Modern.az

İsa Muğannadan Azərbaycan ədəbiyyatında nə qaldı?- Yazarlarla SORĞU

İsa Muğannadan Azərbaycan ədəbiyyatında nə qaldı?- Yazarlarla SORĞU

1 Aprel 2014, 13:31


Ötən gecə Azərbaycan ədəbiyyatının, milli nəsrin ən böyük simalarından olan xalq yazıçısı İsa Muğanna 86 yaşında dünyasını dəyişdi. Bədii nəsrində bir çox yeniliklərə imza atan mərhum yazıçının əsərləri bütün tənqid meyarlarının fövqündə dayana bildi. İsa Muğannadan Azərbaycan ədəbiyyatında nə qaldı?

Yazarlar Modern.az-ın sorğusuna cavab verir.

Vaqif Bayatlı Odər: “İsa Muğannadan orijinallıq, sərhədləri aşmaq bacarığı qaldı. Bəlkə də onun dediklərinin hamısı həyata keçən deyildi. Amma o çərçivələri,  sərhədləri aşırdı. Özü də çox böyük cəsarətlə. İsa Muğannanı yüksək mərtəbəyə çatdıran da elə bu oldu”.

Zakir Fəxri: “Azərbaycan nəsr sənəti məhz İsa Muğannadan başlayır. Onun nəsri Azərbaycan ədəbiyyatı üçün ən böyük töhfə olub. Səhv etmirəmsə,  Çingiz Aytmatovdan qabaq “Lenin” mükafatına onu təqdim ediblər. Həqiqətən də böyük söz ustası, Azərbaycan ədəbiyyatının qəlbilərindən idi”.

Əsəd Cahangir: “İsa Muğannadan Azərbaycan ədəbiyyatına onlarla povest, roman və ən başlıcası “İdeal” kimi bir əsər qaldı. İstər dünya, istərsə də Azərbaycan ədəbiyyatında yazılan əsərlərdə ölümdən bəhs olunur. Amma İsa Muğannanın bu əsərində isə ilk dəfə olaraq ölümsüzlükdən bəhs olunur. İsa Muğanna bizə ölməz olduğumuzu öyrətdi. İsa Muğanna bizə ideal göstərdi. O göstərdi ki, idealsız,  işıqsız, əqidəsiz bir millət, toplum məhvə məhkumdur. O, göstərdi ki, bəşərin xilasının yolu inancda əqidə və idealdadır. Onların ardıyca qaçmaqdadır. Onun ideyaları toplum arasında lazımı dərəcədə yayılsa bu insanların mənəvi-psixoloji baxımdan xilası demək olardı. Bu Qarabağın alınması demək olardı. Onun evində bir neçə dəfə olub canlı söhbətlər etmişəm. Bu halda da deyə bilərəm ki,  şəxsən mənə İsa Muğannadan şirin xatirə və sazı köksünə basaraq özünün bəstələdiyi Odər havası qaldı”.

Nəriman Əbdürrəhmanlı: “İsa Muğanna bütövlükdə Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından biridir. Fiziki yoxluğundan sonra da belə olacaq. Vaxtında onun əsərləri, ən azı povestləri dünya dillərinə çevrilsəydi, ən azı Çingiz Aytmatov qədər məşhur olardı. Bədii sözə İsa Muğanna qədər hakim olan yazıçı o qədər də çox deyil. Təəssüflər ki, sağlığında onu dünyaya layiqincə təqdim eləyə bilmədik”.

 

Cəlil Cavanşir:İsa Hüseynov Azərbaycan ədəbiyyatının ən nəhəng və dünya miqyaslı nümayəndəsidir. Onun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatında yeni nəfəs, yeni mərhələ hesab edilməlidir. Xüsusilə "Məhşər" və "İdeal" romanları əvəzsiz nümunələrdir. Son yüz ildə Azərbaycan ədəbiyyatında İsa Hüseynov qədər istedadlı və intellektual nasir yetişməyib. Dünyaya təqdim edə biləcəyimiz, çəkinmədən "Azərbaycan yazıçısı" deyə biləcəyimiz nadir istedad sahibi idi. Mən əminəm ki, onun əsərləri hələ uzun müddət öz aktuallığını itirməyəcək. O heç kəsə bənzəmirdi və heç kəsi təqlid etmirdi. Onun qeyri-adi mətn duyumu, mətnə yanaşması vardı. Həvəslə oxuduğum, öyrəndiyim, ustad hesab etdiyim böyük nasirdir. Əfsus ki, layiq olduğu qiyməti ala bilmədi. Kifayət qədər təbliğ olunmasa da, dünya miqyaslı bir qələm adamı idi. Onun yaradıcılığını hər zaman heyrətlə və sevgiylə izləmişəm”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir