Modern.az

“Qarabağ” sürpriz edəcək! - Futbol EKSPERTLƏRİ

“Qarabağ” sürpriz edəcək! - Futbol EKSPERTLƏRİ

İdman

5 Noyabr 2025, 14:13

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ” – “Çelsi” oyunu keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:45-də başlayacaq.

Qeyd edək ki, görüşü Avstriyadan olan hakimlər idarə edəcək.

"Çelsi" ilə oyuna azərbaycanlı azarkeşlər elə də nikbin yanaşmırlar. İngiltərənin və dünyanın sayılıb seçilən komandalarından biri olan "Çelsi"nin "Qarabağ"ı məğlub edəcəyini düşünənlər çoxdur. Bu da səbəbsiz deyil:
“Çelsi” 8 il əvvəl “Qarabağ”a Çempionlar Liqasının ev oyununda 6 cavabsız qol vurmuşdu. İngilislər Bakıdakı cavab matçında da 4:0 hesabı ilə qələbə qazanmışdılar.

Bəs mütəxəssislər bugünkü oyunla nə düşünürlər.

Modern.az-a açıqlamasında tanınmış məşqçi Ağasəlim Mircavadov bildirib ki, "Qarabağ" öz taktikası ilə lazımı oyun nümayiş etdirəcək:

"Güclü, ad-sanlı bir komanda gələndə “qurtardı, uduzduq” deməyə öyrəşmişik. Amma güclü klubun da zəif tərəfləri, nöqtələri mövcuddur. Bunu yaddan çıxartmamaq lazımdır. “Qarabağ” zəif komanda deyil, Avropada  tanınmış klublardan biridir. Futbolçularımız öz oyunları ilə hər kəsi “Qarabağ”ı saymağa məcbur ediblər.

Çempionlar Liqasında oyunlara baxıram. Dünən “Liverpool”un “Real Madrid”lə qarşılaşmasını izlədim. İki böyük komanda oyun prosesində xal üstündə vuruşurdular, öz oyunlarına fikir vermirdilər. Hər bir klubun öz taktikası var. Klubun tərkibində fərdi oyunçular var, məsələni onlar həll edirlər. Düzdür, mübarizəli oyun olsa da, baxımlı olmadı. 
Bugünkü oyunda isə “Qarabağ” öz taktikası ilə oynayacaq. Bəzi mütəxəssislər deyir ki, “Qarabağ” bu gün 5 müdafiəçi ilə oynayacaq. Lakin 5 müdafiəçiylə  4 müdafiəçili oyun arasında böyük fərq var. Hələ mən “Qarabağ”da işlədiyim vaxtdan bu günə qədər klub 5 müdafiəçili oynamayıb. 4 müdafiəçi ilə çox yaxşı oynayırlar, oyunçular bir-birilərini gözəl başa düşürlər. Ona görə də bugünkü oyundan həzz almayılıyıq ki, “Çelsi” kimi komandanı Azərbaycana dəvət etmişik".

A.Mircavadov vurğulayıb ki, "Qarabağ"a xal lazımdır:

"Elə başa düşürəm ki, uşaqlar mübarizə aparıb əsl futbol oynayacaqlar. “Qarabağ” “Atletik Bilbao”ya uduzdu, amma qol vurdu, qol vəziyyəti yaratdı, di gəl ki, alınmadı. Mən onu istəyirəm ki, komanda əsl futbol nümayiş etdirsin. Belə olan halda xal da gələcək. Ona görə bugünkü oyunda azerkeşlərimiz “Qarabağ”a həddindən artıq kömək etmələdilər. İki gündür hava yağışlıdır. Yağışlı hava da bizə təsir edə bilər. Çünki biz yağışda oynamağa öyrəşməmişik. İngiltərə Premyer Liqasının oyunlarının isə 50-60 faizi yağış altında olur. Bu da şərtdir. Amma mən “Qarabağ”ın oyunçularına inanıram, onlar xal ehtiyatlarını artıracaqlar".

Tanınmış telejurnalist, futbol şərhçisi Rövşən Binnətli isə söyləyib ki, “Çelsi”ni favorit qismində görməyə məcburuq:

"Biri var istək, arzu, bir də var reallıq. Məsələyə reallıq müstəvisindən yanaşsaq, “Çelsi” “Qarabağ”dan bütün parametrlərdə həddindən artıq üstündür. Amma “Qarabağ”ın güclü rəqiblərlə oyunda göstərdiyi şücaətin, layiqli mübarizənin şahidi olmuşuq. “Bayer Leverkuzen”lə görüş buna nümunədir. Baxmayaraq ki, proqnozlar fərqliydi. Proqnozlar, ehtimallar bir çox hallarda statistikaya köklənir. Real olaraq meydandakı mübarizə tamamilə başqa cür ssenari diqtə edə bilər. Meydançada hər şey ola bilir. Biz “Çelsi”nin və “Qarabağ”ın keçdiyi yolu, bugünkü durumu nəzərdən keçirsək, təbii, “Çelsi”ni favorit qismində görməyə məcburuq. İngiltərə Premyer Liqası dünyanın bir nömrəli milli çempionatıdır. Liqanın "top komandaları"ndan biri də “Çelsi”dir. “Qarabağ”ı “Çelsi”yə məğlub olduğuna görə ittiham etmək doğru yanaşma deyil. 8 il bundan qabaq “Çelsi” ilə “Qarabağ" oynamış, komandamız uduzmuşdu. Ola bilsin ki, bu dəfə də komanda məğlub olacaq, amma “Qarabağ” düşünürəm ki, çox layiqli oyun aparması ilə yaddaşımızda qalacaq. Hər şey mümkündür. Eyforiyaya qapılmaq kimi çıxmasın,  biz çoxsaylı sürprizlərin şahidi olmuşuq. İndi də belə bir sürprizin şahidi ola bilərik. Reallıqdan yanaşdıqda bütün parametrlərdə “Çelsi”nin qalib gəlmə ehtimalı xeyli yüksəkdir. Amma “Qrabağ”a da ümidlər var ki, ən azı öz adına, indiyə qədər keçdiyi yola layiq oyun ortaya qoyacaq".

Futbol şərhçisi “Qarabağ”ın yekunda “24-lük"ə düşmək vəzifəsinin öhdəsindən gələcəyinə inandığını bildirib:

"Qarabağ”ın “Çelsi” ilə layiqli mübarizə aparmaqla nəticə əldə etməsi komandanın özünəinamını artırmaq baxımından çox önəmlidir. Artıq “Qarabağ”ın hesabında 6 xal var. Statistika göstərir ki, hətta 9, 10, 11 xal da  “24-lük”ə düşmək üçün kifayət edir. Çünki heç-heçələr çoxdur. Bu üzdən də xal itkilərini nəzərə alıb belə bir araşdırmalar aparılır və güman olunur ki, 10 xalın özü “24-lük"ə düşmək üçün yetərli olur. “Qarabağ”ın 6 xalı var və daha 4-5 xal qazanmaq  imkanları da mövcuddur. Çünki digər komandalarla evdə 3 oyunumuz var. Bu oyunlarda həmin o nöqtəyə çatmaq mümkün görünür. “Qarabağ” Qurban Qurbanovun da dediyi kimi, nəticələrə 5-li müdafiəyə çəkilməklə yox, öz oyununu oynamaqla nail olub. “Qarabağ” həmişə yaxşı mənada aqressiv oynayan komandadır. Ən əsas məsələ “24-lük"ə düşməkdir. Belə bir şans “Qarabağ” üçün yaranıb.
Hesab edirəm ki, “Qarabağ”ın hədəfi xal qazanıb növbəti mərhələlərə keçməkdir. Çempionlar Liqasında mübarizəni davam etmək hüququ qazanmaq “Qarabağ” üçün fantastik nəticə olacaq. Məşqçilər heyəti, komandanın rəhbərliyi də bunu nəzərdə tutaraq, hazırlığını həyata keçirir. İnşallah, çəkilən əziyyət yerdə qalmaz. Mənim inamım var ki, “Qarabağ” yekunda “24-lük"ə düşmək vəzifəsinin öhdəsindən gələcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu