Modern.az

“Müştərilərimin arasında bir jurnalist də var” - Müsahibimin ETİRAFLARI

“Müştərilərimin arasında bir jurnalist də var” - Müsahibimin ETİRAFLARI

28 Mart 2014, 22:34

Fahişəlik - bu alın yazısımı?..

O bilir ki, mənim məqsədim onun söhbətini qələmə almaqdır. İmtina etmir. Səmimi olacağına, hətta müştərilərinin sırasında olan jurnalistlə bir gecəlik münasibəti haqqında danışacağına da söz verir.

Özünü Modern.az-ın əməkdaşına Zümrüd adı ilə təqdim edir və onu da etiraf edir ki, bu onun öz adı deyil. “Bu peşədə  məni bu adla tanıyırlar” söyləyir.

O, Bakı gecələrinin ən adi fahişələrdən biridir. Bu sahədə “VİP” statusu olmayan, bahalı maşınlarda gəzməyən, müştərilərini beş ulduzlu otellərdə qarşılamayan, harda gəldi, necə gəldi ehtiraslarını söndürmək istəyən və çox da imkanlı olmayan kişiləri yola verən adi fahişə.

İlk baxışdan çox utancaq bir siması var. Ancaq danışanda ifadələrinin arasında utancaq cizgiləri itib batır. Əslində o cizgilər fahişəlik yollarında onun üzünə hopmuş tozdan, dumandan öz ifadəsini itirib. Bəlkə də iraədəsizlik, qətiyyətsizlik boğub bu utancaqlığı. Nə isə...

Zümrüddən xahiş edirəm ki, bir az keçmişə qayıtsın, hələ simasında utancaqlıq cizgilərinin parlaq olduğu illərdən danışsın. Qara dəri gödəkçəsinin cibindən qara “Kent” qutusunu cıxardıb siqaret yandırır və səhbətə başlayır:

- Nə var idi elə keçmişdə qaldı. Xəyallar da, istəklər də. Rayonda yaşayırdım, anamla və iki qardaşımla. Qardaşlarım məndən kiçikdirlər. Bakıda qiyabi təhsil alırdım. Tez-tez gedib-gəlirdim. Ailəmizin vəziyyəti o qədər də yaxşı deyildi. Yəni qazanc baxımından. Atam çoxdan rəhmətə gedib. Anam isə xəstəxanada xadimə işləyirdi. İyirmi yaşımda olanda elə öz rayonumuzdan olan, ancaq Bakıda yaşayan bir oğlanla ailə həyatı qurdum. Düşündüm ki, anamın yükü bir az azalar. Özüm də işləyərəm, bacardığımdan onlara da kömək edərəm. Ancaq sən saydığını say, gör fələk nə sayacaq. Ailə həyatının bir-iki ili pis keçmədi. Xırdalanda kirayədə yaşayırdıq. Ərim şirkətdə mühafizədə işləyirdi, iki gün evdə olurdu. Onda da bir sınıq-sallax “07”si var idi, xaltura edirdi. İki ildən sonra bir qızımız dünyaya gəldi. Bütün analar kimi mən də sevindim. Amma nə bilim ki, sonra məni nələr gözləyəcək. Günü-gündən dolanışığımız çətinləşirdi. Maddi vəziyyətimiz çətinləşdikcə ərimin içkiyə aludəçiliyi də artırdı. Kirayə yaşadığımız bir otaqlı evdə nə qədər kişi qonağı qarşılamaq olar? O içib keflənirdi, mən qalırdım yad kişilərin “oğraş” baxışlarının altında. Artıq bu adət halına düşmüşdü. Hiss edirdim ki, bir az da davam etsə, məndən çox şey tələb edəcəklər.

Nə başını ağrıdım, boşandıq. Qızımı götürüb getdim. İxtisasım üzrə iş tapa bilmirdim. Rayona getməyə də üzüm yox idi. Qapı-qapı gəzib iş axtarırdım. Şəhərdən kənarda ev kirələmişdim. Həyət evi idi. Həyətin içində ayrıca bir otaq vermişdilər mənə. “Xozeykam” ağbirçək bir qadın idi. Ayın axırında kirayə haqqını ödəməliydim. Uşaq da bir yandan. Axır ki, kafelərin birində işə düzəldim. Gözüm heç su içmirdi bu kafedən. Hər fasonda arvad gəlirdi ora, elə kişilər də. Artıq bir neçə ay idi ki, işləyirdim. Açığını deyim ki, qazancım pis deyildi. Axşam kişilər içəndən sonra səxavətli olurdular, mənə artıq rul verirdilər. Daimi müştərilərimizdən biri bir dəfə döşümün arasına bir şax əllilik basdı. Düzü çox pis oldum. Özümü təhqir olunmuş hiss edirdim. Fikirləşdim ki, pulu çıxardıb başına çırpım. Sonra baxdım ki, ağsaqqal kişidi, eyib olar. Beləliklə, bu “ağsaqqal” öz əllilikləri ilə məni yoldan çıxartdı. Bir də onda ayıldım ki, “əllilik ağsaqqal”ın qucağındayam. Bu mənim fahişəlik həyatımın ilk sakini idi.

- Bəs sonra necə oldu ki, “ağsaqqal”ların sayı artdı? Axı geri çəkilmək də olardı?

- Çətini bu yola qədəm qoymaqdır. Elə ki, kafenin digər kişi müştəriləri bildilər ki, pula işləyirəm əlliliklər öz sözünü deməyə başladı. Daha işləməyə də ehtiyac qalmadı. Bir telefon zəngi Zümrüd qulluqda hazırdı. Vəssalam.

- Bezmirsən belə həyatdan?

- Artıq öyrəncəliyəm. Problemlər olmasa, daha yaxşı olar.

- Hansı problemlər?

- Bir də görürsən müştəri işini görəndən sonra pulumu kəsir. Yaxud söyür, döymək istəyir. Amma yaxşıları da var. Adamı başa düşən, anlayan. Müştərilərimin arasında bir jurnalist də var idi. Bütün gecəni mənə şer oxudu, kitabdan-dəftərdən danışdı. Dedim işini gör, kitab-dəftəri evdə oxuyarsan. Çox yaxşı insan idi. Söz vermişdi ki, məni işə düzəldəcək. Sözünün üstündə də durdu. Mən getmədim.

- Tez-tez müştəri sözünü işlədirsən. Onların sayı nə qədərdi və əsasən kimlərdi?

- Lap müstəntiq kimi sual verirsən. Baxır gününə, iki də olur, üç də olur, bir də görürsən beşə qalxır. O ki, qaldı onların kimliyinə bunun mənim üçün fərqi yoxdur. Yola vermək lazımdır. Amma müştərilərimin arasında o qədər də imkanlı adamlar yoxdur. Mənim ki, kasıb-kusubdu. Kasıb da özünə görə bir hərəkət etmək istəyir axı.

- Kişiləri dəyişdikcə qadın kimi nə hiss edirsən?

- Lap uşaq kimi sual verirsən? Bir gündə üç-dörd kişiylə yatağa girən qadın hansı qadınlıqdan danışa bilər? Kişilər elə bilir ki, mən onlarla yatağa girəndə həzz alıram. Amma elə deyil. Bu münasibətlər zamanı mən cansız əşyaya çevrilirəm.

- Onların bütün istəklərini həyata keçirirsən?

- Bunu bilmək üçün mənim müştərim olmaq lazımdır.

Zümrüd danışdıqca gah gülümsəyir, gah da kədərli görünür. Hiss edirsən ki, həyatı da danışığı kimi səhrada azmış bir insanın itmiş yolları kimidir. Siqareti bir-birinə calayır. Tez-tez telefonuna baxır. Bəlkə də növbəti müştərisindən zəng gözləyir. Bəlkə də anasının işdə olduğunu zənn edən qızının səsini eşitmək arzusundadır. Kim bilir, bu da onun həyatıdır. Adi fahişə həyatı...

Söhbətimiz yekunlaşır. Sağollaşmaq ərəfəsində gülə-gülə deyir:

- Heç telefon nömrəmi də götürmədin ki, yazı çıxanda xəbər edəsən.

Qeyri-ixtiyari cavab verirəm:

- Bu yazı sənin alın yazındır, sən oxumasan da olar. Qoy başqaları oxusun.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi