Modern.az

Meşşanlıq: Bu bir yaşam tərzidir

Meşşanlıq: Bu bir yaşam tərzidir

29 Mart 2014, 09:40

Sahib Əsədbəyli

Meşşan üçün mücərrədlik yoxdu. O bütünlüklə maddiliyə meyllidir.

Əgər meşşan elm adamıdırsa, onu elmin verdiyi kamal yox, cəmiyyətdəki nüfuzu cəlb edir.

Əgər meşşan sənətkardırsa, onu sənətin mahiyyəti yox, sevənlərinin fanatizmi düşündürür.

Əgər meşşan adi işçidirsəŞ onu gördüyü iş yox, qazancı düşündürür.

Realist yanaşsaq, əslində heç kim meşşanlıqdan sığortalanmayıb. Əgər maddi dəyərlərlə qidalanan eqo varsa, meşşanlıq da onunla birlikdə addımlayacaq. Bəşəriyyətin hazırki yaşamına baxsaq meşşanlığın bir məfhum olaraq aradan qalxması inandırıcı görünmür. Meşşanlıq sürətlə yayılır. İnsan psixikasının bütün mərhələlərində onunla birgə addımlayır. Reallıqda hər hansı cəmiyyətdə meşşanlığın aradan qalxması üçün bütöv cəmiyyət strukturunun dəyişməsi belə yetərli deyil. Bunun üçün ümumbəşər təfəkkürü yenilənməlidir.

Meşşanlıqdan uzaq cəmiyyət sadəcə utopiyadır. Hansı ki, orada hər kəs öz səadətini sənətin verdiyi zövqdə, elmin verdiyi gücdə, fəlsəfənin aşıladığı fövqəltəbii "mən"ində tapır.

İnsan elə varlıqdır ki, o hər zaman əlçatmaz olanı arzulayır,  xəyallarını onunla qurur. Ünü yetdiyi halda isə onunçün getdikcə bayağılaşır, maraqsız olur. Məsələn, bir uşağa onun çox arzu etdiyi, həsrətlə baxıb göz yaşı tökdüyü oyuncağı alıb versən, bir neçə müddət sonra həmin oyuncağı lazımsız əşya kimi bir qırağa tullayacaq. Eləcə də öz düşüncəsinə uyğun tapındığı çevrədə bir pillə yuxarıda dayanmaq üçün, avtomobil istəyən gənc, arzusuna yetdikdən bir neçə ay sonra bütün həvəsini itirəcək. Bu intervalla yaş dövrünün bütün mərhələsinə məxsus arzu və xəyalları sadalamaq olar.

Meşşanlıq hər bir cəmiyyətdə var. Meşşanlığın maddiliyə olan ifrat maraq fonunda təzahür etdiyini nəzərə alsaq, hazırda bütün cəmiyyətlərdə hökm sürür. Ancaq baxır hansı formada. Meşşanlıq müxtəlif cür təzahür edir.

Bizim cəmiyyətdə bu çox utandırıcı şəkildə özünü nümayiş etdirir ki, ali təhsilli, müəyyən bilik və bacarıqlara malik şəxsin belə, sıravi dövlət işinə meşşan marağı var. Hansı ki, ixtisası üzrə işlə təmin oluna bilmir. O artıq meşşan deyil. Daha pisi, meşşanlıq həsrəti ilə alışıb-yanandır.

Belə qənaətə gəlmək olur ki, meşşanlıq bir həyat tərzidir. Bir növ mühitə uyğunlaşma funksiyasıdır. Zaman-zaman meşşanlığa qarşı çıxan, bəşəriyyətin qəbul etdiyi meyarlara əks həyat tərzi yaşayan tərkidünyalar həyata gəlir, daha doğrusu formalaşır ki, bunların da əksəriyəti filosoflar, yazıçılar, sənət adamları və bu qəbildən olan dühalardı. Onların da əksər hallarda intihara meylli olduğu hər birimizə məlumdur. Çünki cəmiyyətin tələb etdiyi meyarlara, yaşam qaydalarına qarşı üsyan edər, öz səadətini yalnız özündə taparlar. Beləliklə, tənha qalarlar. Yaşamın ümumi qanunauyğunluqlardan kənara çıxmadığını nəzərə alsaq, sonda intihar edərlər.

Nobel mükafatı laureatı Herman Hessenin meşşanlıq əleyhinə yönəlmiş "Yalquzaq" romanının baş qəhrəmanı Harri Haller bu qanunauyğunluqlara üsyan edir və tənhalığa çəkilir. Onu anlamayan bir mühitdə sadəcə ironiya doğurduğunu görüb, sonda intihar etmək qərarına gəlir. Lakin, onun bu arzusu ürəyində qalır. Oxucular üçün xoş, romanın baş qəhrəmanı üçün isə bəd təsadüf nəticəsində ona mane olan tapılır. Bütün inikaslarını darmadağın edən şəxslə tanışlıq nəticəsində o sonda bu qənaətə gəlir;

Bu dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy əvəzinə əsil iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən insanlar üçün heç vaxt vətən ola bilməz !

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır