Modern.az

Əflatun Amaşov: “Türk Dünyası jurnalistlərinin birlikləri çox olacaq”

Əflatun Amaşov: “Türk Dünyası jurnalistlərinin birlikləri çox olacaq”

28 Mart 2014, 13:56


“Türk Dünyası Jurnalistlər Birliyindən əvvəl də belə bir qurum yaranıb: Türkdilli Ölkələrin və Toplumların, Jurnalistlərin birliyi. Artıq 4-5 ildir o, fəaliyyət göstərir. Qurumun birinci toplantısı Ankarada, ikincisi Bakıda, üçüncüsü Bişkekdə keçirilib. Növbəti toplantısı da Şimali Kiprdə olacaq. Belə təşkilatların yaranması nəticəsində türkdilli ölkələrin, toplumların əlaqələri möhkəmlənir və əlaqələrin güclənməsində jurnalistlərin işindən istifadə olunur”. Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, belə birliklərin sayı artacaq.

“Elə bir sahə yoxdur ki, bu sahə üzrə türkdilli qurumlar birləşməsin və əlaqələrin daha da möhkəmlənməsində jurnalistlərin mühüm rolu var. Jurnalistikada bu sahədə müəyyən işlər görülür. Məsələn, ortaq saytların, xəbər portallarının yaranması, ortaq televiziya və radionun, digər mətbuat vasitələrinin yaranması, ayrı-ayrı problemlər üzrə konfransların təşkil olunması və s. Görünür ki, bu sahədə hələ ayrı-ayrı jurnalist qurumları birləşir. Məsələn, informasiya agentliklərinin birlikləri var. Qəzetlər özləri əlaqə saxlayır. Bu kimi birliklərin sayı getdikcə çoxalacaq. Türk Dünyası Jurnalistlər Birliyi türkdilli jurnalistlər arasında üçüncü birlikdir. Birdən-birə nəyəsə nail olmasını gözləmirik. O mümkün deyil. Hər şeyin vaxta ehtiyacı var. Nə qədər bu sayaq təşkilatlar çox yaransa, o zaman bu türkdilli ölkələrin arasında birlik də daha möhkəm olar. Zamanla nəticəsi görünməlidir. Əgər təşkilat yaranırsa işlək qurum olmalıdır. Qarşıya qoyduğu məsələləri mütəmadi olaraq həll edən rəhbərlik olmalıdır və bu sahədə də müəyyən işlər görülür”. Qeyd edək ki, keçən həftə Türk Dünyasının Jurnalistləri (TDJB) Türkiyənin Eskişehir şəhərində keçirilən toplantıda iştirak edib. Toplantıda TDJB-nin yaranması və məqsədləri müzakirə olunub.

Misranə Həsənzadə  
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir