Modern.az

Övladları məktəbdə oxuyan jurnalistlər rüşvət veriblərmi? (sorğu)

Övladları məktəbdə oxuyan jurnalistlər rüşvət veriblərmi? (sorğu)

3 İyun 2010, 15:09

Bu günlərdə bir jurnalist həmkarım söhbət əsnasında orta məktəblərdə tədris prosesinin başa çatdığını əsas gətirib üç ay rahat nəfəs ala biləcəyini söylədi. Səbəbini soruşanda uzun bir siyahı açıqladı: “Fondpulu, süpürgəpulu, süfrəpulu, pərdəpulu, zibilqabı üçün pul, jurnalpulu, qəzetpulu, gündəlikpulu, təmirpulu, bayrampulu, müəllimlər günü üçün pul… Bu ödənişləri bəs kim verir? Doqquz ay ərzində aldığım maaşla təkcə ailə saxlamıram, uşağın oxuduğu orta məktəbə də pul göndərirəm”. Həmkarımla söhbətin ardından ağlıma gəldi ki, övladları orta məktəblərdə təhsil alan jurnalistləri sorğuya çəkim.

Qeyd etmək lazımdır ki, məktəblərdə müxtəlif məqsədlərlə qanunsuz ödənişlərin toplanılması mətbuatda vaxtaşırı müzakirə olunan məsələdir. Məktəblərdə rüşvətxorluq hallarının mövcudluğu müxtəlif vaxtlarda təhsil sahəsinə rəhbərlik edən şəxslər tərəfindən də etiraf olunub. Problemin aradan qaldırılmasının çətinliyini iddia edən rəsmi şəxslərin arqumentləri isə cəmiyyət tərəfindən qəbul olunmur.

Bəzi ekspertlər problemin həll olunmamasının səbəbini qeyri-rəsmi ödənişlərin yığılmasının zəncirvari proses olması ilə əqalələndirirlər. Yəni, müəllimlər şagirdlərdən pul istəyirlər, direktorlar müəllimlərdən, yuxarıda oturanlar isə direktorlardan və s.

Nə isə, keçək jurnalistlərə. Görək övladları orta məktəbdə təhsil alan jurnalistlər qanunsuz ödənişlərə qarşı çıxa bilirlər, yoxsa tələb olunan məbləği verməyə məcbur olurlar. Sualım belədir: “Başa çatan dərs ilində qanunsuz ödənişlərə görə xərciniz çıxdımı?” “Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Bəli xərcim çıxıb. 2 uşağa il ərzində hər birinə 8 martda 10 manat, müəllimlər günündə 5 manat, təmirpulu üçün 6 manat vermişəm. Arada fondpulu üçün də xırda-para pul vermişəm. Bir şeyi də deyim ki, bu ilin qış fəslində məktəbin şüşəsi sınmışdı. Uşaqların hər birindən 5 manatdan pul istədilər, mən də verdim. Ancaq hələ də məktəbin şüşəsi düzəlməyib. Bir dəfə də mənim uşağım sinfin lövhəsini sındırmışdı. Mən də “kraska”-filan alıb verdim. Şüşə kimi lövhəni də düzəltmədilər”.

 

“Yeni Müsavat” qəzetinin redaktoru  Xalid Kazımlı: “Mənim orta məktəbdə 3 övladım oxuyur. Bu il bəlkə də bizim xərcimiz təhsili pullu olan məktəblərdəkindən daha çox çıxdı. Övladlarımdan biri bu il məktəbi bitirdi. Biz həm oxuduğu  məktəbə, həm də repetitorlara nə qədər pul verdik... Bu pulları hesablasaq, ayda ortabab ailənin aldığı əməkhaqqı qədər pul edir. Düzdür, xırda-para fondpulu üçün də yığılır. Ancaq mən buna pis baxmıram. Hər zaman da verirəm. Çünki bəzən yığılan pul lazım olur. Ancaq orta məktəblərdə müəllimlər düzgün təhsil versələr, daha yaxşı olar. Övladlarımız külli miqdarda pulu repetitorlara verməz”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Mənim bir uşağım Atatürk adına liseydə oxuyur. İndiyə kimi heç bir xərcim çıxmayıb. Mən övladım üçün məktəb seçəndə təhsilin keyfiyyətini kənara qoydum, əsas rüşvətin olmaması mənim üçün önəmli idi. Atatürk adına liseydə təhsil də çox yaxşıdır. Heç bir narazılığım yoxdur”.

 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nadir Azəri: “Qızım Atatürk adına liseydə oxuyur. Bu il oğlum da həmin litseyə imtahan verib. Qismət olsa gələn il o da orada oxuyacaq. Mütəmadi olaraq məktəblə əlaqə saxlayırıq. 2 ildi uşağım orada oxuyur. İndiyə kimi heç bir problemlə üzləşməmişik. Liseyin verdiyi təhsildən də razıyam. Atatürk liseyi uşağı insan kimi yetişdirir. Uşağa bilikdən əlavə, sayğını da öyrədir”.

 

“Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı: “Bir uşağım Sumqayıtda liseydə oxuyur. Orada rüşvət-filan yoxdur. Digər orta məktəblərə baxanda, həmin liseydə təhsili də yaxşı verirlər. Yəni ki, razıyam”.

 

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə: “Bir uşağım 4-cü sinifdə oxuyur. İnandırım sizi ki, bu dörd ildə mən küllü miqdarda pul vermişəm. Gündə süpürgə, hədiyyə, bayram, təmir və sair adlarla pul yığırlar. Dəfələrlə də təhsil naziri Misir Mərdanovu tənqid etmişəm. Bu tək mənim uşağımın oxuduğu məktəbdə deyil, Azərbaycanın bütün orta məktəblərində rüşvət aşıb-daşır. Mən özüm qanunsuz ödənişlərə qarşıyam. Ancaq uşağın nənəsi məndən xəbərsiz müəllimlər istəyəndə uşağı gözümçıxdıya salmasınlar deyə aparıb verir. Sonradan xəbər tuturam”.

 

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev: “Mənim 2  uşağım 36 nömrəli Zəngilan rayon orta məktəbində təhsil alır. Mənim heç bir narazılığım yoxdur. Bu məktəbdə pul yığılması qadağan edilib. Yalnız uşaqlar öz aralarında bayram şənlikləri və sairdə pul toplayırlar. Təhsili də normaldır. Heç bir narazılığım yoxdur. Bu cür məktəblər nadir hallarda olur”.

 

“Xalq Cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova: “Mənim uşaqlarım Sumqayıtda orta məktəbi bitiriblər. Hər üç uşağımın təhsil aldığı məktəbə kifayət qədər pul xərcləmişəm. Hələ 11-ci sinifdə bizi soyub-talayıblar. Amma Baknın orta məktəblərinə baxanda Sumqayıtda rüşvətin məbləği fərqlidi, yəni bir az aşağıdır. Onların təhsil aldığı orta məktəbdə müəllimlər mənim mətbuat işçisi olduğumu bilmələrinə baxmayaraq, yenə də pul tələb edirdilər. Uşaqlar da pul verməyə məcbur idi. Çünki pul verməyəndə uşaqlara psixoloji təsirlər göstərilir. Bütün bunlara səbəb də təhsil işçilərinin məvacibinin aşağı olmasıdır. Məncə normal maaş olsa, rüşvət də olmaz”.

“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli: “Mənim uşağımın biri bu ili məktəbi bitirdi. Biri də 10-cu sinifdə oxuyur. O, da bitirsəydi canımız qurtarardı. Təsəvvür edin ki, müəllimlər uşağa deyirlər: “Gedin valideyninizə deyin məni görsün”. 45 dəqiqə dərs deyən müəllim təhsil vermək əvəzinə uşaqdan pul tələb edir. Mən ayda 200 manat maaş alıram. Uşaq da 8 fəndən hər müəllimə pul verməlidir. Demək mənə ayda 400 manat pul lazımdır ki, hər müəlimə 50 manatdan pul verəm. İndi mən gedib Misir Mərdanova deməliyəm ki, mənə əlavə pul ver, müəllimlərə verim?!”

 

“Modern.az” saytının redaktoru Əfqan Qafarlı: “Bizim ailədən orta məktəbdə iki uşaq oxuyur. Dəfələrlə olub ki, müəllimlər müxtəlif adlarla pul istəyiblər. Çalışmışam ki, əksər vaxtlarda belə hallara qarşı çıxım. Amma bəzi hallarda uşaqların vəziyyətini  nəzərə alıb istədikləri məbləği verməyə məcbur olmuşam. Məsələn, 8 martda müəllimə hədiyyə alınırsa, buna qarşı çıxmıram, normal baxıram. Amma təmirpuluna niyə pul verməliyəm? Dövlət büdcəsindən hər il təhsil sahəsinə milyonlarla manat pul ayrılır. Əgər məktəb təmir üçün hər valideynin 5 manatına möhtacdırsa, bunu niyə gizli yolla yazıq müəllimin əli ilə yığırlar, rəhbərlik səviyyəsində açıq şəkildə elan etsinlər, biz də kömək edək. Neyləyəsən ki, qanunsuz ödənişə qarşı çıxanda, məktəbdə uşağa da psixoloji təsir göstərilir. Müəllimləri qınamıram. And-aman eləyirlər ki, məsələ onlarlıq deyil. Bir jurnalist kimi araşdırmışam, görmüşəm ki, müəllimlər doğru deyirlər”.

Günay Musayeva

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?