Modern.az

Olqa Boqomolets - Ukraynada prezidentliyə iddialı prezidentin keçmiş həkimi - FOTOLAR

Olqa Boqomolets - Ukraynada prezidentliyə iddialı prezidentin keçmiş həkimi - FOTOLAR

Aktual

30 Mart 2014, 19:14


Mayda Ukraynada keçiriləcək prezident seçkilərinə qatılan namizədlərin siyahısında daha bir xanımın da adı yer alıb. Modern.az saytının məlumatına görə, baş nazirin müavini kürsüsünə əyləşmək təklifindən imtina edən həkim Olqa Boqomolets ölkənin liderliyi uğrunda mübarizəyə qoşulmaq qərarını verib.

Bir çox elmi titullara sahib olan Ukraynanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Olqa Boqomolets həm də Avromaydan nümayişlərinin ən fəal üzvlərindən biri kimi tanınıb. Maydanda tibb xidmətinin əsas təşkilatçılarından biri olmaqla yanaşı, özü də birbaşa yaralılara və ehtiyacı olanlara xidmət göstərib.

Peşə fəaliyyətində babasının, Ukrayna Elmlər Akademiyasının prezidenti olmuş, tanınmış həkim, akademik Aleksandr Boqomoletsin yolunu uğurla davam etdirməklə yanaşı, o, fəal siyasətlə məşğul olmağa da vaxt tapıb, özünü ictimaiyyətə siyasətçi kimi də təqdim edə bilib.

Olqa Boqomoletsin həyat fəaliyyəti bununla yekunlaşmır. O, Ukrayna romanslarının mahir ifaçısı kimi də sevilir. Dünyanın bir çox ölkələrində musiqi müsabiqələrinə qatılan həkim-müğənninin qalib diplomları, fəxri təltifləri də az deyil. O, özünün təşkil etdiyi konsertlərdən əldə olunan gəliri isə aztəminatlı ailələrin sosial rifahının yaxşılaşmasına sərf edib.

1966-cı ildə Kiyev şəhərində anadan olmuş Olqa Boqomolets Kiyev Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirib. 1993-cü ildə tibb elmləri namizədi, 2003-cü ildə tibb elmləri doktoru elmi dərəcəsinə yiyələnib. Kiyev Dermatologiya və Kosmetologiya institutunun yaradıcısı və baş həkimidir. 70-dən artıq elmi məqalənin müəllifidir. Amerika Dermatologiya Akademiyasının, Nyu-York Elmlər Akademiyasının və Avropa Dermatologiya Akademiyasının üzvüdür.

Olqa Boqomolets Ukraynanın sabiq prezidenti Viktor Yuşenkonun şəxsi həkimi olub.

Prezidentliyə namizədliyi qeydə almaq üçün lazım olan 2 milyon 500 min qrivin Olqa Boqomoletsin tərəfdarları tərəfindən cəmisi 24 saat ərzində toplanıb. Prezident şeçkilərinin demokratik şəkildə keçiriləcəyi təqdirdə xanım namizədin tərəfdarları onun seçkilərdə qalib gələcəyinə əmindirlər.

Olqa Boqomoletsin daha şanslı olmasını onun hec bir siyasi qalmaqalda, ictimaiyyət tərəfindən qəbul olunmayan xoşagəlməz hadisələrdə adının hallanmaması ilə əlaqələndirirlər. Hazırkı vəziyyətdə seçicilərin fəallığını və siyasi həssaslığını nəzərə alsaq, bu fakt kifayət qədər önəmli sayıla bilər.

Krımdan sonra Ukraynada prezidentliyə namizədlərin mübarizəsini ikinci cəbhə adlandırsaq, bu cəbhənin qalibinin müəyyənləşməsinə isə iki aydan da az vaxt qalır.







İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər