Modern.az

Mübariz Əhmədoğlu: “Ermənistan ikili oyun oynayır”

Mübariz Əhmədoğlu: “Ermənistan ikili oyun oynayır”

3 İyun 2010, 14:00

Modern.az xəbər verir ki, bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) may ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi hadisələrin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı tqədim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə İran ətrafında cərəyan edən proseslərdən danışıb. M.Əhməıdoğlu deyib ki, İran Türkiyə və Braziliyanın vasitəçiliyi ilə uranın zənginləşdirilməsi haqında Qərbin təqdim etdiyi variantla razılaşdı: “Bununla bağlı Tehranda müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə, İran 3,5 %-dək zənginləşdirilmiş 1200 kq-lıq uranı Türkiyəyə verir, bunun əvəzində bir ildən sonra Türkiyədən 120 kq 20%-dək zənginləşdirilmiş uran alır. ABŞ İranın mövqeyindəki bu dəyişikliyi qəbul etmədi. Hesab edirəm ki, İranın sazişə imza atması və ABŞ-ın reaksiyası gözlənilən idi”. Politoloq deyib ki, İran son vaxtlar həm də Mərkəzi Asiya regionunda xeyli fəallaşıb: “İran Mərkəzi Asiya regionunda antirusiya siyasəti aparır. Bunun üçün regionun iki kiçik dövlətinin - Qırğızıstan və Tacikstanın düşdüyü vəziyyətdən istifadə edir”. Qafqaza gəlincə, SİTM sədri Türkiyənin Rusiya ilə bu regionun problemlərini müzakirəyə başladığını bildirib: “SSRİ dağılanda Rusiya ilə Türkiyə Cənubi Qafqazda mövcud olan problemləri müzakirə etməyə başladılar. Amma bir müddət sonra Rusiya Türkiyənin bu məsələyə müdaxilə etməsinin qarşısını aldı. 2008-ci ilin avqust hadisələrindən və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması adı altında gedən proseslərdən sonra Türkiyə yenidən Qafqazda fəallaşmağa başladı. Bəlkə də Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının qarşısnı almasaydı, Ermənistan çoxdan Türkiyənin təsir dairəsinə daxil ola bilərdi. Hətta Ermənistandan Rusiyanın hərbi bazalarının çıxarılması məsələsi də gündəmə gələ bilərdi”. Mətbuat konfransında M.Əhmədoğlu Ermənistanda cərəyan edən hadisələrin təhlilinə də geniş yer ayırıb. Onun sözlərinə görə, Ermənistanda yenilənmiş Madrid prinsiplərinin əleyhdarlarının sayı getdikcə artır: “Azərbaycanın və vasitəçilərin Ermənistandan cavab gözlədikləri bir vaxtda bu ölkənin müdafiə naziri S.Ohanyan və xarici işlər nazirinin müavini Ş.Koçaryan dəfələrlə bəyan etdilər ki, Ermənistanın işğal etdiyi əraziləri qaytarmaq fikri yoxdur. Bu isə onu göstərir ki, Ermənstan rəhbərliyi danışıq imitasiyasından əl çəkib ikili oyun oynayır”. Politoloq onu da deyib ki, son vaxtlar Azərbaycan ətrafında baş verən regional və geosiyasi proseslərin parametrləri dəyişir: “Azərbaycanın daxili və xarici siyasəti, iqtisadi potensialı, ümumilikdə gücünün arması və bu reallığın qonşular tərəfindən dərk edilməsi yeni siyasi vəziyyət yaradıb. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rəsmi Bakının mövqeyində demarş elementləri göründü. Azərbaycan prezidenti mayın 8-də Şuşanın işğal günü Ermənistan prezidenti ilə eyni tədbirdə görünməmək üçün MDB-nin qeyri-formal sammitinə qatılmaqdan imtina etdi. Eləcə də Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüşdə iştirak etmədi. Maraqlıdır ki, bütün dünya Ermənistandan sülh variantına cavab gözlədiyi bir vaxtda S.Sarkisyan NATO-dan Azərbaycana qarşı müharibədə kömək istəyir. Bu isə onu göstərir ki, Ermənistan sülh danışıqlarında iştirak etməyə hazır deyil. Verilən cavablar yalnız vasitəçilərin özlərinin şəxsi mövqeyi kimi qəbul edilməlidir”. Sonda M.Əhmədoğlu qeyd edib ki, ötən ay həm də ABŞ-ın Gürcüstana diqqəti artması ilə yadda qalıb: “ABŞ bütün proqramlar və parametrlər üzrə Gürcüstana dəstək verməyə başladı. ABŞ-ın Gürcüstana verdiyi dəstəyi əvvəlki səviyyəyə qaldırması İran faktoru ilə bağlıdır”. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir