Modern.az

Azərbaycan müxalifətindən iqtidara dəstək: “Krımla bağlı düzgün addım atıldı”

Azərbaycan müxalifətindən iqtidara dəstək: “Krımla bağlı düzgün addım atıldı”

Təhsil

29 Mart 2014, 14:53


Azərbaycan BMT Baş Assambleyasında Krım məsələsində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə səs verib. Səslənən bəzi politoloji rəylərdə rəsmi Bakının bu addımının Rusiya tərəfindən cavabsız qalmayacağı bildirilir. Bəs partiyaların Rusiyanın Azərbaycana təzyiq edəcəyi ilə bağlı iddialara münasibəti necədir? Modern.az bu sualla bir neçə partiyanı sorğulayıb.

Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Kremlin Azərbaycana təxribatlarını istisna etməyib. “Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstək verməsi düzgün qərar idi. Rusiya bundan sonra Azərbaycana təzyiqlər edə bilər. Onsuz da torpaqlarımızın da işğal edilməsinin baiskarı Rusiyadır. Rusiyaya loyal olan siyasət yürütmək yanlış olar”.

AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev düşünür ki, Rusiya Krımla bağlı məsələdə Azərbaycanın ona səs verməsini istəyirdi. Partiya rəsmisi hesab edir ki, Azərbaycan təcavüzlə üzləşdiyi üçün rəsmi Bakı Rusiyanı müdafiə edə bilməzdi.
“Azərbaycanın Rusiyanı müdafiə etməsi bizim Dağlıq Qarabağdan imtina etməyimiz demək idi. Bu baxımdan Azərbaycan heç bir halda hansısa ölkənin ərazisinin təcavüzə məruz qalmasını alqışlamaz”. AXCP funksioneri Rusiyanın Azərbaycana təzyiq etməsini isə real saymır. “Azərbaycan Ukraynanın tərəfini tutduğuna görə Rusiya bizi cəzalandırmaq üçün hər hansı mexanizmdən istifadə etməz”.

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Azərbaycanın Ukraynanın dəstəkləməsini müsbət qarşılayıb. Onun sözlərinə görə Azərbaycanın səsvermədə rəsmi Kiyevi dəstəkləməsi anlaşılandır. R. Qurbanov Azərbaycanın bu mövqeyinə görə Rusiya tərəfindən təzyiqlərə məruz qalacağı barədə deyilənləri isə birmənalı olaraq qəbul etmədiyini bildirib. “Rusiyada da yaxşı anlayırlar ki, Azərbaycanın Qarabağ kimi bir problemi var. Bizim özümüzün belə bir problemimiz ola-ola hansısa dövlətin ərazisinin işğalını dəstəkləyə bilmərik. Hesab edirəm ki, Azərbaycan dövlətinin addımı Rusiya tərəfindən aydın başa düşüləcək. Bununla bağlı Azərbaycana hər hansı təzyiqin olacağı gözlənilmir”-deyə AKP rəhbəri proqnozlaşdırıb.

ASDP sədri Araz Əlizadə də Kremlin təzyiq mexanizmlərini işə salacağına inanmır: “Azərbaycan Ukraynanın ərazi bütövlüyünə səs verməli idi. Çünki Azərbaycanın özünün əraziləri işğala məruz qalıb. Rusiyada hakimiyyətdə oturanlar səfeh deyillər və Bakının mövqeyini çox normal qarşılayacaqlar. Buna görə də Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşməsindən söhbət gedə bilməz. Əgər Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsə idi, Rusiya rəsmi dairələrində Azərbaycan diplomatiyasının uğursuzluğu haqqında düşünə bilərdilər”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!