Modern.az

Vəzifəli balasından şikayət MƏKTUBU: “Siz jurnalistlər yığmısınız bizi boğaza”

Vəzifəli balasından şikayət MƏKTUBU: “Siz jurnalistlər yığmısınız bizi boğaza”

31 Mart 2014, 17:06

Mahir Qabiloğlu

Hörmətli redaksiya, yaxud da sayt!

Salam. Sizə yazmaq istəməzdim. Çünki biz tərəflərdə yazı  yazana boşboğaz deyirlər.  Düzdür dostlarımla birlikdə asfallt üzərində maşının təkərləriylə  “yazmağı”, ilan şəkli çəkməyi sevirik. Amma bu yazmaq siz yazdığınızdan deyil.  Sizin kimi yazana jurnalist deyirlər, bizim kimi “yazan”ları isə  xalq arasında qaqulya, qaqaş  çağırırlar.

Bizdə saymaq prestij sayılır. Yox, sevinib atdanıb düşməyin.  O saymaqdan demirəm. Nə qədər yazsanız da sizi saymayacağıq. Mən pul saymağı deyirəm. Allah sizə də qismət eləsin, çox gözəl şeydir.  Təzə Amerikan dollarının  rulonunun plyonkasını cırırsan , ətri götürür aləmi. Ən bahalı Kuba siqarı kimi burnuvun altından  o yana, bu yana keçirib dərindən nəfəs alırsan. Dolların ətri gedir-gedir dolur ciyərlərinə. Oxxayy... Bütün nə xəstəliyin, dərdin var hamısı çıxır çanından. Eləmirsən tənbəllik başlayırsan saymağa. Pulsayan maşınla yox. Ona etibar eləmək olmaz. Əllə.Baş barmağını dilində tüpürcəkləyib saymadın, day nə ləzzəti?  Bir paçka sayırsan. Barmaqlarına baxırsan. İki paçka sayırsan. Barmaqlarına baxırsan. Bir də görürsən ki,  barmaqların, əllərinin içi qapqaradır. Dilin də o cümlədən. Dilimdəki pul ləkəsi yavaş-yavaş  keçir qanıma. Ordanda damarlar, kapilyarlar vasitəsilə  bütün bədənimə yayılır, hüceyrələrimə hopur.

Sonra qar kimi ağ köynəyini geyinib çıxırsan şəhərə. Əlini də hərdən sürtürsən üstünə. Qarası yaxılır köynəyinə. Kim ki,  “buna bax e, nə pintidir e... çirkli köynək geyinib” desə bil ki, kasıb-kusubdur, o nə bilir pul ləkəsi nədir? Belələri ancaq vicdan, qan, yağ, namus ləkəsi nə olduğunu bilərlər. Jurnalistlər isə mürəkkəb ləkəsindən başqa bir şey anlamırlar. Qələmlərini mürəkkəbə batırıb üstümüzə sıçradırlar ki, ləkəsinlər bizi. Amma yenə alınmır.  İyirmi-otuz dollar paçkası sayıram, sonra da üstümə sürtürəm. Pul ləkəsi elə silirki mürəkkəb ləkəsini,  izi-tozu da qalmır. Pul ləkəsi namus ləkəsini də, qan ləkəsini də elə rahat aparır.

 Nəsə çox haşiyə çıxdım. Harda qaldım? Hə, pul ləkəsində. Kim ki, bu ləkəni tanıyır, deməli bizimkilərdəndir. İndi pul ləkəsini tanımayanlar, sual verəcəksiniz ki, ay vəzifəli balası,  bəs bezmirsən dollar saymaqdan? Bezirəm. Niyə bezmirəm ki... Elə bilirsiniz insan deyiləm? Mən də insanam. Başa düşürəm ki, insan hər gün kabab, plov yeyə bilməz. Yeknəsəklik biz varlıları da məhvə apara bilər.

Ona görə də hərdən “ağzımın dadını” dəyişdirirəm. Atama deyirəm ki, mənə manat gətir. Keçirəm manat saymağa. Manatdan bezəndə Avro sayıram. Funt sterlinq də pis deyil. Amma nə deyirsiniz deyin, dolların yerin vermir. Necə başa salım sizi ki, başa düşəsiniz, ay kasıblar. Bax toyda  lap ağ balıqdan kabab ver, qara kürünü süfrəyə düz, yenə axırda nə deyəcəklər? “Yeməklərin şahı, zəfəranlı, ətirli plov gəlir”. Bax dollar da plov kimi şeydir. Pulların şahıdır,  ətirlidir.

O gün bir kasıb nə desə yaxşıdır? Deyir ki, siz varlıların pulunu balta da kəsmir. Əsəbləşib gəldim evə. Bir dollar paçkasını qoydum kötüyə. Baltanı götürüb vurdum. Xırt iki yerə böldü. İkinci paçkanı da qoydum. Vurdum. Bunu da kəsdi. On dənə paçkanı beləcə zay etdim. Hirslənib gedib tutdum qurumsağı ki, ə... məni dolamısan? Deyirsən ki, varlıların pulunu balta kəsmir. Necə yəni kəsmir? Kəsdi, axı... Nə desə yaxşıdır? “Mən çaşdım. El misalında deyilir ki, “filankəsin pulunu balta kəsmir”. Bilməmişəm “varlıların pulunu balta kəsmir” demişəm”.
Dedim ki, ay axmaq, sənin bir səhvinə görə 100 min göyü havaya sovurmuşam e... O söz siz kasıblar üçün deyilib e... yəni ki, pulu balta kəsmir. Sizin də pulunuz yox. Olmayan şeyi balta necə kəssin?

Nə isə yorulmuşam bu kasıb-kusubu başa salmaqdan ki, atamın, mənim pulumu saymasınlar. Ara yerdə də yüz min dolları belə xarab elədim. Eybi yox, kasıba qadağa, başıma sadaqa.


İndi də siz jurnalistlər yığmısınız məni boğaza. Gah saatımı göstərirsiniz, gah maşınımı, gah da villamı. O saatdan 28 Maydakı keçiddə bilirsiniz nə qədərdir?  Özü də 5 manata. “Kitayski”. O otuz-qırx minlik saatı taxım sən jurnalistin qoluna, iki ay bütün müqəddəslərə and içsən də inanmayacaqlar ki, bu qədər qiyməti var. Amma beş manatlıq “Kitayski” saatı tax mənim qoluma, o saat bütün saytlar çar cəkəcək ki, “şvetsarski”dir. Özü də “yedinka”. Xüsusi olaraq mənümçün istehsal olunub. Çünki mən qiymətli adamam. Saat məni yox, mən saatı qiymətə mindirirəm.

Nəsə çox çərənlədim. Yazmaqda məqsədim başqa idi, gör nələri də açdım dedim. Hörmətli jurnalistlər. Çox xahiş edirəm, nəyi yazırsınız yazın. Bircə maşınlarıma toxunmayın. Yandırıb-tökməyin məni. Kasıbın gözündə tiri qoyub, varlının gözündə çöp axtarmayın. Maşınlarımızın “Feysbuk”dakı  şəkillərini hər dəfə çap edəndə xəcalətimdən yerə girirəm.  Qiyməti bir yana, motorun gücünü yazanda “voobşe” məhv oluram. Bir ay camaat arasına çıxa bilmirəm xəcalətimdən. Vallah siz jurnalistlər dəhşətsiniz. Siz maşın görməmisiniz. Siz motor görməmisiniz. Heyf ki, yüz dənə xəstəliyim var. Yoxsa sizə elə maşınlar, elə motor gücləri, elə “zmeyka”lar göstərərdim ki?

Qonşumuzda yoluğun, kasıbın biri var. O gün baxıram “Feysbuk”a nə yazsa yaxşıdır. Deyir ki, əsgərliyə gələn kimi bir dənə tank alıb qoyublar altına. Motorun da gücü 1500 at gücü. Asfalta çıxanda asfaltı dağıdır. Bir dənə qazı basanda motorun xorultusuna dağ-daş tərpənir. Qulaqları səsdən deşilməsin deyə xüsusi papaq da qoyurlar.  Dərə-təpə nədi bilmir. “Zmeyka”nın biri bir qəpik. QAİ də yox, VAİ də. Üç dost oturub sürürlər özləriyçün. Şəklin də çəkib qoyub “feys”ə. Altında da nə yazsa yaxşıdır? “Bununla yüz ermənini birdən əzərəm, heç uf da demərəm”. Ay jurnalistlər, bəs buna niyə susursunuz? Mənim incə-mincə “Hammerim”ə tank deyirsiniz, amma qonşunun tankını gözünüz görmür. Bir azərbaycanlını maşınla basıb qol-qıçını sındıranda, ya o dünyalıq edəndə bizi günün qəhrəmanı edirsiniz. Atamızı işdən çıxartdırırsınız. Yüz ermənini birdən maşınının altına basıb öldürmək istəyəni gözünüz də görmür. 500 min dollara maşın gətirdəndə bütün aləmə car çəkirsiniz. Bilirsinizmi, tank necəyədir? Google-a girib maraqlanmışam. “Abrams” tankı M1A2 model, ili 1999, özü də  sadə salon -  düz 6 milyon 200 min dollar. İndi özünüz sual verin kasıb qonşumun harda idi pulu ki, tankı alıb qoya altına. Hökumət havayı verib. Mən yatsam yuxumda da görmərəm. Özü də yazır ki, hər şeyimiz havayıdır – yeməyimiz də, geyimimiz də. Supları yaman tərifləyir. Mən isə külbaş  supun bir boşqabına restoranda  70 manat pul  ödəyirəm.

Nə isə, ay jurnalistlər, yazanda  kasıb qonşumdan da yazın. Bizdən yazmaq istəsəniz, mənim bu iki misramı əlavə etməyi unutmayın:

Biz varlılar da onlardan biri
Qaqulya, “Qonşudan qalma geri.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı