Modern.az

31 mart soyqırımının sirləri: Nərimanov ölümdən necə qurtuldu?

31 mart soyqırımının sirləri: Nərimanov ölümdən necə qurtuldu?

Aktual

31 Mart 2014, 10:15

31 mart soyqırımı günlərində Nəriman Nərimanovun girov götürülməsi ətrafında araşdırmaçılar arasında hələ də mübahisə gedir. 1918-ci il faciəsi soyqırımı törədiləndə Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı vəzifəsində çalışırdı. Soyqırım vaxtı Nərimanovun ermənilər tərəfindən girov götürülməsi haqqında Modern.az-a danışarkən Nərimanovun araşdırmaçısı, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov həmin gecə onun məhz Şaumyamn tərəfindən öz evində qorunduğunu iddia edir.

T. Əhmədov bildirir ki, həmin vaxt rus-erməni əsgərləri tərəfindən Nərimanovun evinə basqın olunsa da, özünü yox qardaşını tuturlar: “Nərimanovun özünü yox,  onun qardaşını bir qrup insanla “Parapet” deyilən yerə gətirib orada güllələyiblər. Amma qardaşı möcüzə nəticəsində sağ qalıb. Nərimanovun özünə isə dəyməyiblər. Onun girov götürülməsi faktı düz deyil. Həmin vaxt o, Şaumyanın evində olub. Şaumyan onu qorumaq məqsədilə ailəsi ilə birgə evində saxlayıb.”

Nərimanov Novruzu evdə qeyd edirdi...

O dövr üzrə araşdırmaçı Teyyub Qurban: “Nərimanov məcburiyyət səbəbindən Şaumyanın evinə gedib. Şaumyanın evi qorunurdu. Nərimanov onun evinə gedərək xahiş edib ki, qırğını dayandırsın. Amma xahişi yerdə qalıb. Ümumiyyətlə mart soyqırımı ayın 31-də yox, on gün qabaq, yəni 21-də olub. Rus və ermənilər Novruz bayramı günü xalqın başına bu oyunu gətiriblər. Nərimanov Şaumyanın Andraniklə məktublaşmasından, Qafqaz İslam ordusunun Bakıya gəlməsindən, müsavatçıların gizli fəaliyyətindən xəbərdar idi. Nərimanov kimi adam heç vaxt onlara qoşulub qırğını alqışlaya bilməzdi”.

 Nərimanov ölümdən son anda  necə xilas olur?

Nəriman Nərimanovun ev-muzeyinin direktoru Kamilə Nərimanova da bu fakt barəsində maraqlı məqamlara toxunub. Qeyd edək ki, Nərimanovun qardaşı nəvəsi olan  Kamilə xanım əsasən öz nənəsi, Nərimanovun qardaşı qızı İltifat   Nərimanovanın xatirələrinə istinad edir: “Onun mart soyqırımı axşamı ermənilər tərəfindən girov götürülməsi barədə heç bir məlumat yoxdur. Nənəm də öz xatirələrində bundan bəhs etməyib. Yalnız o məlumdur ki, mart soyqırımı günündə Nərimanovu hazırda biz oturduğumuz evdən gəlib aparıblar. O vaxt  Nərimanov da Şaumyana kəskin etirazını bildirib. Qırğından iki gün sonra isə əsgərlər onun yaşadığı evə gəlirlər. Nərimanov özü evdə olmur. Qardaşı Rizvan, mənim nənəm və digər qadınlar evdə olur. Əsgərlər axtarış aparmaq istəyərkən Rizvan deyib ki, Nəriman mənəm. Onlar da adi əsgər idilər. Nə bilirdilər ki, Nərimanov kimdir? Elə bunu götürüb aparıblar.  Onu da adamların cərgəsinə qatıb kütləvi güllələnmə yerinə aparıblar. Amma Rizvan Nərimanov təsadüf nəticəsində sağ qalıb”.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər