Modern.az

Hansı ölkədə daha çox qadın deputat var? – Siyahı

Hansı ölkədə daha çox qadın deputat var? – Siyahı

31 Mart 2014, 15:37

 

 

 

 

 

 

 

 

 

 

 

 

İldən-ilə bütün dünyada siyasi fəaliyyətli qadınların sayı artır. Amma parlamentdə və idarəçilikdə təmsil olunan qadınların sayı hələ də arzulanan həddə deyil. Hətta demokratiyanın beşiyi zənn edilən ölkələrdə belə bəzən çox az sayda qadın siyasətçiyə, yaxud deputata rast gəlinir.

Modern.az dünya təkpalatalı parlamentlərində təmsil olunan qadın deputatların sayını araşdırıb.    

Belə ki, Seneqalın 150 nəfərlik parlamentində 64 nəfər qadın təmsil olunur. Seneqal parlamenti ilə eyni tərkibdə olan Avropa ölkəsi Niderlandda isə zərif cinsin nümayəndələri 58 nəfər olmaqla ikinci yerdədirlər. Okeanın o tayında – Meksikada bəlkə də dünyada ən çox say tərkibinə görə birinci yerdə olan 500 nəfərlik parlament üzvünün 36,8%-i qadınlardır. Bu ölkənin qanunverici orqanında nə az, nə çox 184 qadın deputat var.

Başçısı Azərbaycan Neft Akademiyasını bitirmiş Anqola məclisində isə 220 deputatdan 75-i qadındır. Bu göstərici Serbiyada 81, Əlcəzairdə 146-dır. Avropa İttifaqının qurucu üzvü Fransanın 577 deputatından 155-ini qadınlar təşkil edir.

109 nəfərlik Belarus parlamentinin 26%-ini, yəni 29 nəfərini qadın deputatlar tutub. Qazaxıstanı da qadın deputatlarsız təsəvvür etmək çətindir. Parlamentdəki 107 stuldan 26-sı qadınların ixtiyarındadır. Hələ də böhranın caynağından qurtara bilməyən Yunanıstanda 300 nəfərlik parlamentarinin 21%-i, yəni 62 nəfəri qadındır.

Bütün dövlətlərə öz siyasətini diktə edən Amerika Birləşmiş Ştatlarında qanunverici orqanın 434 üzvündən 78-i qadındır. 60 nəfərlik San Marino deputatlarının 16,7%-i qadınlardır. Bu ölkə siyasi arenada 10 nəfər qadınla təmsil olunur. Son günlər dünya mətbuatının diqqətini üzərinə çəkən Ukraynanın  445 deputatından 42-si xanımlardır. Tez-tez davaları ilə YouTube səhifələrində izləmə rekordları qıran Koreya Respublikası parlamentinin 47 qadın üzvü əlbəayaxa döyüşün canlı şahidi olurlar.

Gürcüstan hökuməti də bu sahədə gender bərabərliyini qoruyub. Belə ki, 150 nəfər parlamentarinin 18-i qadındır. Düşmən ölkə Ermənistanda bu kateqoriyalı qadınlar 10,7% yer tuturlar. 131 nəfərlik orqanın 14 nəfər qadın üzvü var. Qanunverici orqanı “kokkay” adlandırılan Yaponiyada 480 parlament üzvünün 38,9%-i qadınlardır. 38 xanım “kokkay”da söz sahibidir.    Dünyanın ən varlı ölkələrindən olan Küveytdə qadın hüquqları uğrunda 4 nəfər mübarizə aparır. 65 deputatdan 4-ü xanImlardır. Həmişə qanun, qadağaları ilə dünya mətbuatında yer alan İran islam Respublikasında da qadınlar söz sahibidirlər. Xalq qarasından seçilən 290 nəfərin 9-u qadındır.

Təbii ki, Azərbaycanda da qadınlar həmişə öncül vəzifələrdə olublar. Uzun illərdir cəmiyyətin bütün sahələrində təmsil olunan Azərbaycanlı qadınlar hazırda Milli Məclisdə də təmsil olunurlar. Zaqataladan seçilmiş deputat Hikmət Atayevin faciəli ölümündən, Gülər Əhmədovanın məlum hadisədən sonra mandatından imtina etməsindən və millət vəkili Əli Əhmədovun baş nazir müavini təyin olunmasından sonra deputat ayı 125-dən 122-ə endi. Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (əvvəlcədən vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunan və 3 il müddətində azadlıqdan məhrum edilən sabiq deputat Gülər Əhmədovanın mandatından imtina etməsindən sonra parlamentdə xanım deputatların sayı 19 nəfərə endi. Hazırda Milli Məclis bu sayda qadın deputatla təmsil olunur.

 

 

Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi