Modern.az

Deputat və həkim Bakıda tikilən binaların zərərindən danışdılar: “Biganəlik baş alıb gedir”

Deputat və həkim Bakıda tikilən binaların zərərindən danışdılar: “Biganəlik baş alıb gedir”

İqtisadiyyat

29 Mart 2014, 12:25


“Ötən il Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun qanun qəbul edilməsinə baxmayaraq, ona riayət edən yoxdur”. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov yeni tiklilərin yaratdığı problemlərə münasibət bildirərkən deyib:

“Qanunda tikiləcək binaların arasında nə qədər məsafə saxlanması lazım olduğu göstərilib. Təxminən 5 metrdən çox məsafə nəzərdə tutulur. Məsafənin seçilməsi ciddi problem olmaması üçün nəzərdə tutulub. Lakin tikilən binalar bir-birinə yapışdırılır. Çoxu isə heç istifadəyə verilməyib. Həm texniki, həm təhlükəsizlik, həm də sağlamlıq baxımından ciddi problemdir. Faktları danmaq olmaz. Bina istifadəyə veriləndən sonra heç nə etmək mümkün deyil. Tikinti aparılan zaman nəzarət orqanları buna ciddi fikir verməlidir, qanunauyğunluq gözlənilməlidir. Tikintiyə razılıq verən, texniki pasport verənlər, müəyyən təşkilatlar buna biganə yanaşmamalıdır”.

Həkim-ekspert Adil Qeybulla isə bildirib ki, binaların tikintisi zamanı birinci növbədə günəş şüalarının düşməsini təmin etmək lazımdır:

“Otağın həm havasının dəyişməsinə, həm də aerasiyasına diqqət yetirmək lazımdır. Çünki günəş şüaları düşməyəndə aerasiya getmir, havada müxtəlif mikroblar qalır və onlar sterilləşdirilmir. Digər tərəfdən, hava dəyişikliyi olmayan otaqlarda da vərəm çöpləri, müxtəlif mikroblar, bakteriyalar artaraq müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Hesab edirəm ki, bu çox vacib bir məsələdir. Binaların tikintisi zamanı Bakı şəhərinin baş planına uyğunluq gözlənilməlidir”.

A.Qeybulla tikinti zamanı estetikliyin nəzərə alınmamasına da toxunub: “On mərtəbəli evlərin yanında daha bir çoxmərtəbəli binalar tikilir. Heç də zövq oxşamır. Bu cür misalların sayını kifayət qədər artırmaq olar. Digər tərəfdən, avtomobil saxlamaq, istirahət etmək, müəyyən yaşıllıq salmaq üçün binaların ətrafında müəyyən boş ərazi olmalıdır. Bizdə isə bu normalar gözlənilmir. Binaların bu cür tikilməsi yolverilməzdir. Məsələn, Moskvada tikilən binalara nəzər salsaq, görərik ki, hər bir binanın yanında uşaq bağçası, park və digər infrastruktur var. Bizdə isə təəssüf ki, yoxdur”.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi