Modern.az

“Kəlbəcəri görməyəcəyimi anladıqca ürəyim sızlayır, dünyam qaralır...” - SÖHBƏT

“Kəlbəcəri görməyəcəyimi anladıqca ürəyim sızlayır, dünyam qaralır...” - SÖHBƏT

Ölkə

1 Aprel 2014, 11:11

Kəlbəcərin işğaldan 21 il ötür. Düz 21 il bundan öncə Kəlbəcərdə həyat öz axarından çıxdı.

Amma o günə qədər Kəlbəcərin erməni qəsbkarları tərəfindən işğal olunacağına inanmaq çətin idi.

İnandırıcı tərəfi də var idi. Bir neçə rayonu ermənilər artıq işğal etmişdilər. Əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı törədilmişdi.

Bu 21 ildə rayonlarımızın necə işğal olunmasından, itkilərdən çox yazılıb, çox danışılıb.

Modern.az saytının əməkdaşları bu dəfə Kəlbəcərin işğal tarixi günündə Kəlbəcərdən məcburi köçkün düşən bir kəlbəcərlinin evində qonaq olub.

Qapıdan içəri daxil olan anda bizi qarşılayan ailə üzvlərinin gözlərindəki nisgili görmək çox ağır idi. Buna baxmayaraq, gözlərdəki nisgilin özündə də Kəlbəcərə yenidən qayıtmağa inam hiss olunurdu.

Nağıyevlər ailəsinin başçısı Ziyəddin müəllimlə 21 il əvvəlki Kəlbəcərə dönmək o qədər də asan olmadı. Çünki Ziyəddin müəllim yaşının ahıl dövrünü yaşadığından “mövzuya hardan başlasaq, qəlbinə toxuna bilərik” qorxusunu gözə almağa çalışdıq.


Kəlbəcər belə getdi

Kəlbəcərdən olan məcburi köçkün, uzun illər müəllim işləmiş Ziyəddin Nağıyev deyir ki, Kəlbəcər asanlıqla işğal oluna bilməzdi. “Bu hadisənin baş verməsində o vaxtkı hakimiyyətin az rolu olmadı. Hakimiyyətə elə səriştəsiz adamlar rəhbər gətirildi ki, nə etdiklərini özləri də bilmirdi. Kəlbəcərdə Dik Yurd deyilən ərazi vardı. Orda silah-sursat toplanmışdı. Həmin silah-sursat yaradılan yerə heç bir erməni yaxın düşə bilməzdi. O posta bir kəlbəcərli rəhbərlik edirdi. Bilmirəm, necə oldusa həmin o kəlbəcərlini ordan geri çağırdılar. Dedilər ki, “özümüz müdafiə edəcəyik”.

Axı o vaxtkı hakimiyyətin elə bir ideyası yox idi ki, Kəlbəcəri qorumaq qabiliyyətinə də malik olsunlar. Kəlbəcərin getməsi belə oldu. Təbii ki, o vaxt vəziyyət yaxşı deyildi. Hakimiyyətin də belə zəifliyi ölkəni zəiflətdi. Ermənilər heç vaxt Kəlbəcəri ala bilməzdilər. Onlar sadəcə olaraq ölkənin daxili zəifliyindən istifadə etdilər. Çünki Kəlbəcər qala idi. Aşağıdan da, yuxarıdan da müdafiə olunmaq üçün hər bir şəraiti var idi. Amma o vaxtkı hakimiyyət bu şəraitdən istifadə etmədi. Bu şəraitdən istifadə etmək üçün ağıllı adam lazım idi. Təəssüf ki, o zaman ağıllı adam da yox idi”.

Kəlbəcərsiz keçən mənasız illər  

“Vətən həsrəti böyük dağdır. Bəzilərinə torpaq itkisi, elindən, obasından didərgin düşmək asan gəlir. Bu heç də asan deyil. 21 ildir ki, Kəlbəcərə həsrət qalmışam. Yaşımın bu vaxtında Kəlbəcərin işğal olunmasına dözə bilmirəm. Eyni zamanda, vətənin həsrətini çəkməklə heç nə həll olunmur. Xocalı faciəsi baş verəndən sonra kəlbəcərlilərin də içində elə bir qorxu vardı. Bu qorxunu azaltmaq lazım idi”.


"Sərdar Həmidova “dəli” deyirdilər"

Ziyəddin müəllim deyir ki, Tərtərin, Gədəbəyin ermənilər tərəfindən tam işğal oluna bilməməsində qəhrəman oğulların da əməyi olub.
“Ermənilər Gədəbəyi, Tərtəri işğal etmək istəmirdilər?! Amma, ala bilmədilər. Tərtərin azərbaycanlıların əlində qalmasına Sərdar Həmidov səbəbkar oldu. Sərdar Həmidov böyük rütbəli hərbçiləri tez-tez döyürdü. Ona görə yox ki, qolu güclü idi. Ona görə ki, digər ərazilərin ermənilər tərəfindən işğal edilməməsinə çalışırdı. Hər bir hərbçiyə “sən filan əraziləri ermənilərdən qorumalısan” deyirdi.

Buna görə də o vaxtlar hərbçilər Sərdar Həmidovu “dəli” adlandırırdılar. Əslində Sərdar Həmidov çox doğru hərəkət edirdi. Bu gün Sərdar Həmidov mənimlə görüşməyə can atır, amma mən görüşmək istəmirəm.

Bu başqa məsələdir. Demək istəyirəm ki, Kəlbəcərin işğalının başlıca səbəbi səriştəsizlik oldu”.

"Kəlbəcər hər gecə yuxularımdadır"

Ziyəddin müəllim, Kəlbəcərdə keçirdiyi günləri də ürək ağrısı ilə xatırlayır.
“İndi də nəvələrimə Kəlbəcər haqqında danışıram. Övladlarım da tez-tez ailədə Kəlbəcər haqqında uzun-uzadı söhbətlər edirlər. Nəvələrimin hər birindən ayrı-ayrılıqda soruşanda ki, “haralısan?”. O dəqiqə cavab veririlər ki, “kəlbəcərliyəm”. Amma onlar Kəlbəcəri görməyiblər. Bu, çox ağrılı məsələdir. Mən Kəlbəcəri hər gecə yuxularımda görürəm. Mən Kəlbəcərdə yaxşı yaşamışam, yaxşı işləmişəm, sayılıb-seçilən ziyalılardan olmuşam. Kəlbəcərin azad olunacağına olan ümidim hələ ölməyib. Amma mənə ömrün vəfa edəcəyinə inanmıram ki, Kəlbəcəri nə vaxtsa görə biləm. Az yaşım yoxdu. Xəstəlik də bir tərəfdən... Bunu anladıqca ürəyim sızlayır. Dünyam qaralır. Amma övladlarım mütləq gedəcəklər. Kəlbəcərdə yaxşı məhləmiz olub. Övladlarım gedib oralara yenidən sahib olacaqlar. Bir vaxtlar Kəlbəcərdə pəhləvanlıq edirdim. 45 kiloqramlıq daş mənə oyuncaq kimi gəlirdi. O vaxtlar Kəlbəcərdə “Yenilik” qəzeti çıxırdı.

 Məmməd Aslan da həmin qəzetdə məsul katib idi. Onunla Kəlbəcərdə keçirdiyim günləri xatırlayanda başa düşürəm ki, o illər bir daha geri qayıtmayacaq. Rəhmətlik müğənni Nəzakət Məmmədova tez-tez Kəlbəcərə gələrdi. Həmçinin, bizim evdə də qonaq olardı. Mənim çox gözəl tarım vardı. Nəzakət xanım bizim evdə olanda mən tarda çalardım, o da oxuyardı. Yadımdadır ki, bir dəfə tarzən Ramiz Quliyev bizə gəlmişdi. Mənim tarımı görəndən sonra dedi ki, bu tardan çox xoşum gəldi, gəl, o tarı ən bahalı qiymətə mənə sat. O tarı o qədər çox sevirdim ki... Təəssüf, ermənilər tarıma da sahib çıxdılar”.


"Əgər Elçibəyə desəydilər ki..."

 “Rəhmətlik Əbülfəz Elçibəy mənim müəllimim olub. Universitetdə Yaxın Şərq tarixindən dərs deyib. Çox ağıllı, səviyyəli, ürəyi təmiz adam idi. Amma onun kadrları onu lazımınca təmin edə bilmirdilər. Kəlbəcər işğal olunandan sonra Bakıya gəldik. Əgər Elçibəyə desəydilər ki, Ziyəddin səni görmək istəyir, o böyük məmnuniyətlə məni qəbul edərdi. Çünki Elçibəylə universitetdə çoxlu xatirələrimiz var. Hətta bir dəfə mənə dedi ki Ziyəddin, sənin də başın mənim kimi qəzavü-qədərdən ayılmır”.

Ziyəddin müəllim danışdıqca, məni də qəhər basırdı. Kəlbəcər haqqında hər növbəti sualıma göz yaşları içində sadəcə bir-iki kəlmə ilə cavab verirdi. Ziyəddin müəllim içdən ağladıqca, bir jurnalist olaraq vicdan əzabı çəkirdim. Öz-özümə “onun yaralı qəlbini nə haqla qanadıram” deyə düşünürdüm. Digər tərəfdən isə “tariximiz qan yaddaşımızdır” deyib bütün daxili həyəcanımı bir kənara qoyurdum.

Hər halda, tariximizə biganə olmamalıyıq.



Ziyəddin müəllimlə söhbətə yekun vurub ailənin böyük övladı Ceyhun Nağıyevlə Kəlbəcəri xatırlamağa çalışırıq. Ceyhunun sözlərinə görə Kəlbəcər işğal olunanda o, Bakıda olub.
“Orta məktəbi Kəlbəcərdə bitirmişəm. Kəlbəcər işğal olunanda Bakıda universitetin birinci kursunda oxuyurdum. Kəlbəcərin ermənilər tərəfindən işğal olunmasını Bakıda eşitdim. Valıdeynlərim həmin gün Kəlbəcərdə idi. Onu da qeyd edim ki, Kəlbəcərin işğalı zamanı rayonu ən gec tərk edən bizim ailəmiz olub. Bizdə belə bir fikir formalaşmışdı ki, rayonu birinci tərk etsək, camaat qalmayacaq. Ona görə də mümkün qədər rayonu gec tərk etməyə çalışdıq. Kəlbəcərdə doğulub boya-başa çatmışam, oralar üçün çox darıxıram. Təsəvvür edin, uşaqlığım Kəlbəcərdə keçib, amma 21 ildir ki, o torpaqlara ayaqlarımız dəymir. Dünyanın heç bir var-dövləti vətən həsrətini ovuda bilməz. Biz Kəlbəcərin hər bir qarışı üçün darıxırıq”.

Bəli, bir kəlbəcərli ailəsinin evində qonaq oldum. Torpağın saflığını ürəklərində qoruyub saxlayan Nağıyevlər ailəsi hər şeyə rəğmən qonaqpərvərliklərini də unutmayıb. Kəlbəcərlilərlə söhbət zamanı bir daha anladım ki, onlara torpaqlarının qoxusunu duymaq kifayətdir. Yetər ki, Kəlbəcərə qayıtsınlar...




Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!