Modern.az

Yusif Bağırzadə: “Rusiyanın gələcəyi qaranlıqdır”

Yusif Bağırzadə: “Rusiyanın gələcəyi qaranlıqdır”

31 Mart 2014, 15:48


“Azərbaycan bütövlükdə Krımı Rusiyanın ilhaq etməsinə mənfi yanaşır. Biz də AMİP olaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Avropaya səfərimiz zamanı da mövqeyimizi ortaya qoyduq və mövqeyimiz digər toplantı iştirakçıları tərəfindən müsbət qarşılandı. Həmişə demişik ki, 1990-cı illərin əvvəllərində Qarabağ, daha sonra Moldova və Gürcüstan problemi çözülmədiyinə görə Ukrayna bu vəziyyətə düşdü”.

Bunu Modern.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, Azərbaycanda Krımla bağlı hakimiyyətlə müxalifətin mövqeyi üst-üstə düşür: “BMT-nin iclasında da Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Çünki bu problem bizdə də var. Qarabağ probleminin də yaranmasının səbəbkarı Rusiya olub. Əvvəldən deyirik ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu model ciddi qəbul edilmir. Çünki deyirlər ki, necə ola bilər, balaca dövlət böyük dövlətin torpaqlarını işğal edib? Əvvəldən desəydik ki, Rusiya de-fakto Azərbaycan torpaqlarını işğal edib, o zaman məsələnin həlli mümkün olardı. Beynəlxalq güclər də Krımın Rusiya tərəfindən işğal olunduğunu qeyd edir. Artıq 2 gündür AMİP-in Avropa Parlamentindən qonağı var. Bu məsələləri onunla da müzakirə etmişik. Ukrayna məsələsi Azərbaycan üçün şansdır, Qarabağ məsələsi gündəmdə saxlanılmalıdır”.

Partiya sədri qeyd edib ki, Rusiya Avropa meylli dövlətlərə təzyiq  edir: “Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” adlı proqramı var, Ukrayna hadisələri buradan başlayıb. Rusiya bu proqramı Ermənistandan başqa dəstəkləyən ölkələrə problem yaradır. Burada təkcə Ukrayna məsələsini qabartmaq lazım deyil, bununla paralel olaraq Moldovanın, Gürcüstanın və Azərbaycanın problemləri qabardılmalıdır. Yəni, məsələlər kompleks qaldırılmalıdır”.

O, MDB ölkələrinə Rusiya təzyiqlərinin ciddi təsir edəcəyini vurğulayıb: “Rusiya təhlükəsi kifayət qədər ciddidir. Amerika və Qərb tərəfindən Rusiyaya kiçik təzyiqlər olacaq, sonradan isə bu təzyiqlər genişlənəcək. Rusiya da yəqin ki, postsovet respublikalarına təsirlərini artıracaq. ABŞ prezidenti Obama çıxışında dedi ki, Rusiya onlara təhlükəli deyil, Rusiya regional təhlükə törədir. Təbii ki, Obama MDB-ni nəzərdə tuturdu. Amerika və Qərb dövlətləri Rusiyaya təzyiq etdikcə, Rusiya da bəzi dövlətləri sıxışdıracaq. Bilirsiz ki, Avropanın karbohidrogen ehtiyatları ilə təmin edilməsində Azərbaycanın kömək etməsinə ehtiyac duyur. Buna görə də Rusiya təzyiqlər edəcək ki, bu bazar bağlansın. Bununla bərabər, Amerika da öhdəlik götürüb ki, yaxın vaxtlarda Avropanı maye qazla təmin edə bilər. Bilirsiz, Rusiya çox uğursuz siyasət yürüdür. Rusiya ATƏT-in seçki monitorinqinin  alternativini yaradıb. Bu, ATƏT-in missiyasına kölgə salmaqdır. Gömrük İttifaqı da uğursuz ittifaqdır. Bu ittifaq Ukraynasız mümkün deyil. Ukraynanın Avropanın şərtlərini qəbul etməsi o deməkdir ki, Rusiyanın sərhəddində demokratik dövlət qurulur. Bir sözlə, Rusiyanın gələcəyi çox qaranlıqdır”.

Y.Bağırzadə Azərbaycan Kommunist Partiyasının (AKP) Rusiya prezidenti Vladimir Putinə məktub göndərməsinə sərt münasibət bildirib: “Məktubu göndərənlər 1920-cil ildə 11-ci Qızıl Ordunu Bakıya dəvət edənlərin ideloji xəttini davam etdirən, Rusiyaya kölə olan, Azərbaycanın maraqlarını cılız şəxsi maraqlarına qurban verən insanlardır. Belə adamlara bundan başqa ad vermək olmaz”.

 

İlkin PİRƏLİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI