsini məsələn, Mehdi Məmmədovun “Teatr tənqidləri” kitabını oxuyurdum. Rəfael ancaq belə fantaziyayla, kimisə təqlid eləməklə, hərəkətləri və s. yəni, istedadlıydı”.


“Hər dəfə “Bu şəhərdə”də Coşqunun nə qədər korlandığına baxdıqca ürəyim ağrıyır”

“Amma Coşqun tamam başqa profilli aktyor idi. Məsələn, Azərbaycanda müqayisə edəndə Fuad Poladov kimi, dünyada müqayisə edəndə Robert de Niro, bəlkə ondan da güclü aktyor idi. Hər dəfə “Bu şəhərdə”də Coşqunun nə qədər korlandığına baxdıqca, ürəyim ağrıyır. Bilirsiz, aktyora nə lazımdırsa, hamısı Coşqunda var . Həm savadlıydı, həm xarici görünüşcə yaxşıydı, həm də uzun müddət rəqsə getmişdi. Diksiyası gözəl idi. Gözəl səsi də var idi. O vokalda o qədər gözəl oxuyurdu ki... Biz əgər xırda-para xalq mahnılarını bir az səsimizə uyğunlaşdırıb oxuyurduqsa, ona məsələn, Süleymanın ariyasını, yaxud da Koroğlunun Nigarı oxuduğu ariyanı verirdilər. Gözəl oxuyurdu, musiqi duyumu da var idi. Rəfael bir az zaraftcıl idi. Oğlanların arasında ədəbsiz sözlərlə bir-birinə zarafat eləmək olur da. Kimə yaxınlaşdı ki, gəl bir zarafat (tutaq ki, nənə zarafatı, baba zarafatı) edək. Biz hamımız imtina edəndə Coşqun razılaşdı. Hətta o vaxt “Bu şəhərdə” verilişinin çəkilişindən kənarda bir-birini necə söyürdülər. Yəni, o hirslənəndə, ya Coşqunu tez-tez qorxudurdu. Rəfaelin bu cür kələkbaz zarafatları olurdu. Amma Coşqun ciddi idi. Məsələn, o vaxt Fuad Poladovla “Arvadımın qatili” adlı bir tamaşa oynadıq. Orada Coşqun baş rolu oynayırdı. O qədər gözəl oynadı ki, insanlar dedi, yeni bir aktyor parlayır. Son iyirmi ildə hətta onun kimi aktyor yetişməyib. İndi seriallarda pafoslu aktyorlar var. Amma Coşqunda tamam fərqli idi. Düzdür, o özü də istedaddı ki, Coşqunla Rəfael bir araya gəldi. Coşqun kimi ciddi, dramatik aktyoru hara, Rəfael kimi bir az yumoristik, bir az məzhəki xarakterli aktyor hara. Onlar bir yerdə bir komanda yaratdılar. Amma yenə deyirəm, göbək rəqsi oynamaq, bəzi şit qadın rolları, qadın maneraları eləmək hələ sənət deyil”.

“Teatrda işləməklə dolanmaq mümkün olmadığından Coşqun ofisiant işləməyə başladı”

“Bir şey də deyim. Çox acınacaqlı, çox çətin bir tələbəlik yaşamışıq. Elə olurdu ki, siqarət çəkən uşaqlar bir dənə siqaret alıb 7-8 nəfər hərəsi bir qurtum çəkirdi. Həm təqaüdümüz az idi, həm müharibə dövrü idi. Mən həmin vaxt müharibəyə getdim. Bir il olmadım, yaralandım, görüşə bilmədik. Çətin zaman idi, Sovet dağılmışdı. Biz universitetə qəbul olanda hələ Sovet idi, sonra dağıldı. Çox qəribə hallar baş verdi. Nümayişlər, Qarabağ savaşları, aktyorlara bir az pis baxmaq ki, yəni onlar orada vuruşur, siz burada hoppanıb-düşürsüz. Belə əziyyətli vaxtlar oldu. Teatrlarda maaşlar azaldı. Mən beş il “2 şirvan”a işlədim. Axırı gördüm, bundan nə ailə dolandırmaq olar, nə bir şey. Düzdür, jurnalistika ilə də məşğul idim. Amma indiyə qədər köksümdə bir yara var ki, sənətdən uzaqlaşdım. Əvvəl qəzetdə hobbi kimi işlədim, sonra artıq peşəkar səviyyədə məşğul oldum. O vaxt teatrlarda da dolanmaq olmurdu. Rəfaelin bəlkə evdən-eşikdən, başqa şeylərdən təminatı var idi. Çətinlik görmədi. Özü də onlar (Coşqun və Rəfael) tələbə ikən artıq evlənmişdilər, uşaqları olmuşdu. İkisi də rəhmətlik Hüsenynağa müəllimin Gənclər Teatrında işləyirdi. Dolanmaq çox çətin idi. Ya gərək insan əqidəsini alçaldaydı, ya başqa şey. Coşqun teatrdan bir müddət çıxdı. Elmlər Akademiyasından universitetə gedən zolaqda kafelər var idi. İndi də var. Orada bir kafedə ofisiant işləməyə başladı. O dövrdə də insanların əsəbi pozulmuş, adamı təhqir eləyirdilər. Arada gedirdim, çalışırdım bacardığım qədər təsəlli verəm ki, heç nə əbədi olmur. Daimi eniş, daimi yüksəliş yoxdur. Hər şeyin bir dövrü var. Həmişə də istəyirdim ki, o ümid işığını, nurunu azaltmıyam. Deyirdim, səndə istedad var, bu istedad heç vaxt batmır. Nə vaxtsa çıxacaq. Demirəm ki, onun teatra qayıtmasında böyük rol oynadım. Sadəcə olaraq ümidinin ölməyinə imkan vermirdim. Gənclər Teatrına o vaxt baxan insanlar bilir ki, Coşqun hansı rolları oynayıb. O, komik rolu da özünəməxsus oynayırdı. Elə oynayırdı ki, bu adamda şit heç nə yox idi. Hamısı ölçülü-biçili formada idi. Gözəl dramatik aktyor idi”.

“Azərbaycan tamaşaçısı iki yeni istedadın doğulduğunu gördü”

“Sonra tale elə gətirdi ki, Coşqun təzədən, yavaş-yavaş dirçəldi. Artıq teatrda işləyə-işləyə də kafedə işləyirdi. Yəqin ki, növbəylə işləyirdi, orasını dəqiq bilmirəm. Sonra bu şou proqramalar yarandı. Rəfael də boş dayanmırdı. Coşqunla dost idi, ayrı dura bilmirdi. Planlar fikirləşirdik, müəyyən məsələlərdə çalışırdıq, mən də onlara kömək edirdim. Mən artıq teatrdan uzaqlaşmışdım, amma yenə televiziya ilə, başqa yerlərlə əlaqələr var idi. Onların da müəyyən bir dövrü gəldi. “Space” telekanalında “Bu şəhərdə” adlı layihə eləməyə başladılar. Bu Rəfaelin çoxdankı arzusu idi, təşəbbüs idi. Onda nə Müşfiq, nə başqası vardı. Bu verilişi Rusiyadan gedən “Qorodok” (“Şəhərcik”) verilişinin Azərbaycan variantı kimi yaratdılar. Hətta, bir ara Çingiz Əhmədovla Rəhman Rəhmənov da onlara qarşı çıxdı ki, bizim layihəmizi oğurlayırsız. Onların Rəfael və Coşquna mane olmamasında müəyyən rol oynadıq. Yavaş-yavaş artıq Azərbaycan tamaşaçısı gördü ki, iki yeni istedad doğulub. İndiyə qədər olmayan istedad. Hətta bəzi keçmiş aktyorlar Rəfael və Coşqunu məzəmmət edəndə, bəyənməyəndə mən şəxsən onlara cavab verdim ki, onların bir dənə monoloqu sizin bütün 20-30 illik yaradıcılığınızı kölgədə qoyar. Siz pafoslusuz, bunlar çox təbii oynayırlar. Azərbaycanın o milli obrazları bir-iki nümunəni çıxmaqla kinomuzda düz-əməlli olmayıb. Hətta, “Bəyin oğurlanması” kimi filmdə kənddə bir dənə ləhcə yoxdur. “Bəyin oğurlanması” “O olmasın bu olsun”dan sonra ən şedevr filmimiz olub. Amma bu adamlar talış, Quba, Qazax, Gəncə, Ermənistan ləhcələrini gətirdi. Bu hardasa yaxşı şeydi, amma sənət deyil. Düzdür, “Məhəllə” filmi kimi filmlər, teletamaşalar çəkildi. Məsələn, Coşqunun orada ciddi rolları da oldu”.

“Çox ciddi monoloq deyilir, amma camaat gülməyə başlayır”

“Mən o vaxt yaralı olanda da hamıdan çox Rəfaellə Coşqun hospitala gəlirdi. İstedadlıdırlar. Bizdə hamısı istedadlı uşaqlar olub. Tələbə yoldaşlarımızdan Lalə Süleymanova ilə Maqsud Məmmədov Rus Dram Teatrında işləyir. Maqsud Məmmədov qrimyor kimi də tanınır. Mən özüm 5 il işləyəndə ancaq baş rollar oynamışam. Amma tale elə gətirdi ki, Azər Axşam şouya getdi, Vüqar Əbdülov meyxanaya getdi, mən gəldim jurnalistikaya. Rəfaellə Coşqunu qınamalı deyil. Bu gün hər hansı bir tamaşa oynanılsa, o dərəcədə dəyər verməyəcəklər. “Reytinq” qəzetində deyəsən, Seymur Baycan yazmışdı ki, bu Rəfael və Coşqun o əzab-əziyyəti görəndən sonra məhz bu cür şou proqramlarla tamaşaçıdan qisas alırlar. Yəni, doğrudan da o cür istedadla çox şeyləri fəth eləmək olardı. Bizdə ənənə yoxdu. Lui de Fünesin bütün rollarına baxın, bircə dənə rol oynayır. Yaxud Pyer Rişar demək olar ki, eyni rolu oynayır. Amma Rəfael və Coşqunda fərqlilik var. Azərbaycanda o ənənə yoxdur. Bircə İlyas Əfəndiyev “Xurşidbanu Natəvan”dan tutmuş “Sən həmişə mənimləsən”ə qədər Amaliya Pənahova üçün xüsusi pyeslər yazırdı. Vaxtilə mən məsələ də qaldırdım ki, Siyavuş Aslan, Eldəniz Zeynalov, Yaşar Nuri üçün o qədər gözəl ssenarilər yazmaq olar. Amma o ənənə yoxdu. Baxın, Rəfaellə Coşqun üçün də o cür filmlər çəkmək və dünya arenasına çıxartmaq olar. Onlar hər cür obraza girə bilirlər. Məsələn, son illər konsertlərinə “Otello” nu salmışdılar. Siz onların sifətindəki ciddiliyə baxın. Çox ciddi monoloq deyilir, amma camaat gülməyə başlayır. Yəni, yaxşı, siz deyən olsun deyib də sanki keçdilər yenə şit-şit zarafatlara...”.


24 il öncəki tələbəlik...
Yuxarıda - “Bu şəhərdə”nin qəhrəmanları Rəfael İsgəndərov, Coşqun Rəhimov
Aşağıda - meyxanaçı Vüqar, qoroskopçu Səbuhi Rəhimli, teleaparıcı-şoumen Azər Axşam.




 


Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir