Modern.az

Türkün qəbri - Lal olmuşam, kar olmuşam 71 il!

Türkün qəbri - Lal olmuşam, kar olmuşam 71 il!

31 Mart 2014, 18:40

Xalq şairi Qabil

Türkün qəbri
Qədim Şirvan yollarının
Üstündədir.
Azərbaycan torpağının
altında yox,
sinəsində,
köksündədir,
Qollarının üstündədir.

Mən bu qəbrin dövrəsində
Yetmiş bir il
Lal olmuşam.
Kar olmuşam
Yetmiş bir il!
Bu adicə müddət deyil
Bu qəbirin,
Müztəribin
Bu əsgərin,
Bu yavərin
Şəhid ruhu,
Şanlı ruhu hüzurunda
Xəcalətdən xar olmuşam.

Dolu çırpdı,
Qar ələdi,
Leysan tökdü neçə kərə,
Neçə kərə
Sellə-suyla dolub daşdı
Acıdərə.
Gün yandırdı,
Qovurğa tək
Qovruldu,
Daş-kəsək, torpaq
ancaq...
Türkün qəbri yenə qaldı,
naxələflik, yaramazlıq
közü kimi -
Bağrımızın  başındaca
O qaraldı.
Öz başının hayındaydı
Azərbaycan.
Cavidlərin, Müşfiqlərin
Hayındaydı Azərbaycan...
Türk sözünü,
Türk adını
Dilimizə gətirmək də
Cinayətdi.
Acıdərə çevrəsində
Lap uzaqdan uzağa da
tənha qəbrə
Gözucu da... nəzər salıb
Xəlvəti köks ötürmək də
Cinayətdi...

Xain qonşu
Çəpərləri qırdı, sökdü
Öz xıltını, illətini
Açıb tökdü.
Gözlərini qan örtdü
Bu nadürüstün.
Silahlıydı,
Kəmfürsətdi,
Orda-burda
Millətimə gəldi üstün.
Od saldılar
Kürəklərdə samovar da
Qaynatdılar
Əl çaldılar...
Sinələrdə
“Dasni çors” da
Oynatdılar...
Eşidincə bu dəhşəti,
Bu zülmü, bu zilləti,
Bu təhqiri, qəbahəti
Ağlasığmaz rəzaləti
Qonşuluqda xəyanəti,
Tərgidilməz,
Tərk edilməz,
Bu şakəri, bu adəti -
Ay-ulduzlu bir diyarın
Bu dağlara o dağlardan
Əhməd gəldi, -
Dilimiz bir.
Məhməd gəldi, -
Dinimiz bir.
Orxan gəldi, -
Çölümüz bir.
Sərxan gəldi, -
Gülümüz bir.
Tural gəldi, -
Sazımız bir.
Cəlal gəldi, -
Sözümüz bir.
Hər şey yerlə yeksan oldu,
Nişanələr viran oldu.
Tək bu məzar qanlı vahid,
Şəhidlərdən qaldı şahid.

Türkün qəbri
Həsrət qaldı
Anaların-bacıların
İsti-isti göz yaşına,
Göz yaşını bulud sıxdı
Yağış tökdü baş daşına...
Türkün qəbri
Həsrət qaldı
Anaların-bacıların
Ağısına.
Bunu rəva görmürəm heç
Yağımın da yağısına.
Türkün qəbri
Həsrət qaldı
Bir dəstə gül təmasına.

Göylər bizə:
- Nankor deyib,
Qorxaq! - deyib,
Özü geydi yas paltarı.
Çöllər bizə:
- Nankor deyib,
Qorxaq! -- deyib.

Əlvan-əlvan,
Şehli-şehli gül-çiçəklə
Əzizlədi bu məzarı.
El yolunun üstündəcə,
Görün necə,
Bir sahibsiz xəstə kimi
Gözü yolda qaldı qəbrin...
Naxışları qopdu düşdü,
Yazıları soldu qəbrin.
Çayxanalar,
Aşxanalar,
Quşxanalar,
Xaşxanalar
Abad oldu.
Boynumuzda haqq-sayı
Bu torpaqda qurban gedən
Türkün qəbri
Bərbad oldu.
Şəhid ruhu
Naşad oldu.

Bir sonsuz bəy,
Sonsuz gəlin
Nəzir-niyaz eylədilər,
Asimana üz tutdular
Haqdan muraz eylədilər.
Diz çökdülər
Bu məzarın qabağında, -
Qədim Şirvan torpağında,
Söylədilər:
- Allah təki övlad versin,
Oğul, ya qız,
Bu məzarı
Bünövrədən
Abad edib qaldıraq biz.

* * *

Çatdı Allah dərgahına
Qəlbin səsi.
İnsan sənə baş əyməzmi,
Ey inamın mö’cüzəsi?!
Bu müztərib
Qərib məzar
Əndazəyə, şəklə düşdü;
Gözüqıpıq müsafirlər
Qorxusundan şəkə düşdü;
Naxış-naxış şəbəkələr,
Məhəccərli pilləkanlar -
Acıdərə qucağında
Abidəyə döndü məzar.

* * *

Ancaq bir gün...
Gənc atanı
Vurub işdən
Çıxartdılar;
Vurub heçdən çıxartdılar,
Partiyadan  çıxartdılar.
Cavan ana
Yaş kağızı alammadı
Körpəsinə.
Nə var... nə var...
Rövnəq verib
Türkün qərib türbəsinə.
Bu nə yalan,
Nə şişirtmə,
Nə rəvayətdir.
Bu həm gülünc,
Həm dəhşətli
Bir həqiqətdir.

Siyasətin
Rəyasətin
Gərdişinə bax!
Bu gərdişlə
Ağlımızın
Vərdişinə bax!
Cəlladıma heykəl yapdım
Hər addım başı.
- Niyə yapdın? - xəbər alır
Türkün başdaşı.
Ey kökü bir, budağı bir
Övladlarım,
Doğma ana qucağı bir
Övladlarım!
Ey qanı bir, ey canı bir
Övladlarım!
Ey dili bir, lisanı bir
Övladlarım!
Aman, hansı məmləkətdə
Yaşamısız siz?
Nə şəkildə, nə halətdə
Yaşamısız siz?

* * *

Baxıram riqqətlə
Türkün qəbrinə.
Dərələr yamyaşıl,
Göylər bəmbəyaz.
Dövrün gərdişinə,
Vaxtın səbrinə
Əyyub peyğəmbərin
Səbri də çatmaz.

Baxıram qəbrinə türkün bayaqdan,
Sükuta bürünüb yerlər və göylər.
Dözməyib gəlmişdi bir yol uzaqdan,
Deyən yenə dözmür igid cəngavər.

1993

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!