Modern.az

Həsən Hüseynov: “Mənim üçün Putinin yox, Əkrəm Əylislinin Nobel ala bilməsi maraqlıdır” - MÜSAHİBƏ

Həsən Hüseynov: “Mənim üçün Putinin yox, Əkrəm Əylislinin Nobel ala bilməsi maraqlıdır” - MÜSAHİBƏ

31 Mart 2014, 11:10

Bir qrup alim və yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərib. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.

Müraciəti imzalayanlardan biri də filologiya elmləri doktoru, professor Həsən Hüseynovdur. Modern.az Moskvada yaşayan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Hüseyninin oğlu olan filoloq-alim H. Hüseynovla müsahibəni oxuculara təqdim edir.

 

– Siz Əkrəm Əylislinin Nobel Sülh mükafatına namizədliyini irəli sürənlərdən birisiniz? Bu ideyanın əsas təşəbbüsçüsü kimdir?

– Əsas təşəbbüsçünün kimliyini heç mən də bilmirəm, amma düşünürəm ki, Əkrəm Əylislini dəstəkləmək fikri eyni zamanda bir çoxlarında yaranıb. Doğrusu, mənə elə gəlirdi ki, yazıçının namizədliyini ədəbiyyat üzrə irəli sürmək daha məqsədəuyğun olardı, lakin onda nominatorların da siyahısı başqa cür olmalı idi. Əkrəm Əylislinin namizədliyini irəli sürənlər arasında bir də ona görə varam ki, çox-çox illər əvvəl SSRİ-də və Rusiya Federasiyasında Nobel Sülh mükafatı laureatlarına münasibətə dair bir araşdırmada iştirak etmişəm. Azlıqda olmanın, üstəlik, yazıçı ola-ola bu duruma düşmənin nə demək olduğunu yaxşı təsəvvür edirəm, Azərbaycan tarixi vətənlərimdən biri olduğu və Bakıda doğulduğum üçün bu şəkildə gözəl yazıçıya hörmətimi izhar edə bilməmdən də məmnun idim.

– Atanız yazıçı Çingiz Hüseyn “Daş yuxular” romanını bəzi aspektlərinə görə tənqid eləmişdi, bəs siz filoloji-ədəbi nöqteyi-nəzərdən bu əsər haqda hansı rəydəsiniz?

– Bildiyim qədər, atam Əkrəm Əylislinin ədəbi istedadını yüksək qiymətləndirir və ədəbi nöqteyi-nəzərdən, əlbəttə, bir şey onun üçün xoş, başqa bir şey daha xoşdur. Məncə, kitabın əsas məziyyəti orada hər hansı ideologiyanın yoxluğudur. Bu, müəllifin başından çıxmayan fikirlərin sərbəst nəqlidir. Bütün Cənubi Qafqazın hazırda yaşadığı durumun açıq, azad təsviri olmadan keçinə bilməzdi, çünki Əkrəm Əylisli əsl yazıçı və vətəndaşdır.

– Nobel Komitəsinə müraciətinizdə olan erməni soyadları Azərbaycan cəmiyyətinin bir hissəsini qıcıqlandırıb. Hətta Əkrəm Əylislinin özü bu müraciətə müəyyən şübhə ilə yanaşıb və hətta onu təxribat hesab edib.

– Burada heç bir təxribat olmayıb və yoxdur. Ümumən mənimçün insanın mənşəyi heç bir əhəmiyyətə malik deyil. Ona görə də milli mənsubiyyətdən qayğılanan adamlarla mümkün qədər az ünsiyyətdə olmağa üstünlük verirəm.

– Vladimir Putin də Nobel Sülh mükafatına iddialılardan biridir. Sizcə, Əkrəm Əylislinin Rusiya Federasiyasının prezidentinə qalib gəlmək şansı varmı?

– Bəli, eşitmişəm ki, Rusiya Federasiyasının prezidentini də Nobel sülh mükafatına namizəd kimi irəli sürüblər, amma bununla bağlı kimin üçünsə maraqlı ola biləcək heç bir fikrim yoxdur. Amma insanın öz ətrafında baş verənləri başa düşməyə çalışmasına, insanın özünü orada necə duymasına, insanın qonşuları ilə sülh şəraitində yaşamanı necə öyrənməsinə, mənasız və təhlükəli sədləri keçməsi, nəhayət, bu cür yazıçıya mükafat verilməsinə mən çox sevinərdim.

Qeyd edək ki, Əkrəm Əylisli “Daş yuxular” romanını 2012-ci ilin dekabrında “Drujba narodov” (Rusiya) jurnalında nəşr edib. Roman yayıldıqdan sonra Ə. Əylisli “Azərbaycanın xalq yazıçısı” adından və fəxri təqaüddən məhrum edilib. Nobel Komitəsinə müraciəti isə H. Hüseynovdan başqa aşağıdakı şəxslər imzalayıb:
Sergey Abaşin – antropologiya və sosial tədqiqatlar professoru, Sankt-Peterburq Avropa Universiteti;
Andrei Bitov – Rusiya PEN-Klubunun prezidenti, Yerevan Dövlət Universitetinin fəxri professoru;
Kreyq Kalhun – sosial elmlər professoru, London İqtisadi və Siyasi Elmlər Məktəbinin direktoru;
Georgi Derluqyan – sosial tədqiqatlar və kütlə siyasəti professoru, Əbu-Dabi Nyu-York Universiteti;
Aleksandr Dobroxotov – fəlsəfə doktoru, Moskva Ali İqtisadiyyat Məktəbi;
Həsən Hüseynov – klassik filologiya və fəlsəfə doktoru,
Kevan Harris – ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşı;
Ruslan Xestanov – fəlsəfə və kulturologiya professoru, Moskva Sosial və Mədəniyyət Proqramları İnstitutunun direktoru, Moskva Ali İqtisadiyyat Məktəbi;
Mixail Maiatski – kulturologiya professoru, Moskva Ali İqtisadiyyat Məktəbi, İsveçrə Friburq Universiteti;
Vladimir Malaxov – sosial tədqiqatlar professoru, Rusiya Təsərrüfat və Dövlət Xidməti Akademiyasının prezidenti;
Nikolay Plotnikov – fəlsəfə professoru, Rus Fəlsəfəsi və İntellektual Tarixi Elmi Mərkəzi, Bohum Rur Universiteti;
Teodor Şanin – Mançester Universitetinin sosiologiya professoru;
İmmanuel Vallerstein – Yel Universitetinin sosiologiya professoru;

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir