Modern.az

“Kinomuzda “təsadüfi” məşhurlar” - Bir dəvənin hesabına filmə çəkilən İsi Məlikzadə

“Kinomuzda “təsadüfi” məşhurlar” - Bir dəvənin hesabına filmə çəkilən İsi Məlikzadə

1 Aprel 2014, 10:17

Modern.az saytının “Kinomuzda “təsadüfi” məşhurlar” adlı rubrikasının növbəti qəhrəmanı mərhum yazıçı İsi Məlikzadədir. O, 1985-ci ildə ekranlaşdırılan “Qanlı zəmi” (“Atları yəhərləyin”) filmində xəsis tacir obrazını canlandırıb. Xalq qəhrəmanı Qaçaq Nəbi barəsində olan film çox vaxt elə əsas obrazın öz adı ilə xatırlanır.

Rejissordan əvvəl dəvənin “seçdiyi” “aktyor”

30-a yaxın filmin ssenari müəllifi olan İsi Məlikzadə yəqin ki, heç vaxt ağlına gətirməzdi ki, o da nə vaxtsa hansısa filmdə aktyor kimi çıxış edəcək. Amma bu hadisə baş verir: 1985-ci ildə el qəhrəmanı Qaçaq Nəbiyə həsr olunan “Qanlı zəmi” (“Atları yəhərləyin”) filmində sırf təsadüf nəticəsində o, ikinci dərəcəli bir obrazı canlandırır. Yazıçının adı filmin titrlərində getməsə də, yüksək ifa səbəbindən bütün çəkiliş qrupunu təəccübləndirə bilir.

Filmdə Qaçaq Nəbinin tacirlərdən müsadirə etdiyi malı kasıb kəndlilərə paylaması səhnəsi yəqin ki, hamının yadındadır. Səhnədə malları əlindən alınan beş tacir var ki, burada onların həm kəndlilərdən, həm də pristavlardan şikayətləndiyini görürük. Beş tacirdən dördü peşəkar aktyorlardı ki, aralarında Ceyhun Mirzəyevlə Muxtar Maniyev kimi simalar da var.

Aktyor olmayan və improvizə nəticəsində filmə əlavə olunan tacir isə məhz İsi Məlikzadədir. Qəribə bir əhvalat nəticəsində yazıçı filmin rejissoru Əbdül Mahmudov tərəfindən çəkilişə cəlb olunub. Rejissor həmin maraqlı əhvalatı bu cür xatırlayır:

“İsi Məlikzadə filmin redaktoru idi. Filmin çəkildiyi Çuxuryurda da bizimlə gəlmişdi. Çox məsuliyyətli bir epizod çəkilirdi: Qaçaq Nəbinin arşın ölçmə səhnəsi. Biz o epizod üçün dəvələr də gətirmişdik. Dəvələrin də çox güclü instinkti, özünəməxsus şüuru olur. Bir də gördük ki, İsi oturduğu yerdə gülür. Dedim ki, niyə gülürsən. Gülə-gülə cavab verdi ki, “dəvəyə fikir ver, bayaqdan gözün  zilləyib məndən çəkmir”. Dəvənin sahibi də dünyagörmüş maraqlı bir kişi idi. O da dedi ki, dəvənin kimdən xoşu gəlsə, ondan gözün çəkməz. Dedim ki, ay İsi, bəlkə elə səni də bu səhnədə tacir rolunda çəkək. Olmasın dörd tacir, olsun beş tacir. Etiraz elədi: “Yox əşi, məni biabır eləmə”. Uşaqlara əl altdan işarə elədim ki, bunu çəkilişə hazırlayın. Uşaqlar da paltar və qrimini rola uyğun düzəltdilər. Elə özü özüyçün tekst də fikirləşdi. Sonradan bu əməlli-başlı ikinci rol oldu. Özünün də çox xoşuna gəldi”.

“Bunlarınki odur ki, çitdən, bezdən verəsən ayıblarını örtələr”

Bu ifadələr İsi Məlikzadənin canlandırdığı obraz tərəfindən səslənir. Rejissorun da dediyi kimi, mətni atüstü yazan yazıçı mətni canlandırdığı tipaja çox gözəl uyğunlaşdıra bilir. Obrazı özünəməxsus yumorlu səs tembri olan Əliağa Ağayev səsləndirib. Onun səsləndirdiyi, İ. Məlikzadənin isə canlandırdığı obraz arşınölçmə səhnəsində maraqlı xarakteri ilə yadda qalır. Belə ki, tacit kəndlilərdən Nəbiyə etiraz edərək deyir:

“Mən bunları bazara çıxarsaydım bir ətək pul qazanardım. Bunlar nə qanır axı tirmə nədir, xara nədir?! Bunlarınki çitdir, bezdir, bir təhər ayıblarını örtsünlər. Aparsınlar da, it aparan olsun”.

Bu sözdən sonra Qaçaq Nəbinin (Həsən Turabov) təpkisi ilə üzləşən tacir həmən sözünü dəyişir və maraqlı bir keçid edir:

“Nə deyirəm ki, halal xoşları olsun, aparsınlar da...”. 

Filmdə edilən bu keçid çox ustalıqla həyata keçirilir. Çəkiliş qrupu da peşəkar aktyorlara xas olan bu psixoloji tryuku alqışlayıblar. Daha sonra pristav Səlim bəyin (Rasim Balayev) yanına şikayətə gələrkən İsi Məlikzadə (tacir) maraqlı keçidlərindən yan keçmir. Səlim bəyə şikayət səhnəsində iki detal xüsusi qeyd olunmalıdır: Nəbidən yanıqlı olan xəsis tacir “əşi dağ-dərə doludur bularla, harda anasından küsən var, qaçır Nəbinin yanına” deyir. Yazıçı böyük ustalıqla bayaq “halal elədiyi” Nəbini indi asanlıqla, situasiyanın gedişatına uyğun ağ yuyub, qara sərir.
Digər bir detal isə qapıdan çıxarkən Səlim bəyə ayırdığı rüşvəti vermək istəməməsidir. Lakin o biri tacirin təkidindən sonra şirinliyi qapının yanındakı əşyanın üzərinə qoyur, sonra ona nə təhər baxırsa, bircə baxışla o dövrün tacirlərinin xəsisliyini və sərvətbazlığını ustalıqla əks etdirə bilir. Dörd peşəkar aktyor qala –qala bu keçidin məhz, İsi Məlikzadəyə həvalə edilməsi elə-belə iş deyil.

Çəkiliş qrupunun rəhbəri, rejissor Ə. Mahmudov da yazıçının ifasına heyranlığını gizləyə bilmir:

“Rəhmətlik Adil İsgəndərovun aktyorluq məktəbini keçmişəm. Rejissorluğa da aktyorluqdan gəlmişəm. Rəhmətlik Adil İsgəndərov da həmişə yenilik axtarardı. Bizdən soruşardı ki, yeni, orijinal nəyiniz var. Odur ki,  mən debüt etməyi çox sevirdim. Bu mənada İsi də bu filmdə debütüm idi. Mənim üçün əsas odur ki, faktura olsun. Aktyor obrazı özündə  canlandıra bilsin. Əsas odur ki,  tipaj düz gəlsin. İkinci faktura da aktyorun yüksək intellektinin olmasıdır. Çünki aktyor gərək canlandırdığı obrazı bu intellektlə duya bilsin. Öz süzgəcindən keçirib təqdim edə bilsin. İsi Məlikzadə kimi çox yüksək səviyyəli intellekt sahibi,  maraqlı adam rolun öhdəsindən gəldi. Tacirin geydiyi milli geyim,  saqqal ona çox gözəl yaraşırdı. Zarafata dedik ki, Axundov elə bil sənə baxıb “Hacı Qara” obrazını yaradıb. İsidə də çəkilişə qarşı böyük maraq yarandı. Dörd peşəkar aktyor arasında İsi Məlikzadə heç də fərqlənmirdi. Onu tanımayanlar peşəkar aktyor kimi qəbul edirdilər”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir