Modern.az

Qərbyönlü və rusyönlü olmalıyıq? – Azərbaycan jurnalistləri arasında Sorğu

Qərbyönlü və rusyönlü olmalıyıq? – Azərbaycan jurnalistləri arasında Sorğu

31 Mart 2014, 15:03

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycanın cəmiyyətinin Qərbə, yoxsa Rusiyaya yaxın olması həmişə mübahisə mövzusu olub. Müxtəlif dövrlərdə tarixi şəraitindən asılı olaraq bu yaxınlığın ünvanı dəyişib. Bəs bu gün Azərbaycan cəmiyyəti daha çox hara yaxınıdır?

Modern.az-ın sorğusunu tanınmış jurnalistlər cavablandırır:

“Ayna-Zarkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı: “Mən özümü Qərbə yaxın sayıram. Sadə məntiqlə düşünsək, özümüzü Qərbə yaxın hiss eləməliyik. Qərbdə tərəqqi var, amma Rusiyada yoxdur. Bu nöqteyi-nəzərdən gərək Qərbi seçək. İndi deyəcəklər ki, bəs böhrandır. O böhran gəlib-gedən şeylərdi. Orada tərəqqi, yenilik var. Amma təəssüf, Rusiyada tərəqqi yoxdur. Rusiyanın bizə nə verəcəyini 400 il qabaq artıq görmüşük. Bundan sonra nə verəcəyini də bilirəm. Asılılıqdan başqa heç nə verə bilməz. Yəni məntiqlə gərək Qərbə tərəf yaxın olaq. Amma millətin yerinə mən cavab verə bilmərəm, çətindir”.

“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev birtərəfli mövqeni dəstəkləmir: “Bu bir az mürəkkəb məsələdir. Müxtəlif aspektlər məsələni mürəkkəbləşdirir. Ümumiyyətlə, Azərbaycan cəmiyyəti modernizmə, modern yaşayışa yaxın olmağa çalışan cəmiyyətdir. İnsanlarımız öz davranışı, həyata olan münasibəti ilə daha çox qərbə yaxın adamlar təsiri bağışlayır. Amma başqa amillər də var. Biz uzun müddət Rusiyaya yaxın olmuşuq və bu gün xeyli sayda Azərbaycan vətəndaşı Rusiya ilə bağlıdır. Orada bizim çoxlu sayda vətəndaşımız yaşayır və onların Azərbaycan ilə çox ciddi əlaqələri var. Azərbaycanda çoxlu sayda insanların da iqtisadi, maddi həyatı onlardan asılıdır. Amma eyni zamanda Sovet ittifaqının çöküşündən sonra baş vermiş hadisələr Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vurub. Qarabağ məsələsində Rusiyanın Ermənistanı dəstəkləməsi və Azərbaycan əleyhinə fəaliyyəti də Azərbaycan-Rusiya münasibətlərinə ciddi təsir göstərən məsələlərdəndir. Buna görə hesab etmək olar ki, Azərbaycan bir çox parametrlərə görə Qərbə daha çox yaxındır. Əlbəttə ki, hər bir dövlət üçün digər dövlətlərlə siyasi, iqtisadi cəhətdən yaxşı münasibətdə olmaq çox vacibdir. Mühüm əhəmiyyət kəsb edən məsələdir. Biz etiraf etməyə bilmərik ki, Azərbaycanın Rusiya ilə çox ciddi əlaqələri var. Artıq bizim istəyib istəməməyimizdən asılı olmayaraq tarixən formalaşmış əlaqələrdir. Çox hədsiz birtərəfli siyasət də əlbəttə ki, heç də düz deyil. Ən məqbul variant istər Rusiya, istər İran, istərsə də Qərb dövlətləri ilə normal münasibətləri qurmaqdır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Biz 70 il sovet dönəmində Rusiyanın əyalətində, Rusiyanın tərkibində olduğumuza görə, ondan öncə də Romanovlar sülaləsinin, ,ar Rusiyasının tərkibində olduğumuz üçün təbii, Rusiyaya meyl var. Bu gün Azərbaycanlıların müəyyən hissəsi də Rusiyada çalışır və evinin dolanışığı oradan gəlir. Bugünkü aydınlarımız, ziyalılarımızın da böyük bir qismi Rusiya məktəbinin, Rusiya təhsil sisteminin  yetirmələridir. Bu baxımdan Azərbaycanda Rusiyaya meyl var. Ancaq son iyirmi ildə Qərbə də bir meyl hiss olunur. Bu da sərhədlərin açılması ilə bağlıdır. Artıq Azərbaycan insanın dünyaya çıxış imkanları yaranıb və onların inkişaf eləmiş ölkələrdə, öz demokratik səviyyəsi ilə, quruluşu ilə öyünən ölkələrdə olmaları Qərbə müəyyən mənada bir simpatiya bəsləyən müəyyən bir qrupun yaranmasına səbəb olub. Ancaq çox təəsüf ki, o qrup, o hissə çox azdır. Təbii ki, mən Azərbaycanın Qərbə yaxın olmağının tərəfdarıyam. İqtisadi inkişaf, cəmiyyətin strukturu, vətəndaş cəmiyyətinin quruluşu, fərdin azadlığı - hamısı Qərb cəmiyyətində, Qərb standartlarında var. Azərbaycan cəmiyyəti öz inkişafını Qərbdə görməlidir. Yəni o baxımdan da ki, bizim bayrağımızın rəngində müasirlik məhz Avropaya, Qərbə inteqrasiyanı nəzərdə tutur”.

“Mediaforum.az” saytının baş redaktorunun müavini Hikmət Sabiroğlu Qərbə yaxınlığı məqbul sayır: “Azərbaycan cəmiyyəti mahiyyət etibarı ilə Qərbə daha yaxındır, nəinki Rusiyaya. Təbii ki, Qərbə də yaxın olmalıyıq. Bunun çox səbəbi var. Əsas da həm iqtisadi inkişaf, həm demokratik dəyərlər baxımından biz Qərbə daha yaxın olmalıyıq”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu: “Əlbəttə, Azərbaycan cəmiyyəti ümumiyyətlə, tarixi ənənəvi xüsusiyyətlərinə görə tolerant, demokratik cəmiyyət olduğu üçün daha çox Qərb ənənələri ilə identifikasiya oluna bilər. Çünki Azərbaycan xalqının dövlətçilik tarixinin yaşı təqribən 5 min ildir. Və bu gün Qərbin ilkin orta əsrlərdən bəri mənimsədiyi bir çox demokratik ənənələrin kökündə məhz mənsub olduğumuz xalqın dövlətçilik ənənələrindən gələn tendensiyalar var. Yəni, dövlətçilik qurumlarının, seçkili orqanların yaradılması ənənəsi bizim xalqın keçmişində, ibtidai formada Qərbdən daha əvvəl mövcud olub. Əgər bununla yanaşı son iyirmi ildə Azərbaycanın milli kimliyinə söykənərək Qərbə inteqrasiya olunma meyllərini nəzərə alsaq əlbəttə ki, biz görəcəyik ki, Azərbaycan cəmiyyəti daha çox Qərbə uyğundur. Biz düz yoldayıq. Çünki Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinə təqdim olunarkən ulu öndər Heydər Əliyev burada 3 prinsip müəyyənləşdirib: milli-mənəvi dəyərlərə sahib çıxmaq, mili kimliyini qorumaqla Qərbə inteqrasiya olunmaq. Bu bugünkü Azərbaycançılığın fəlsəfəsidir. Və Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Ona görə də, hesab edirəm ki, bu tamamilə düzdür və belə də olmalıdır”.

 

Misranə Həsənzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir