Modern.az

Türkiyədəki seçkilərdə bəzi sürpriz nəticələr qeydə alınıb

Türkiyədəki seçkilərdə bəzi sürpriz nəticələr qeydə alınıb

31 Mart 2014, 10:39

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə hakim Ədalət və İnkişaf Partiyası liderliyini qoruyur. Modern.az saytı Türkiyə KİV-lərinə istinadən bildirir ki, indiyədək səslərin 97,66 faizi hesablanıb.

Bu nəticəyə görə AKP-nin səs faizi 45,55-dir. İkinci olan Cümhuriyyət Xalq Partiyası indiki nəticəyə görə seçicilərin 27,91 faizinin səsini qazana bilib. Üçüncü yerdə olam Milliyyətçi Hərəkat Partiyası 15,7 faiz səs qazanıb. Barış və Demokrat Partiyasının (BDP) qazandığı səs faizi isə 4,01-dir.

Beləliklə, səslər tam hesablanmasa da, artıq 81 bələdiyyə başqanı yerinin 52-nin AKP-nın namizədlərinin qazandığı məlum olub. Qeyd edək ki, hakim partiyanın Ankara və İstanbuldakı namizədləri yenə rəqiblərini üstələyə biliblər. Hər iki şəhərdə əvvəlki bələdiyyə başçıları postlarında qalacaq.

Həmişəki kimi AKP Türkiyənin üçüncü ən böyük şəhəri olan İzmirdə əzəli rəqibi CHP-yə uduzub. Qeyd edək ki, ən böyük müxalifət partiyası olan CHP indiki nəticələrə görə 13 bələdiyyə başqanı yeri əldə edə bilib. Ən maraqlısı odur ki, bu partiyanın başqanı Kamal Kılıçdaroğlunun vətəni olan Tuncelidə CHP-nin namizədi qalib gələ bilməyib. Digər maraqlı məqam MHP-nin Kastamonudakı məğlubiyyətidir. Hələ tam hazır olmayan nəticələrə görə burada bələdiyyə başqanlığı seçkisini MHP-nin namizədindən 424 çox səslə AKP-nin namizədi Tahsin Babaş qazanıb.
Beləliklə də, MHP-nin burada 20 ildən bəri davam edən “hökmranlığına” son qoyulub.

Qeyd edk ki, Türkiyədə seçki prosesinin ümumi idarə edilməsini və nəzarəti  Türkiyə Yüksək Seçim Kurulu (YSK) adlandırılan qurum həyata keçirir. Türkiyə qanunlarına görə, YSK üst məhkəmə orqanıdır.  Sözügedən qurum xüsusi qanunlara görə keçirilən millət vəkilliyi seçimlərini, prezident, bələdiyyə seçkilərinin həyata keçirilməsini təmin edir. YSK  Konstitusiyaya ediləcək dəyişikliklərin ümumxalq səsverməsinə çıxarılması məsələsini də yoxlayır. 

Seçki nəticələrinə qarşı qanuni şəkildə hər cür etiraz etmək üçün adıçəkilən quruma müraciət edilə bilər. YSK-nın isə verdiyi qərarlar qətidir və heç bir halda mühakimə oluna bilməz.

YSK 1950-ci ildə yaradılıb. YSK 7 əsas və 4 ehtiyat üzvdən ibarətdir. Üzvlərin səlahiyyət müddəti altı ildir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!