Modern.az

Tanınmışlar yay vaxtının əleyhinə çıxdılar: “Saatdan daha vacib irəli-geri çəkməli məsələlərimiz var” - SORĞU

Tanınmışlar yay vaxtının əleyhinə çıxdılar: “Saatdan daha vacib irəli-geri çəkməli məsələlərimiz var” - SORĞU

Təhsil

29 Mart 2014, 16:14


Martın 30-da saat 4.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə Azərbaycan ərazisində yay vaxtına keçid həyata keçiriləcək. Saatların irəli çəkilməsi nəticəsində bəzən insanların başına müxtəlif əhvalatlar gəlir. Modern.az saytı tanınmışlar arasında sorğu aparıb. Saatlar çəkilən günlər onların yaddaşında hansı əhvalatlarla qalıb?


Müğənni Gülyaz Məmmədova:
“Bir dəfə dərsə 1 saat gecikmişəm. Arxayın olmuşam ki, hələ vaxta var. Amma qalan vaxtlarda həmişə bəxtimdən hamı bir gün qabaq xəbər verib ki, sabah saatlar dəyişir. Telefonumda da avtomatik dəyişir. Maşınımın saatı məni aldadır. Maşında gərək özün qurasan”.


Jurnalist Qənirə Ataşova
saat çəkiminə uyğun plan qurur: “Dissiplinli adam olduğum üçün onu da planlaşdırıram ki, işə gecikməyim. Əsas əhvalat işə gecikməylə bağlı baş verə bilər. Amma mən bu xəbəri özüm oxuduğum üçün ona özümü hazırlayıram. Bəzən uşaqların işə gecikmək üçün bir bəhanəsi olur. Amma yaxşı ki, sabah bazar gününə düşəcək. Buna görə o bəhanədən bu il yararlanan olmayacaq. Mənimlə görüşməli olanlar da vaxtında gəliblər”.


Aktyor Ramiz Novruz:
“Saat əqrəbinin çəkilməsi ilə bağlı xoşuma gəlməyən bir əhvalat olub. “Qorxma mən səninləyəm” filmi çəkiləndə uşaqlardan birini yola salmalıydım. Saata arxayın olub gecikmişəm, yola sala bilməmişəm. Buna görə dilxor olmuşdum.
Bir dəfə də teatra-məşqə qaçıb tələsik gəlmişəm. Sonra görmüşəm ki, hələ bir saat vaxtımız var. Ümumiyyətlə, mən saatların irəli-geri çəkilməsini xoşlamıram. Elə təbiət verən vaxt nədirsə, o daha yaxşıdır. Bu yaşlılıqla əlaqədar deyil, cavanlıqda da saat çəkiləndə əsəbiləşirdim. Heç xoşlamırdım”.


Şair-yazarı Şərif Ağayar
saatların irəli çəkilməsinin əleyhinədir: “Həmişə televiziyayla, mətbuatla əlaqəli olmuşam, mətbuatda işləmişəm deyə, məlumatım olub. Ona görə elə bir xoşagəlməz hadisə başıma gəlməyib. Saat çəkimi ilə bağlı olmasa da, orta məktəbdə bir dəfə saatı yox, günü səhv salmışam. Məktəbə başqa günün dərslərini oxuyub getmişdim. Həmin dərsarası da günü müəyyən eləyəndən sonra qaçıb evdən kitabları gətirdim. Tənəssüf vaxtı o dərsləri oxuyub öyrəndim. Qəribədir ki, bütün müəllimlər məndən dərsləri soruşdular və gündəliyimə 3-4 dənə “5” düşdü. Yəni, qısa müddətə dərsləri öyrənib danışdım.
Amma bioliji saat deyilən bir şey var. Saatların çəkilməsi adamda hökmən bir narahatlıq yaradır. Yəni, insanın yatmaq, durmaq vaxtı ilə uyğun gəlmir. Bir müddət gərək uyğunlaşasan. Ümumiyyətlə, bu olmasa yaxşı olar. Səhv eləmirəmsə, Rusiya onu ləğv elədi. Bizdə də ləğv olunsa, yaxşı olar. Yəni, ciddi bir hadisə deyil. Azərbaycanda saatdan vacib irəli-geri çəkməli çoxlu məsələ var. Mənə bu saat çəkimi mənasız, qondarma bir hadisə kimi gəlir”.


Aktrisa Dilarə Əliyeva:
“Hal-hazırda xatırladığım elə bir əhvalat yoxdur. Mən belə şeylərə çox diqqətliyəm”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?