Modern.az

Azərbaycan müxalifətindən Türkiyədəki seçkilərin nəticələrinə MÜNASİBƏT

Azərbaycan müxalifətindən Türkiyədəki seçkilərin nəticələrinə MÜNASİBƏT

31 Mart 2014, 12:43


“Türkiyədə seçki sistemi mükəmməldir. Orada ədalətli seçkilər keçirilir”. Bunu Modern.az-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyədəki seçkilərin nəticələrindən ciddi şikayətlər olmur:
“Əhali də sərbəst surətdə kimə istəyirsə, ona səs verir. Türk xalqının seçiminə hörmətlə yanaşıram. Seçkinin nəticələri onu göstərir ki, insanlar hələ də AKP-nin siyasətini dəstəkləyir. Son hadisələr AKP-nin səsinin aşağı düşməsinə səbəb oldu. Söhbət ötən ilki reytinqdən gedir. Amma 2009-cu il seçkisi ilə müqayisədə daha artıq səs qazandıqları görünür”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı da seçki nəticələrinin türk xalqının iradəsini əks etdirdiyini qeyd edib:
“Bu həm də onu göstərir ki, son günlər aparılan polemikalar, müzakirələr cəmiyyət tərəfindən əsaslı qəbul olunmayıb. Türk xalqı daha çox praqmatik məsələlərə yanaşma nümayiş etdirib. Bu seçkinin nəticələri AKP üçün yeni imkanların açılması deməkdir. Bu ilin avqustunda Türkiyədə prezident seçkiləri keçiriləcək. Bu seçkidə AKP özünə, cəmiyyətdəki sosial bazasına güvənərək öz namizədi ilə iştirak edəcək. Böyük ehtimalla indiki baş nazir Ərdoğan qalib gələcək. Bələdiyyə seçkiləri Türkiyədəki qüvvələrin testi idi. Gələn il də parlament seçkiləri keçiriləcək, bu seçkidə də AKP-nin qələbə çalacağı gözlənilir. Bu, o deməkdir ki, AKP Türkiyə siyasətində tanınan güc olaraq qalır. Faktdır ki, rəqiblərin bir yerə toplanaraq yığdığı səsi, AKP təkbaşına qazanır. Nəticələr göstərdi ki, Ərdoğanın partiyasına qarşı aparılan irimiqyaslı əks-təbliğat kampansiyası bu partiyanı zəiflədə bilmədi”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil bildirib ki, AKP birinciliyini qoruyub saxlayıb: “CHP-nin, MHP-nin səsi qismən çoxalsa da, istədikləri nəticələri qazana bilmədilər. Bu da Türkiyə seçicisinin vəziyyəti hansı aspektdən qiymətləndirməsindən xəbər verir. Son vaxtlar rüşvət, korrupsiya ilə bağlı hadisələr vəziyyətin dəyişəcəyindən xəbər verirdi. Amma belə olmadı. Bir məsələ də var, bələdiyyə seçkilərində yerlərdəki hansı bələdiyyə başqanı yaxşı işləyirsə, partiya mənsubiyyətindən asılı olmayaraq, seçicilər ona səs verir. Bələdiyyə seçkilərinin özəlliyi budur. Bu seçkinin növbəti seçkilərə də təsiri ola bilər. Çox güman ki, növbəti seçkidə Ərdoğan da namizəd olacaq. Amma bələdiyyə seçkiləri Türkiyədə gərginliyi daha da artırdı”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Ərdoğanın məğlub olduğunu vurğulayıb: “AKP qələbə çalmayıb, bu, əslində, məğlubiyyətin başlanğıcıdır. Əminəm ki, bu seçkidə saxtakarlıq olub. Xalq Ərdoğan rejiminə çox dözməyəcək. Qarşıdan gələn parlament seçkilərində nəticələr daha da aşağı düşəcək. Prezident seçkilərində də ciddi zərbə alacaqlar. Sonra isə məğlub olacaqlar. Bu cür korrupsiyaya, zorakılığa türk xalqı dözə bilməyəcək. Növbəti seçkilərdə AKP qələbə çala bilər, amma nəticələr getdikcə aşağı düşəcək”.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İlkin məlumatlara görə, digər partiyalarla nisbətdə AKP daha çox səs toplayıb.

İlkin PİRƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir